UNEC tələbəsi robototexnika üzrə dünya çempionu olub
Bakı, 10 avqust, AZƏRTAC
UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsinin kompüter elmləri ixtisasının IV kurs tələbəsi Aşurbəy Məmmədzadə Böyük Britaniyada keçirilən “International World Innovative Student Exhibition” (iWISE 2026) innovasiya yarışmasının “Maze Solving Robot” kateqoriyası üzrə I yerə layiq görülüb və dünya çempionu olub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Böyük Britaniyanın Surrey Universitetində keçirilən dünya finalında 25 ölkədən iştirakçılar elm, texnologiya, innovasiya və robototexnika sahələri üzrə öz layihələrini təqdim ediblər. Aşurbəy Məmmədzadə iWISE 2026-nın ilkin seçim mərhələlərindən biri olan virtual finalda “Gold Medal” qazanaraq dünya finalında iştirak etmək hüququ əldə edib.
A.Məmmədzadə “JoshuaTech” komandası ilə Böyük Britaniyada keçirilən final mərhələsində “Robotics – Maze Solving Robot” kateqoriyası üzrə mübarizə aparıb. Dünyanın müxtəlif ölkələrindən 18 komandanın iştirak etdiyi kateqoriyada “JoshuaTech” komandası bütün rəqiblərini qabaqlayaraq I yerə layiq görülüb və bu nəticə ilə “iWISE 2026” dünya finalının çempionu olub.
“Maze Solving Robot” kateqoriyasında iştirakçılar labirint daxilində avtonom hərəkət edə bilən, sensorlardan əldə olunan məlumatları real vaxt rejimində emal edən və optimal hərəkət marşrutunu müəyyənləşdirən robot sistemlərinin hazırlanması və proqramlaşdırılması üzrə yarışırlar. “iWISE” elm, texnologiya və innovasiya sahəsində fəaliyyət göstərən beynəlxalq MILSET şəbəkəsi ilə əməkdaşlıq edir və “CATS Global Schools” tərəfindən akkreditasiya və sertifikasiyaya malikdir.
“iWISE 2026” dünya finalında “Maze Solving Robot” kateqoriyası üzrə əldə olunan dünya çempionluğu Aşurbəy Məmmədzadənin robototexnika və innovativ texnologiyalar sahəsində beynəlxalq səviyyədə qazandığı növbəti mühüm nailiyyətlərdən biridir.