CƏMİYYƏT
“Qəhrəmanlıq nümunəsi” layihəsi Vətən torpağı uğrunda döyüşlərdə görmə qabiliyyətini itirənlərə həsr olunub
![](/files/galleryphoto/2022/1/1200x630/164622175299815609_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/1646221752167015224_1200x630.jpg)
Bakı, 2 mart, AZƏRTAC
Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi ötən aydan başlayaraq Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qəhrəmanlıq nümunəsi” layihəsinin həyata keçirilməsinə başlayıb.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, layihənin əsas məqsədi Qarabağın azadlığı uğrunda döyüşlər zamanı görmə qabiliyyətini itirmiş şəxslərin ictimaiyyətə tanıdılması və onların nümayiş etdirdikləri vətənpərvərlik və qəhrəmanlıq nümunəsinin yeniyetmə və gənclərə çatdırılmasından ibarətdir.
Layihə çərçivəsində torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlər zamanı görmə qabiliyyətini itirənlər və onların ailə üzvləri ilə görüş keçirilib. Görüşdə onların keçdikləri döyüş yolu, nümayiş etdirdikləri şücaət və qəhrəmanlıq nümunələri xatırlanıb. Həmçinin Vətən torpağının azadlığı uğrunda döyüşlərdə sağlamlıqlarını itirən şəxslərin cəmiyyətə adaptasiya, inteqrasiya və abilitasiya sahəsində üzləşdikləri problemlər öyrənilərək onlara yardım göstərilməsi də layihənin əsas məqsədlərindən biridir.
Həmin döyüşlərin iştirakçıları haqqında “Qəhrəmanlıq nümunəsi” kitabçasının hazırlanması, kitabın görmə əlilliyi olanlar üçün Brayl əlifbası ilə və audioformatda buraxılması da nəzərdə tutulub.
Layihə 6 ay müddətində icra ediləcək.