CƏMİYYƏT
Qubada keçirilən regional təlimdə uşaq əməyinin istismarının qarşısının alınması müzakirə edilib
Quba, 31 iyul (AZƏRTAC, Elxan Yusifli). Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Uşaq əməyinin istismarının qarşısının alınması sahəsində birgə Tədbirlər Planı”na uyğun olaraq regional təlimlərə başlanılıb.
AZƏRTAC xəbər verir ki, ilk belə tədbir Quba şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib.
Regional təlimdə Quba ilə yanaşı, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonları üzrə əmək müfəttişləri, polis inspektorları, icra hakimiyyəti orqanlarının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarının əməkdaşları, həmçinin psixoloqlar iştirak ediblər.
Təlimdə uşaq əməyinin istismarı ilə mübarizədə beynəlxalq konvensiyalar, ölkə qanunvericiliyi barədə məlumatlar verilib, problemin aradan qaldırılması istiqamətində beynəlxalq təcrübə iştirakçıların diqqətinə çatdırılıb.
Bildirilib ki, uşaq əməyinin istismar edilməsi uşaqların psixi və fiziki sağlamlığına mənfi təsir edir, onların normal inkişafı və təhsilinə maneəçilik yaradır. Uşaq əməyinə qarşı mübarizə aparılması daim diqqət mərkəzində dayanan məsələlərdəndir. Azərbaycanda bu sahədə qanunvericilik bazası gücləndirilib və mühüm tədbirlər görülür.
Bu mövzuda təlimlər ölkəmizin digər regionlarında da keçiriləcək.