REGİONLAR
Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri gücləndirilib
Bakı, 14 oktyabr, AZƏRTAC
Qəhvəyi mərmər bağacığının qışlama mərhələsinə keçidi ilə əlaqədar zərərvericinin yetkin fərdlərinin sayının nisbətən daha çox müşahidə edildiyi nəzərə alınaraq, bu istiqamətdə mübarizə tədbirləri gücləndirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəhvəyi mərmər bağacığı son illər əsasən fındıq bağlarının təhlükəli zərərvericilərindən hesab edilir. Məhsudarlığa ciddi ziyan vura bilir. Polifaq zərərvericidir, onun qidalandığı təxminən 300-dən çox fərqli bitki var. Zərərverici inkişafı və yayılması üçün əlverişli şərait yarandıqda sürətlə çoxalır. Dişi fərdlər hər birində 25-30 ədəd olmaqla topa şəklində yarpağın alt səthinə yumurta qoyur. Bir dişi fərdi 300-ə qədər yumurta qoya bilir. Qəhvəyi mərmər bağacığı həm yetkin, həm də sürfə mərhələsində qida bitkisinin meyvələri, cavan budaqları və yarpaqlarının şirəsini sormaqla qidalanır. Bunun nəticəsində də meyvələrdə müxtəlif zərərlər əmələ gəlir. Sitrus meyvələri, xurma və üzümdə meyvələr yetişmədən tökülür. Qərzəkli bitkilərdə, əsasən də fındıqda meyvələri yetişmə mərhələsində zədələyir və ləpə inkişafdan qalır.
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən cari ilin əvvəlindən respublikanın müxtəlif bölgələrində karantin zərərverici olan qəhvəyi mərmər bağacığına qarşı mübarizə məqsədilə feromon tələlər quraşdırılıb, monitorinqlər və kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Ölkə üzrə carı ilin mart ayının 1-dən (zərərvericinin yetkin fərdlərinin qışlama yerlərindən çıxışı) oktyabrın 7-dək monitorinq məqsədi ilə 52 rayonda 15208 ədəd feromon tələ quraşdırılıb. Respublikada zərərvericinin daha çox müşahidə olunduğu rayonlar Şimal-qərb bölgəsi üzrə Balakən, Zaqatala, Qax və Şəki, Qərb bölgəsi üzrə Ağstafa, Qazax və Göygöl olub.
Monitorinqlər nəticəsində zərərverici aşkarlanmış yerlərdə kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Hazırda inkişafının qışlama fazasına keçidi ilə əlaqədar zərərvericinin yetkin fərdlərinin sayının nisbətən daha çox müşahidə edildiyini nəzərə alaraq mübarizə tədbirləri gücləndirilib. Gücləndirilmiş mübarizə tədbirləri nəticəsində zərərverici məhv edilir.
Ölkənin bütün bölgələrində monitorinqlər davam etdirilir və sirayətlənmə müşahidə edildikdə mexaniki və kimyəvi mübarizə tədbirləri həyata keçirilir.
Bölgələrdə monitorinqlər və mübarizə tədbirləri davam etdirilir.