Azərbaycanda dini təhsildə yeni mərhələ: ixtisaslar və elmi imkanlar genişlənir
Bakı, 10 avqust, AZƏRTAC
Azərbaycanda dini təhsilin inkişafı istiqamətində son illərdə mühüm nəticələr əldə olunub. Yeni ixtisas və ixtisaslaşmaların yaradılması, milli dini kadr hazırlığının gücləndirilməsi və elmi fəaliyyətin genişləndirilməsi bu sahədə əsas yeniliklər sırasındadır.
Azərbaycan İlahiyyat İnstitutundan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda dinşünaslıq və islamşünaslıq ixtisasları üzrə bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil həyata keçirilir. Əvvəl magistratura səviyyəsi üzrə yalnız dinşünaslıq istiqamətində ixtisaslaşmalar (islamşünaslıq, dinlərin tarixi, dinin sosiologiyası, dinin psixologiyası, dinin fəlsəfəsi) var idisə, bunlara əlavə olaraq islamşünaslıq ixtisası üzrə İslam hüququ, hədis, kəlam, İslam tarixi və təfsir ixtisaslaşmaları üzrə kadr hazırlığı həyata keçirilir. Eyni zamanda, institutun yanında Bakı İlahiyyat Kollecinin yaradılması, ölkədə dini təhsilin ardıcıl və sistemli şəkildə təşkilinə xidmət edən mühüm amillərdəndir. İnstitutun fəaliyyətinin əsas istiqamətlərindən biri də elmi potensialın gücləndirilməsidir. Dinşünaslıq və islamşünaslıq sahələrində son illərdə dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar və elmi məqalələr hazırlanaraq nəşr edilib. İnstitutun impakt faktorlu “Din araşdırmaları” jurnalı vasitəsilə yerli və xarici tədqiqatçıların araşdırmaları elmi ictimaiyyətə təqdim edilib. Bununla yanaşı, respublika və beynəlxalq səviyyəli konfranslar, simpoziumlar və seminarlar təşkil olunub.
Beynəlxalq əməkdaşlığın inkişafında da mühüm nəticələr əldə olunub. İnstitut Türkiyə, Qazaxıstan, Özbəkistan, Malayziya, İndoneziya, ABŞ, Rusiya və digər ölkələrin ali təhsil müəssisələri ilə əməkdaşlıq edir, müəllim və tələbələrin akademik mobilliyi, birgə elmi layihələr və təcrübə mübadiləsi istiqamətində fəaliyyətini davam etdirir. Məzunlar müxtəlif dövlət qurumlarında, məscidlərdə və digər istiqamətlərdə peşəkar fəaliyyət göstərir, ölkədə sağlam dini düşüncənin formalaşdırılmasına və dini maarifləndirmə işinə töhfə verirlər. Qeyd edək ki, həyata keçirilən tədbirlər nəticəsində ölkədə keyfiyyətli dini təhsil imkanları genişlənib, bu sahədə milli maraqlara və elmi yanaşmaya əsaslanan kadr hazırlığı sistemi daha da möhkəmlənib.
Müxbir - Tünzalə Arazlı