QAN YADDAŞI
“QIRĞIZISTAN-AZƏRBAYCAN GƏNCLƏR TƏŞKİLATI” “TÜRKEL” QƏZETİ İLƏ BİRGƏ 20 YANVAR FACİƏSİNİN TƏBLİĞİ HAQQINDA MÜZAKİRƏLƏR APARMIŞLAR
Bişkek, 16 yanvar (AZƏRTAC). Bişkekdə fəaliyyət göstərən “Qırğızıstan-Azərbaycan Gənclər Təşkilatı” burada çap edilən “Türkel” qəzeti ilə birgə 20 Yanvar faciəsi ilə əlaqədar təbliğat işlərinin genişləndirilməsini müzakirə etmişlər.
Gənclər təşkilatının sədri Lalə Abdullayeva bildirmişdir ki, quruma qoşulan gənclərin sayı durmadan artır. Onların sırasında azərbaycanlı, türk, qırğız və digər millətlərin nümayəndələri də vardır. Bildirilmişdir ki, təşkilat tərəfindən Azərbaycan həqiqətlərinin, o cümlədən 20 Yanvar, Xocalı faciələri ilə bağlı təbliğat işlərinin genişləndirilməsi, mətbuat orqanlarında bu barədə materialların verilməsi istiqamətində fəaliyyətin dərinləşdirilməsi qərara alınmışdır.
Bişkekdə Azərbaycan, türk, qırğız və rus dillərində çap olunan “Türkel” qəzetinin baş redaktoru Ramiz Məşədihəsənli və redaktor Hökumə Xəlilova Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən 20 Yanvar şəhidlərinin hər cür hörmətə layiq olduqlarını bildirmiş, o müdhiş gecədə sovet qoşunlarının Bakıda törətdiyi faciədən danışmış, Mixail Qarbaçov başda olmaqla, keçmiş SSRİ rəhbərlərinin imperialist siyasətini pisləmişlər.
Görüşdə ayda bir dəfə belə tədbirlərin keçirilməsi və burada Azərbaycan tarixi, mədəniyyəti, milli dəyərləri və adət-ənənələrimiz barədə fikir mübadiləsi aparılması, bu barədə məlumatların mətbuatda müntəzəm verilməsi qərara alınmışdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek