Rəssamlıq Akademiyasında tələbələrin yaradıcılıq işlərinin kommersiyalaşdırılması üzrə iş aparılır
Bakı, 10 avqust, AZƏRTAC
Müasir dövrdə yaradıcı sənayelər iqtisadi inkişaf, innovasiya və mədəni diplomatiyanın mühüm istiqamətlərindən birinə çevrilib. Dizayn, memarlıq, vizual incəsənət, dekorativ-tətbiqi sənət, rəqəmsal media və yaradıcı istehsal sahələrinin inkişafı peşəkar kadr hazırlığının əmək bazarının real tələbləri ilə uzlaşdırılmasını zəruri edir. Azərbaycan Rəssamlıq Akademiyası bu çağırışları nəzərə alaraq yalnız akademik biliklərin ötürülməsinə deyil, tələbələrin yaradıcı sənaye, biznes və mədəniyyət sektorunun nümayəndələri ilə birbaşa əməkdaşlığının təmin edilməsinə xüsusi önəm verir.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, yaradıcı sahibkarlığın inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyən edib. Bu məqsədlə tələbələrin fərdi layihələrinin, yaradıcılıq və dizayn nümunələrinin təqdimatı, tanıdılması və gələcəkdə bazara çıxarılması üçün yeni mexanizmlər hazırlanır. Hazırda Akademiyada kurs və diplom yaradıcılıq işlərinin müəllif hüquqları qorunmaqla kommersiyalaşdırılması və satış mexanizmlərinin formalaşdırılması istiqamətində konseptual model üzərində iş aparılır. Yeni modelin tətbiqi gənc rəssamların yaradıcılıq fəaliyyətinin iqtisadi dəyərə çevrilməsinə, onların sənət bazarına çıxış imkanlarının genişləndirilməsinə və incəsənətin kommersiyalaşdırılması sahəsində Akademiyada dayanıqlı mexanizmin yaradılmasına imkan verəcək.
Rəssamlıq Akademiyası biznes sektoru və yaradıcı sənaye nümayəndələri ilə əməkdaşlığını daha da genişləndirməyi planlaşdırır. Bu çərçivədə sənaye tərəfdaşlarının tədris prosesinə və mentorluq fəaliyyətinə daha geniş cəlb edilməsi, birgə innovasiya layihələrinin hazırlanması, tələbələrin yaradıcılıq məhsullarının bazara çıxış imkanlarının artırılması və incəsənətin iqtisadi potensialının inkişafına xidmət edən yeni əməkdaşlıq modellərinin tətbiqi nəzərdə tutulur. Azərbaycan Rəssamlıq Akademiyası hesab edir ki, təhsil, mədəniyyət və biznes sektorları arasında qurulan dayanıqlı tərəfdaşlıq yaradıcı sənayenin inkişafına, gənc istedadların peşəkar və sahibkarlıq bacarıqlarının formalaşmasına, eləcə də Azərbaycan incəsənətinin milli və beynəlxalq sənət bazarında mövqeyinin gücləndirilməsinə mühüm töhfə verə bilər.
Müxbir - Tünzalə Arazlı