Fərid Hüseyn: Xurşidbanu Natəvanın irsi Azərbaycan mədəniyyətində xüsusi yer tutur
AZƏRTAC Xurşidbanu Natəvana həsr olunan silsilə yazıları davam etdirir
Bakı, 10 avqust, AZƏRTAC
Xurşidbanu Natəvanın adı artıq iki əsrdir Azərbaycan poeziyasının ilham mənbələrindən biri kimi yaşayır. Onun yaradıcılığı yalnız öz dövründə deyil, sonrakı mərhələlərdə də şair və yazıçıların diqqət mərkəzində olub. Natəvanın şeirlərinə həsr olunan çoxsaylı poetik nümunələrlə yanaşı, onun şəxsiyyətinə, həyat və yaradıcılıq yoluna dair şeirlər, poemalar və pyeslər qələmə alınıb. Şairənin obrazını və yaradıcılığını əks etdirən yüzədək rəsm əsərinin mövcudluğu da Natəvan irsinin Azərbaycan incəsənətindəki təsir gücünü göstərir.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, şair Fərid Hüseyn deyib.
O qeyd edib ki, Xurşidbanu Natəvanın Azərbaycan mədəniyyətinə verdiyi bu mühüm impuls, yaratdığı ilham və yaradıcılıq təsiri onun şəxsiyyətinin və sənət dünyasının özünəməxsusluğundan qaynaqlanır. Onun irsi Azərbaycan mədəniyyətində xüsusi yer tutur.
“Natəvanın poeziyası yalnız bədii-estetik dəyəri ilə deyil, həm də dövrün ictimai-mədəni mənzərəsini, insan duyğularını və mənəvi dünyasını əks etdirməsi baxımından əhəmiyyətlidir. Bu səbəbdən Natəvan irsi hər yeni nəsil üçün yenidən araşdırılan, dərk edilən və yaradıcı baxımdan mənalandırılan zəngin bir mənbədir”, – deyə F.Hüseyn bildirib.