DÜNYA
Qətər Dövləti Almaniyaya nota verib

Qahirə, 28 oktyabr, AZƏRTAC
Qətər Dövlətinin Xarici İşlər Nazirliyi Almaniya Federativ Respublikasının (AFR) bu ölkədəki səfiri Klaudius Fişbaxı nazirliyə dəvət edərək ona rəsmi Berlinin insan hüquqlarının pozulması bəyanatlarını tamamilə rədd etdiyini bildirib və alman diplomata müvafiq nota təqdim edib.
AZƏRTAC Qatar İnformasiya Agentliyinə (QNA) istinadla xəbər verir ki, notanı səfirə təqdim edən Qətər XİN-in baş katibi Əhməd bin Həsən Əl Həmmədi AFR-in daxili işlər naziri Nensi Faezerin futbol üzrə dünya çempionatı ərəfəsində Dohanın ünvanına səsləndirdiyi miqrantların hüquqlarının pozulması barədə fikirlərlə bağlı açıqlama tələb edib.
Rəsmi Doha qeyd edib ki, idman obyektlərinin tikintisində işləyən miqrantların hüquqlarının pozulması iddiaları tamamilə əsassızdır və BMT Qətər Dövlətinin əmək hüquqlarının təmin edilməsi sahəsində apardığı islahatları yüksək qiymətləndirib.
Qətər XİN-in sözçüsü Məcid bin Məhəmməd Əl-Ənsari də alman nazirin bəyanatlarının qəbuledilməz olduğunu bildirib və onu təxribat xarakterli adlandırıb. O əlavə edib ki, Qətər Dövləti dünya çempionatına ev sahibliyi etmək imkanı əldə etdikdən sonra heç bir ev sahibi ölkənin məruz qalmadığı və misli görünməmiş qaralama kampaniyasına məruz qalıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə