Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq
Bakı, 10 avqust, AZƏRTAC
Rəqəmsal texnologiyaların inkişafı səhiyyə sektorunda da yeni yanaşmaların formalaşmasına səbəb olur. Bu istiqamətdə Azərbaycanda həyata keçirilən innovativ təşəbbüslərdən biri də “E-Tibb” MMC tərəfindən yaradılan rəqəmsal səhiyyə həlləridir. Şirkətin tərkibində fəaliyyət göstərən “iCheck Medical” platforması pasiyentlərin doğru ixtisaslı həkimə daha sürətli və sistemli şəkildə yönləndirilməsini, onlayn konsultasiya və tibbi məlumatların rəqəmsal idarə olunmasını təmin edir. Layihə səhiyyə xidmətlərinin daha əlçatan, planlı və data əsaslı modelə keçməsinə töhfə verməyi hədəfləyir. Layihə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) startap şəhadətnaməsini alıb. Platformanın yaranma ideyası, rəqəmsal səhiyyənin inkişaf istiqamətləri və gələcək planlar barədə “E-Tibb” MMC-nin təsisçisi Leyla Orucova AZƏRTAC-ın suallarını cavablandırıb.
- “E-Tibb” MMC yaradılarkən Azərbaycan səhiyyə sistemində hansı ehtiyaclar və prioritetlər əsas götürüldü və bu ehtiyaclara cavab vermək üçün hansı rəqəmsal həllərin tətbiqi məqsədəuyğun hesab edildi?
- Uzun müddətdir sağlamlıqla bağlı böyük bir “Facebook” qrupunu idarə edirik və hər gün minimum 70 müraciət alırıq. İnsanlar yazır: “Başım ağrıyır, hansı həkimə gedim?”, “Mənə yaxşı nevroloq məsləhət görün”, “Bu simptom üçün hansı ixtisasa müraciət etməliyəm?”. Pasiyentlər “Google”da axtarır, “ChatGPT”dən soruşur, qohumdan, qonşudan məsləhət alır. Bunun əsas səbəblərindən biri Azərbaycanda hələ tam formalaşmış ailə həkimi mədəniyyətinin olmamasıdır. Yəni pasiyentin ilk müraciət edəcəyi, onu sistemli şəkildə yönləndirəcək sabit tibbi nöqtə yoxdur.
Mən özüm həkiməm və tələbə olduğum dövrdə sığorta şirkətinin Çağrı mərkəzində çalışmışam. Hər gün onlarla zəng qəbul edirdim və müraciətləri beynimdə qruplaşdırırdım - simptomlara, risk qruplarına və təcililik dərəcəsinə görə. O zaman anladım ki, bu suallar təsadüfi deyil, sistemli həll tələb edir. “E-Tibb” MMC-nin daxilində fəaliyyət göstərən “iCheck Medical” məhz bu ehtiyacdan yarandı. Məqsədimiz odur ki, insanın ağlına sağlamlıqla bağlı sual gələn kimi, necə ki yemək sifarişi üçün “Wolt” açır, eyni şəkildə “iCheck” açsın - doğru istiqamət, doğru ixtisas və strukturlaşdırılmış tibbi qərar üçün.
- Elektron səhiyyə sistemlərinin tətbiqi həkim-pasiyent münasibətlərini real olaraq necə dəyişib və bu dəyişikliklər daha çox hansı mərhələdə hiss olunur?
- Elektron səhiyyə sistemləri həkim-pasiyent münasibətlərini daha sürətli və daha planlı edib. “iCheck” tətbiqində pasiyent analizlərini və tibbi sənədlərini həkim qəbuluna yazılarkən sistemə yükləyir. Bu o deməkdir ki, həkim konsultasiyadan əvvəl məlumatlarla tanış olur və görüş artıq “haradan başlayaq?” mərhələsi ilə deyil, konkret tibbi müzakirə ilə başlayır. Onlayn konsultasiyalar isə növbə problemini əhəmiyyətli dərəcədə azaldır. Pasiyent evdən çıxmadan həkimlə əlaqə saxlayır, region-paytaxt fərqi minimuma enir və vaxt itkisi azalır. Rəqəmsal qeydiyyat sayəsində qəbul saatları daha sistemli planlanır, canlı növbələr azalır və proses daha proqnozlaşdırılan olur. Nəticədə münasibətlər xaotik və təsadüfi modeldən planlı və effektiv modelə keçir.
- İcbari tibbi sığorta mexanizminin rəqəmsallaşdırılmasında “E-Tibb” MMC hansı kritik rol oynayır və bu prosesdə qarşılaşdığınız əsas texniki və institusional çətinliklər nələr olub?
- Tibbi sığorta sektorunda karyerama ən kiçik operativ mövqelərdən başlamış və tibbi sığorta hadisələrin idarə olunmasına qədər bütün mərhələlərdə çalışmış biri kimi əminliklə deyə bilərəm ki, icbari tibbi sığortanın mərkəzində ilk növbədə vətəndaş dayanmalıdır. Sistem nə qədər texnoloji və strukturlaşdırılmış olsa da, onun əsas məqsədi xidmət göstərdiyimiz əhalinin etibarını qazanmaqdır. Çünki sığorta mexanizmi yalnız hüquqi və maliyyə aləti deyil - bu, sosial etimad müqaviləsidir. İnamın artırılması iki əsas istiqamətdə formalaşır:
Həkimə inam - pasiyent bilməlidir ki, onun müraciəti obyektiv, peşəkar və şəffaf şəkildə idarə olunur.
Sistemə inam - göstərilən xidmətin qeydiyyatı, təsdiqi və maliyyələşməsi aydın və izlənilə biləndir.
Rəqəmsallaşdırma məhz bu şəffaflığı təmin edir. Hər xidmətin sistemdə görünməsi, proseslərin izlənə bilməsi və məlumatların analitik əsasda idarə olunması vətəndaşla dövlət arasında etimad körpüsünü gücləndirir.
“iCheck Medical” app-ın əsas çətinliklərdən biri dəyişiklik mədəniyyətidir. Səhiyyə sistemində illərlə formalaşmış, artıq oturuşmuş yanaşmalar və iş prinsipləri mövcuddur. Bu modellər müəyyən dövrdə effektiv olub və insanlarda təhlükəsizlik hissi yaradıb. Lakin rəqəmsal transformasiya yeni düşüncə tərzi, yeni proseslər və daha çox şəffaflıq tələb edir. Yeni mexanizmləri tətbiq etmək texniki baxımdan mümkündür, amma ən çətin mərhələ onları qəbul etdirmək və gündəlik praktikaya çevirməkdir. Çünki hər yenilik əlavə məsuliyyət, yeni öyrənmə mərhələsi və bəzən komfort zonasından çıxmaq deməkdir.
Bu səbəbdən əsas çağırışımız sistemə “nəyi dəyişirik?” sualından daha çox, “niyə dəyişirik?” anlayışını formalaşdırmaq olub. İnsanlar məqsədi gördükdə və nəticəni hiss etdikdə dəyişiklik daha dayanıqlı olur.
Rəqəmsal səhiyyə yalnız proqram təminatı deyil, idarəetmə və düşüncə transformasiyasıdır.
- Tibbi məlumatların təhlükəsizliyi və şəxsi məlumatların qorunması məsələsi daim gündəmdədir. “E-Tibb” MMC bu sahədə hansı beynəlxalq standartlara və təhlükəsizlik mexanizmlərinə əsaslanır?
- “iCheck” startap olaraq qurulub və ilkin mərhələdə əsas məqsəd ideyanın və məhsulun real bazar şəraitində yaşaya bilib-bilməyəcəyini yoxlamaq idi. Bu mərhələdə tələb olunan hüquqi və texniki sertifikatlar alınmış, məlumatların qorunması üzrə baza mexanizmlər qurulub. Lakin platformada istifadəçi və tibbi məlumatların həcmi artdıqca, biz təhlükəsizliyə daha strukturlaşdırılıb və institusional yanaşma tətbiq etməyə başlamışıq. Çünki tibbi məlumat adi informasiya deyil. Ən həssas məlumat kateqoriyasına daxildir. Hazırda əsas prioritetlərimizdən biri Beynəlxalq informasiya təhlükəsizliyi praktikalarına və standartlarına uyğun proseslərin qurulmasıdır. Biz artıq startap mərhələsindən strukturlaşdırılmış səhiyyə texnologiyası mərhələsinə keçirik və bu keçidin əsas dayağı məhz kibertəhlükəsizlik və məlumatların qorunmasıdır. Məqsədimiz təkcə qanunvericiliyə uyğunluq deyil, istifadəçi etimadının uzunmüddətli qorunmasıdır.
- Səhiyyədə toplanan böyükhəcmli məlumatlar (Big Data) dövlətin qərarvermə prosesinə necə təsir göstərir və bu məlumatlardan real vaxt rejimində hansı strateji nəticələr əldə olunur?
- Səhiyyədə toplanan böyük həcmli məlumatlar dövlətin qərarvermə prosesini intuisiyaəsaslı modeldən dataəsaslı modelə keçirir. Real vaxt rejimində toplanan statistik məlumatlar dövlətə resurs bölgüsünü daha dəqiq planlamasına, regionlar üzrə xəstəlik dinamikasını izlənməsinə, preventiv proqramları daha hədəfli şəkildə tətbiq etməsinə imkan yaradır. Bu yanaşma sistemi reaktiv deyil, qabaqlayıcı idarəetmə modelinə keçirir və uzunmüddətli perspektivdə sağlam və uzunömürlü (longevityyönümlü) cəmiyyət formalaşdırmağa xidmət edir. Əgər dövlət yalnız xəstəxanaya müraciətlərin sayına əsasən qərar verirsə, bu artıq nəticə ilə işləmək deməkdir. Lakin real vaxt məlumatları göstərirsə ki, müəyyən yaş qrupunda arterial təzyiq, şəkərli diabet və ya digər xroniki risk faktorları artım trendinə daxil olur, bu zaman müdaxilə xəstəliyin ağırlaşma mərhələsində deyil, erkən mərhələdə edilir.
Bu isə üç strateji nəticə yaradır:
- Sağlamlıq xərclərinin uzunmüddətli azaldılması
- Əhalinin əmək qabiliyyətinin qorunması
- Dövlət büdcəsinin daha səmərəli planlaşdırılması
“Longevity” yanaşması məhz buradan başlayır - məqsəd yalnız ömrün uzunluğu deyil, sağlam ömrün uzunluğudur. Dataəsaslı analiz imkan verir ki, profilaktik proqramlar daha hədəfli qurulsun, risk qrupları erkən müəyyən edilsin və səhiyyə sistemi müalicəyönümlü strukturdan sağlamlıqyönümlü modelə transformasiya olunsun.
Biz bunu “iCheck” təcrübəsində də gördük. Platformanı qurarkən onlayn konsultasiyaların, xüsusilə regionlarda, işləməyəcəyi deyilirdi. Lakin müraciət statistikasını davamlı analiz etdikdə tam əks mənzərə ortaya çıxdı - regionlardan maraq yüksək oldu və model sürətlə tək paytaxt Bakıda deyil, həm də regionlarda adaptasiya edildi.
Bu təcrübə göstərdi ki, fərziyyələr dəyişə bilər, amma rəqəmlər strateji qərarların ən etibarlı əsasını təşkil edir.
- Regionlarda yerləşən tibb müəssisələrinin rəqəmsal sistemlərə inteqrasiyası hansı mərhələdədir və paytaxt-region fərqinin aradan qaldırılması üçün hansı addımlar atılır?
- Regionlarda rəqəmsal sistemlərin tətbiqi kağız üzərində göründüyü qədər sadə deyil. Açıq demək lazımdır ki, müəyyən çətinliklər var - həm rəqəmsal vərdişlərin formalaşması baxımından, həm də texniki infrastruktur baxımından. Xüsusilə yaşlı nəsil üçün yeni platformaya uyğunlaşmaq ilk mərhələdə çətin görünə bilər. Məhz buna görə biz “iCheck”də sadəcə texnologiya təqdim etməmişik, paralel olaraq davamlı dəstək mexanizmi qurmuşuq. Təcrübəmiz göstərir ki, hətta ən yaşlı pasiyentlər belə sistemi bir dəfə istifadə etdikdən sonra növbəti dəfə daha rahat adaptasiya olurlar. Əsas məsələ ilk addımı birlikdə atmaqdır.
Bizim yanaşmamız ondan ibarətdir ki, pasiyenti platforma ilə tək buraxmırıq. Lazım gəldikdə izah edirik, yönləndiririk və proses boyu müşayiət edirik. Əslində, bizim rolumuz təkcə texnoloji vasitəçi olmaq deyil - biz hər pasiyenti virtual olaraq “əlindən tutub” onun düzgün tibbi marşrutu boyunca aparırıq. Çünki rəqəmsallaşma yalnız sistem qurmaq deyil, insanı həmin sistemə inamla daxil etməkdir.
- Gələcək hədəfləriniz üçün “E-Tibb” MMC-nin əsas inkişaf xəritəsi nədən ibarətdir: telemedisin, süni intellekt və beynəlxalq e-health platformaları ilə əməkdaşlıq hansı prioritetlər üzərində qurulacaq?
- Gələcək inkişaf xəritəmizdə ilk prioritetimiz mövcud platformanı daha da gücləndirməkdir. Bu gün “iCheck”də süni intellekt modulları artıq işləyir - 3D insan bədəni modeli üzərində ağrıyan nahiyəni seçib, simptomları qeyd etməklə 98 faiz hallarda pasiyentin şikayətlərinə uyğun həkim tövsiyə edirik. Pasiyent birbaşa onlayn konsultasiyaya yazıla, müayinələrə göndəriş ala və resept əldə edə bilir.
Növbəti mərhələdə məqsədimiz bu alətləri daha dəqiq, daha adaptiv və daha fərdiləşdirilmiş etməkdir. Eyni zamanda, platformaya apteklərin inteqrasiyasını planlaşdırırıq. Məqsədimiz problemi müəyyən etməkdən tutmuş həkim konsultasiyası, diaqnostika, resept və dərmanın əldə olunmasına qədər bütün prosesi vahid ekosistemdə birləşdirməkdir. Yəni pasiyent üçün tam “problem-həll” dövrünü bağlamaq. Digər prioritetimiz isə platformanı maksimum dərəcədə dataəsaslı və fərdiləşdirilmiş (custom) etməkdir. İstəyirik ki, hər bir pasiyent platformaya daxil olduqda məhz onun yaşına, risk faktorlarına, tibbi tarixçəsinə və əvvəlki müraciətlərinə uyğun fərdi təkliflər və istiqamətləndirmə görsün.
Çünki gələcəyin səhiyyəsi ümumi deyil, fərdi yanaşma üzərində qurulacaq. Paralel olaraq tibbi turizm istiqamətini də inkişaf etdirməyi planlaşdırırıq. Yerli əhalinin sağlamlığı prioritet olmaqla yanaşı, Azərbaycanı rəqəmsal səhiyyə infrastrukturu ilə dəstəklənən regional tibbi xidmət mərkəzinə çevirmək mümkündür. Məqsədimiz sadədir: həm yerli pasiyent üçün tam və rahat səhiyyə ekosistemi qurmaq, həm də ölkəni rəqəmsal səhiyyə həlləri ilə gücləndirmək.