İQTİSADİYYAT
“Qoşadaş” sahəsi üzrə seysmik kəşfiyyat işləri yerinə yetirilib
Bakı, 30 iyun, AZƏRTAC
SOCAR-ın Geofizika və Geologiya İdarəsinin Kəşfiyyatgeofizika İstehsalat Bölümünün Dəniz seysmik ekspedisiyası tərəfindən “Şimali Abşeron” Azərbaycan neftli-qazlı rayonunun (ANQR) “Qoşadaş” sahəsində Mezokaynozoy çöküntülərinin geoloji quruluşunun öyrənilməsi, kollektorların yayılma arealının proqnozlaşdırılması məqsədilə aparılan üçölçülü (3D) seysmik kəşfiyyat işləri başa çatdırılıb.
SOCAR-dan AZƏRTAC-a verilən məlumata görə, “Qoşadaş” sahəsində ümumilikdə 150 kvadratkilometr sahədə üçölçülü seysmik kəşfiyyat işləri yerinə yetirilib. Dənizdə seysmik kəşfiyyat işləri “Aram Aries” tipli seysmik stansiya, ona aid dənizdibi qəbuledici sistemləri, ümumi həcmi 19l olan “Sleeve Gun” tipli hava topları, “Gator” və “HYDRO” yertəyinetmə inteqral naviqasiya sistemləri, “Geofizik-1”, “Geofizik-3” elmi-tədqiqat, “Aura” yedək gəmiləri və “Arya” tipli qayıqlarla aparılıb.
Dəniz işləri yekunlaşdırıldıqdan sonra seysmik cihaz və avadanlıqlar dənizin dibindən yığılıb, əvvəlcə gəminin göyərtəsində yoxlanılıb, çeşidlənib və daimi dislokasiya yerinə - Kəşfiyyatgeofizika İstehsalat Bölümünün anbarına daşınıb. İşlənilmiş seysmik məlumatların yekun qəbulu keçirildikdən sonra emal üçün Kəşfiyyatgeofizika İstehsalat Bölümünün Geofiziki materialların emal və interpretasiyası ekspedisiyasında emal işlərinə başlanılıb. Emal işləri zamanı ilk növbədə seysmik məlumatlar çeşidlənib, ayrı-ayrı seysmoqramlar üzrə seysmik trasslar yoxlanılıb və seysmoqramların keyfiyyəti qiymətləndirilib. Seysmoqramlarda müşahidə olunan fon dalğalarını yox etmək məqsədilə ilkin süzgəcləmə işləri yerinə yetirilib. Bundan sonra emal qrafının seçilməsi üçün testləmə işləri aparılıb.
Hazırda seysmik məlumatların emalı “ProMax” sisteminin tətbiqi ilə iki mərhələdə yerinə yetirilir və yekunlaşmaq üzrədir. Emal işləri başa çatdıqdan sonra seysmik məlumatların interpretasiyasına başlanacaq və üçüncü rübün əvvəllərində yekun hesabatın sifarişçi təşkilata -”Azneft” İstehsalat Birliyinə təhvil verilməsi gözlənilir.