İsmayıllıda kənd təsərrüfatının inkişafı üçün yeni hədəflər müəyyənləşdirilir
İsmayıllı, 4 iyun, AZƏRTAC
İsmayıllı rayonunda fermerlər, sahibkarlar və kənd təsərrüfatı sahəsində çalışan mütəxəssislərlə görüş təşkil olunub.
AZƏRTAC xəbər verir ki, görüşdə aqrar sektorun inkişaf perspektivləri, kənd təsərrüfatında məhsuldarlığın artırılması, innovativ texnologiyaların tətbiqi, su ehtiyatlarından səmərəli və qənaətli istifadə, eləcə də fermerlərə göstərilən dövlət dəstəyi mexanizmləri ətrafında geniş müzakirələr aparılıb.
Çıxışlarda vurğulanıb ki, Prezident İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Bu siyasətin nəticəsi olaraq ölkədə kənd təsərrüfatının dayanıqlı inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və regionların sosial-iqtisadi tərəqqisi istiqamətində mühüm nailiyyətlər əldə olunub.
Tədbir çərçivəsində fermer və sahibkarların təklifləri dinlənilib, onları narahat edən məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Qaldırılan problemlərin həlli və səsləndirilən təkliflərin reallaşdırılması istiqamətində aidiyyəti qurumlarla birgə zəruri tədbirlərin görüləcəyi bildirilib.
Sonda kənd təsərrüfatının inkişafı ilə bağlı qarşıdakı dövr üçün əsas hədəflər və vəzifələr müəyyənləşdirilib, iştirakçılara fəaliyyətlərinin daha da səmərəli təşkili ilə bağlı müvafiq tövsiyələr verilib.
Müxbir - Rəşad Türkoğlu