CƏMİYYƏT
“Qərbdən Şərqə nifrət nitqinə yox” regional kampaniyası iştirakçılarının Azərbaycandakı görüşü başa çatıb
![“Qərbdən Şərqə nifrət nitqinə yox” regional kampaniyası iştirakçılarının Azərbaycandakı görüşü başa çatıb](/files/2014/2/1200x630/1408712520596116072_1200x630.jpg)
Bakı, 31 iyul (AZƏRTAC). Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və Avropa Şurasının dəstəyi ilə təşkil olunan “Qərbdən Şərqə nifrət nitqinə yox” regional kampaniyası iştirakçılarının ölkəmizdəki görüşü başa çatıb.
Şuradan AZƏRTAC-a bildiriblər ki, tədbirin məqsədi ARGTMŞ-nin rəhbərliyi ilə Şərqi Avropa regionuna daxil olan ölkələrin Milli şuraları və “Nifrət nitqinə yox hərəkatı” kampaniyasının əlaqələndiriciləri arasında əməkdaşlığın qurulması və gücləndirilməsidir. Həmçinin bu bölgə üzrə kampaniyanın fəaliyyət planında nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsidir.
Görüşdə Gürcüstan, Rusiya, Ukrayna, Belarus və Moldovanın gənclərlə bağlı fəaliyyət göstərən dövlət qurumlarının rəsmiləri, “Nifrət nitqinə yox hərəkatı” kampaniyasının milli səviyyədə əlaqələndiriciləri və Milli şuraların rəsmiləri iştirak ediblər.
Tədbir ümumi iclas ilə başlanıb. İclasda çıxış edən ARGTMŞ-nin baş katibi Seymur Hüseynov iştirakçılara ölkəmizdə həyata keçirilən gənclər siyasəti, eləcə də Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun yerli və xarici gənclər üçün yaratdığı imkanlarla bağlı məlumat verib. Azərbaycan hökumətinin bu kampaniyanın həyata keçirilməsinə fəal dəstək verdiyini vurğulayan S.Hüseynov Gənclər Fondunun qrant müsabiqəsində “Nifrət nitqi” ilə mübarizənin prioritet istiqamət kimi qeyd olunduğunu bildirib.
Görüşdə Azərbaycanda indiyədək “Nifrət nitqinə yox hərəkatı” çərçivəsində görülən işlərlə bağlı məlumat verilib və videoçarxlar nümayiş etdirilib.
Daha sonra iştirakçılar təmsil etdikləri ölkələrdə kampaniya ilə bağlı həyata keçirilən tədbirlərlə bağlı təqdimatları diqqətə çatdırıblar.
Görüş Avropa Şurasının Gənclər Departamentinin məsul əməkdaşı Marina Filaretova tərəfindən aparılan qrup işləri ilə davam edib.
Tədbir çərçivəsində iştirakçılar 2016-cı il Avropa Gənclər Paytaxtı seçilmiş Gəncədə və Şəmkirdə olublar. Onlar “Avropa Gənclər Paytaxtı-2016”-nın təşkilat komitəsi, şəhərin gənclər təşkilatlarının və bir sıra dövlət qurumlarının nümayəndələri ilə görüşüblər. İştirakçılar Gəncənin infrastrukturu, yeni istifadəyə verilmiş Gənclər Mərkəzi və Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Şəmkirə səfər zamanı qonaqlar Gənclər Mərkəzi ilə tanış olublar. Burada iştirakçılara gənclər üçün yaradılan imkanlar, onların inkişafı, fəallıqlarının artırılması istiqamətində görülən işlər barədə məlumat verilib. Qonaqlar Azərbaycanın qədim tarixi və milli mənəvi dəyərləri ilə də tanış olmaq imkanı əldə ediblər.
“Nifrət nitqinə yox hərəkatı” Avropa Şurası tərəfindən həyata keçirilir və bu quruma üzv olan ölkələrdə təşkil edilən kampaniyalara əsaslanır. Bu, 2012-2014-cü illər üzrə həyata keçirilən “Gənclərin nifrət nitqinə qarşı onlayn mübarizəsi” layihəsinin bir hissəsidir. ARGTMŞ “Nifrət nitqinə yox hərəkatı”nın Azərbaycan üzrə əlaqələndiricisidir.
Kampaniyanın ən böyük tədbiri - “Nifrət nitqinə yox” Forumu Azərbaycanın Avropa Şurasında sədrliyi çərçivəsində ARGTMŞ, Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi və Avropa Şurası tərəfindən oktyabrın 1-dən 5-dək Qəbələdə təşkil olunacaq. Tədbirdə Azərbaycan hökumətinin və Avropa Şurasının yüksək vəzifəli şəxsləri, ümumilikdə 50 ölkədən, o cümlədən Avropanın 47 ölkəsindən 250-yə yaxın gənc iştirak edəcək.