Qusar etüdləri Bakıda sərgilənir
Bakı, 18 may, AZƏRTAC
Xətai Sənət Mərkəzində “Vətənin tərənnümü” silsiləsindən Qusar etüd plenerinin “Etüddən gəlirəm” adlı sərgisi açılıb.
Sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov çıxış edərək sərginin əhəmiyyətindən danışıb, etüd haqqında fikirlərini bölüşüb.
Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Xalq Rəssamı Qəyyur Yunis və rəssam Rafael Əlizadə sərgi haqqında məlumat verib, nümayiş edilən əsərlərin məna və məzmun baxımından mükəmməlliyindən danışıblar .
Qeyd edilib ki, sərgi doğma vətənin gözəllikləri, maddi və mənəvi sərvətlərini öz duyğu və düşüncələri ilə tabloya köçürən rəssamların yaradıcılıq imkanlarını genişləndirmək, onların təbiətə çıxışını təmin etmək, etüdə olan marağı stimullaşdırmaq məqsədi daşıyır.
İki gün davam edəcək sərgidə 36 rəssamın plener zamanı ərsəyə gətirdiyi 80-dək sənət əsəri nümayiş olunur.