CƏMİYYƏT
Qəhrəman övladlarımızın təbliğinə yönələn layihə
Bakı, 31 iyul (AZƏRTAC). Gəncə şəhərində “Milli Qəhrəmanların təbliğində media mütəşəkkilliyi: mövcud durum və perspektiv vəzifələr” mövzusunda “dəyirmi masa” keçirilib.
“RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə reallaşdırdığı “Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili” layihəsi çərçivəsində baş tutan tədbirdə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının rəhbər şəxsləri, yerli kütləvi informasiya vasitələrinin, o cümlədən internet media resurslarının təmsilçiləri, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
“RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “dəyirmi masa”nı giriş sözü ilə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev açaraq qədim və zəngin ənənələrə malik Gəncə şəhərinin həmişə özünün qəhrəmanlıq salnaməsi ilə örnək olduğunu bildirib. Diqqətə çatdırıb ki, müxtəlif dövrlərdə yadelli hücumlarına məruz qalan şəhər mətinlik və mübarizlik nümunəsi göstərib. Qəhrəmanlıq tarixinin yaşadılması isə son dərəcə mühüm vəzifə kimi müəyyənləşdirilib. Gəncə şəhər rəhbərliyi də fəaliyyətində buna üstünlük verir. Gəncədə torpaqlarımızın bütövlüyü uğrunda şəhid və əlil olmuş insanların ailə üzvlərinin qayğı ilə əhatə olunmasına xüsusi diqqət yetirilir. Bundan əlavə, şəhidlərin və Milli Qəhrəmanların xatirələrinin əbədiləşdirilməsinə ciddi önəm verilir. Gəncədə 200-dək küçəyə şəhidlərin adı verilib. Şəhərin Şəhidlər xiyabanı yenidən qurulub. Orada abidə kompleksi ucaldılıb. Məzarı Gəncənin Şəhidlər xiyabanında olan 369 şəhidin 5-i Azərbaycanın Milli Qəhrəmanıdır.
“RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru, “Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili” layihəsinin rəhbəri Əvəz Rüstəmov tədbirdə layihə barədə məlumat verib. Bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə gerçəkləşdirilməkdə olan layihə 2014-cü ilin iyul-dekabr aylarını əhatə edir.
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının ideologiya şöbəsinin müdiri Hüseyn Budaqov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəhrəman övladlarımızın təbliğinə yönələn layihəyə dəstək verməsini yüksək qiymətləndirib.
Tədbirdə digər çıxış edənlər də cəmiyyətdə hərbi vətənpərvərlik hisslərinin təbliğinə həmişə böyük ehtiyacın duyulduğunu qeyd edərək bildiriblər ki, mövcud prosesdə medianın üzərinə böyük missiya düşür. Bu baxımdan media peşəkarlığının aspektlərinə nəzər salınıb, müxtəlif situasiyalar təhlil olunub.
“Dəyirmi masa”da Gəncə Şəhər İcra Hakimiyyətinin yeni nəşri olan “Gəncə şəhərinin hərb tarixi və şəhidləri” kitabı ətrafında da müzakirələr aparılıb. Kitabın yeni nüsxələrinin də çap ediləcəyi, ümumən Gəncə şəhərinin qəhrəmanlıq tarixi ilə bağlı yeni nəşrlərin hazırlanacağı vurğulanıb.
Sonda tədbir iştirakçıları Gəncə Şəhidlər xiyabanını ziyarət ediblər.