Şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr edilən turnirin qalibləri müəyyənləşib
Şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr edilən turnirin qalibləri müəyyənləşib
Füzuli, 10 avqust, AZƏRTAC
Füzuli rayonunun Horadiz şəhərində Aprel döyüşlərinin şəhid mayoru Elnur Əliyevin anadan olmasının 50-ci ildönümünə həsr edilən sərbəst güləş üzrə beşinci respublika turniri təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarış Azərbaycan Güləş Federasiyasının və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib. Turnirin açılış mərasimində Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi anılıb.
Çıxış edənlər Azərbaycan Ordusunun qüdrətindən, Aprel Zəfərindən, həmçinin Vətən müharibəsində və lokal xarakterli antiterror əməliyyatlarında qazanılan şanlı Qələbədən söhbət açıblar. Qeyd olunub ki, Vətən uğrunda canını fəda etmiş qəhrəmanlardan biri də şəhid mayor Elnur Əliyevdir. Onun şərəfli ömür yolundan və döyüşlərdə göstərdiyi şücaətdən söhbət açılıb.
Bildirilib ki, Elnur Əliyev 1976-cı il avqustun 16-da Füzuli rayonunun Dədəli kəndində anadan olub. Hələ kiçik yaşlarında erməni təcavüzünün şahidi olan Elnur hərbçi olmağa qərar verib. Hərbi liseydə və Ali Hərbi Akademiyada hərb sənətinin sirlərinə yiyələnən Elnur ordu sıralarında zabit kimi Vətənin keşiyində dayanıb. Aprel döyüşlərində qəhrəmanlıq nümayiş etdirən Elnur Əliyev əsgərlərini qorumaq məqsədilə qumbaranın üzərinə atılaraq qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.
O, döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətənə xidmətə görə” ordeni (III dərəcəli) ilə təltif edilib.
Elnur Əliyev ailəli olub, Elvin və Elxan adlı iki övladı yadigar qalıb.
Çıxışlardan sonra yarışlara start verilib. Turnirdə müxtəlif şəhər və rayonlarından 10-a yaxın komanda və 100-dək yeniyetmə pəhləvan müxtəlif çəki dərəcələri üzrə gücünü sınayıb. Maraqlı və gərgin keçən mübarizələrdə qalib komandalar müəyyənləşib.
Yarışın sonunda qaliblər medallar və fəxri fərmanlarla təltif ediliblər.
Müxbir - Aydın Yavərzadə