CƏMİYYƏT
Qida Təhlükəsizliyi İnstitutunda “Açıq qapı” günü keçirilib
![](/files/galleryphoto/2019/3/1200x630/15743314441088625656_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/15743314442076422666_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/15743314445221444746_1200x630.jpg)
Bakı, 21 noyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi İnstitutunda vətəndaşlar üçün “Açıq qapı” günü keçirilib. Görüşdə əvvəlcədən qeydiyyatdan keçmiş vətəndaşlar, həmçinin KİV nümayəndələri iştirak ediblər.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, institutun İdarə Heyətinin sədr müavini Camal Quliyev “Açıq qapı” gününün keçirilməsində məqsədin vətəndaşlara institutun fəaliyyət istiqamətləri, laboratoriyalarda idxal, ixrac və ölkədə istehsal olunan qida məhsullarının təhlükəsizlik, keyfiyyət göstəriciləri üzrə aparılan müayinə və analizlər barədə ətraflı məlumat verməkdən ibarət olduğunu bildirib.
Qeyd olunub ki, qida təhlükəsizliyinin təmin edilməsində vətəndaşların aktiv iştirakını həyata keçirmək üçün onların maarifləndirilməsi vacibdir. “Açıq qapı” gününün təşkili də həmin tədbirlərdən biridir.
Vətəndaşlara məlumat verilib ki, institutun bazasında Bakıda və regionlarda ən müasir tələblərə cavab verən laboratoriyalar yaradılıb. Seçilmiş yüksək potensiala malik kadrlar təlimə cəlb edilərək laboratoriyalarda müvafiq işlə təmin olunublar. Laboratoriyalarda müayinələr beynəlxalq standartlara uyğun və müasir metodlarla aparılır. Həmçinin qeyd olunub ki, laboratoriyalarda yaradılan imkanlar Azərbaycanda əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi ilə yanaşı, qida məhsullarının ixrac imkanlarının genişlənməsinə də şərait yaradır.
Görüşdə iştirakçılara Qida Təhlükəsizliyi Agentliyinin 1003 - Çağrı Mərkəzinə daxil olan vətəndaş müraciətləri, sahibkarlarla əməkdaşlıq, institutda aparılan elmi araşdırmalar, keçirilən təlimlər barədə də məlumat verilib. Vətəndaşlar laboratoriyalarda aparılan müayinələri əyani şəkildə və yerindəcə müşahidə ediblər. Görüş çərçivəsində vətəndaşları maraqlandıran suallar ətraflı cavablandırılıb.