REGİONLAR
Qubada institutun təcrübə sahəsindən 300-ə yaxın ting oğurlayan şəxs saxlanılıb VİDEO
Quba, 3 aprel, Elxan Yusifli, AZƏRTAC
Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun təcrübə sahəsindən 300-ə yaxın gilas, heyva, badam və şaftalı tingini oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Quba rayonunun Barlı kənd sakini, 33 yaşlı Xəyyam Mirişov saxlanılaraq polis şöbəsinə gətirilib.
Dindirilmə zamanı X.Mirişov törətdiyi əməli etiraf edərək, tingləri bağ sahəsində əkib-becərmək üçün oğurladığını bildirib. Oğurlanan tinglər maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülərək təcrübə bazasına təhvil verilib.
Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.