BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır
Bakı, 10 avqust, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində 2026/2027-ci tədris ili üçün bakalavriat səviyyəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Biologiya fakültəsində 6 kafedra və 13 müasir tədris laboratoriyası fəaliyyət göstərir. Bakalavriat səviyyəsinə təhsil alan tələbələr II kursdan etibarən kafedralarda həyata keçirilən elmi-tədqiqat işlərinə cəlb olunurlar.
Tələbə və magistrantlar BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində fəaliyyət göstərən Biomühəndislik, Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyalarında da tədqiqat aparmaq imkanı əldə edirlər.
Fakültədə Botanika və bitki fiziologiyası, Biofizika və biokimya, Molekulyar biologiya və biotexnologiyalar, Zoologiya və fiziologiya, Genetika, eləcə də ICESCO-nun Biotibbi materiallar kafedraları fəaliyyət göstərir. Müxtəlif elmi istiqamətlər üzrə laboratoriyalarda tələbələrin iştirakı ilə elmi tədqiqatlar həyata keçirilir.
Bakalavriat səviyyəsində biologiya, biologiya müəllimliyi, su bioehtiyatları və akvakultura, biotexnologiya, bitki mühafizəsi və qida mühəndisliyi ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır.
Biologiya ixtisasının məzunları elmi-tədqiqat institutlarında, qida və əczaçılıq sənayesi müəssisələrinin, suyun keyfiyyətinə nəzarət və tibb müəssisələrinin laboratoriyalarında fəaliyyət göstərə bilərlər.
Biologiya müəllimliyi ixtisasını bitirənlər ümumi təhsil müəssisələrində biologiya fənnini tədris etmək imkanı əldə edirlər.
Su bioehtiyatları və akvakultura ixtisası üzrə məzunlar balıqçılıq və akvakultura sahəsində fəaliyyət göstərən müəssisələrdə, biotexnologiya ixtisasını bitirənlər isə biotexnoloji istehsal müəssisələrində, aqrar sektorun laboratoriyalarında və elmi-tədqiqat institutlarında çalışa bilərlər.
Bitki mühafizəsi ixtisasının məzunları ekoloji mühafizə, milli park və qoruqlarda, eləcə də elmi-tədqiqat müəssisələrində, qida mühəndisliyi ixtisasını bitirənlər isə qida sənayesi müəssisələrində, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin struktur bölmələri və laboratoriyalarında, elmi-tədqiqat institutlarında əmək fəaliyyətini davam etdirə bilərlər.
Qeyd edək ki, Biologiya fakültəsində tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.