Siyasi şərhçi: Qırğızıstanla münasibətlərin möhkəmlənməsində ortaq mədəni irs mühüm rol oynayır
Bakı, 10 avqust, AZƏRTAC
Tarixin müxtəlif dövrlərində xalqları və dövlətləri bir-birinə yaxınlaşdıran ən mühüm amillər ortaq mədəni dəyərlər, milli kimlik və zəngin mənəvi irs olub. Bu baxımdan Türk dünyası xüsusi fərqlənir. Çünki tarixə və ədəbiyyata nəzər saldıqda görürük ki, türk xalqlarını təkcə dil və mədəniyyət deyil, həm də ortaq qəhrəmanlar, ortaq tarixi yaddaş və mənəvi dəyərlər birləşdirir. Bu kontekstdə Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər xüsusi əhəmiyyət daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri səsləndirib.
Nadir Azəri bildirib ki, Azərbaycan və qırğız xalqlarını bir-birinə yaxınlaşdıran əsas amillər ortaq tarixi keçmiş, milli-mənəvi dəyərlər, türk kimliyi və zəngin mədəni irsdir. Onun sözlərinə görə, bu ortaq dəyərlər təkcə keçmişin mirası deyil, həm də bu gün iki ölkə arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin və gələcək əməkdaşlığın möhkəm təməlidir. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı humanitar əməkdaşlığa xüsusi diqqət yetirilməsi də məhz bu ortaq dəyərlərin münasibətlərin əsas dayaqlarından biri olduğunu bir daha göstərir.
Siyasi şərhçi qeyd edib ki, Prezident İlham Əliyevin “Bizi tarix, mədəniyyət, xalqlarımızın görkəmli nümayəndələrinə hörmət ilə bağlı çox şey birləşdirir” fikri iki ölkə arasındakı münasibətlərin yalnız siyasi və iqtisadi maraqlara deyil, əsrlərdən gələn mənəvi bağlılığa söykəndiyini təsdiqləyir. Dövlət başçısının Bakıda Çingiz Aytmatovun abidəsi və parkının açılışını, eləcə də Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının yaradılmasını xatırlatması ortaq mədəni irsin xalqları bir-birinə daha da yaxınlaşdırdığını göstərir. Onun fikrincə, Prezident İlham Əliyevin bu mesajları humanitar əməkdaşlığın Azərbaycan-Qırğızıstan münasibətlərində siyasi və iqtisadi tərəfdaşlıq qədər mühüm əhəmiyyət daşıdığını da ortaya qoyur.
Nadir Azərinin sözlərinə görə, Qırğızıstanda Azərbaycanın, Azərbaycanda isə Qırğızıstanın Mədəniyyət Günlərinin keçirilməsi, təhsil, elm, gənclər siyasəti və idman sahələrində həyata keçirilən birgə layihələr xalqlar arasında qarşılıqlı etimadı daha da möhkəmləndirir. Bu təşəbbüslər siyasi və iqtisadi əməkdaşlığın sosial əsaslarını gücləndirməklə yanaşı, ortaq mədəni məkanın formalaşmasına və Türk dünyasında inteqrasiya proseslərinin dərinləşməsinə də mühüm töhfə verir.
Siyasi şərhçi vurğulayıb ki, Ağdam rayonunun Xıdırlı kəndində Ayköl Manas adına məktəbin inşa edilməsi humanitar əməkdaşlığın ən dəyərli nümunələrindən biridir. Bu layihə təkcə yeni təhsil ocağı deyil, həm də Azərbaycan və Qırğızıstan xalqlarının qardaşlığını, ortaq tarixi yaddaşını və gələcəyə birgə baxışını əks etdirən mühüm rəmzdir. Ortaq mədəni kimlik və mənəvi dəyərlər Azərbaycan ilə Qırğızıstan arasında münasibətləri təkcə dövlətlər səviyyəsində deyil, xalqlar arasında da möhkəmləndirən əsas amillərdəndir. Məhz bu ortaq irs gələcək nəsillərin bir-birini daha yaxından tanımasına, Türk dünyasında vahid mədəni məkanın formalaşmasına və inteqrasiya proseslərinin davamlı inkişafına xidmət edir.
Onun fikrincə, məhz belə humanitar layihələr iki qardaş ölkə arasında strateji tərəfdaşlığı daha da möhkəmləndirir, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşməsinə və Türk dünyasının birliyinin güclənməsinə mühüm töhfə verir.