REGİONLAR
“Qələbələr diyarı Azərbaycan” adlı görüşdə ölkəmizin nailiyyətlərindən bəhs edilib
İmişli, 12 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının təşəbbüsü ilə “Qələbələr diyarı Azərbaycan” adlı tədbir keçirilib. Toplantıda YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev partiya fəalları və gənclər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir YAP İmişli rayon təşkilatının binasında keçirilib. Çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev Praqada təşkil olunan və 5 saatdan artıq davam edən görüşdə ölkəmizin mövqeyinin prinsipial olaraq təmin olunmasından, Azərbaycana təzyiq göstərilməsi cəhdlərinin qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edən Prezident İlham Əliyevin peşəkar diplomatiyasından danışıb. Həmçinin Praqadakı yüksək səviyyəli görüşün Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsi ilə başa çatdığı vurğulanıb.
Tədbirdə çıxış edən “Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəis müavini, YAP fəalı Saleh Səmədov Praqa görüşündə ölkəmizin əldə etdiyi nailiyyətlərdən söhbət açıb. Bildirilib ki, görüş zamanı iki dövlət arasında sərhədlərin delimitasiyası barədə razılıq əldə olunması Azərbaycanın növbəti uğuru sayılır.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi ilə bağlı təşkil olunacaq yarışlarda iştirak edəcək idmançılara formalar təqdim olunub.