Vaşinqton razılaşması Azərbaycanın regionda yaratdığı yeni siyasi və iqtisadi reallıqları əks etdirdi - ŞƏRH
Bakı, 10 avqust, AZƏRTAC
Ötən il Vaşinqtonda baş tutan razılaşma Azərbaycanın regionda yaratdığı yeni siyasi və iqtisadi reallıqların əksi idi. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağı azad etməklə sadəcə sülh yaratmadı, eyni zamanda, dünyaya sübut etdi ki, müasir zamanın tələbi iqtisadi inkişafdır və buna nail olmaq üçün ciddi iradə sahibi olmaq lazımdır. Prezident İlham Əliyev də bu ciddi iradəni ortaya qoydu.
AZƏRTAC xəbər verir ki, məhz Azərbaycanın Zəfərindən sonra qlobal ticarət və region dövlətlərinin iqtisadi tərəqqisi üçün Zəngəzur dəhlizi kimi beynəlxalq layihə meydana çıxdı. Prezident İlham Əliyevin bu təşəbbüsünün də Avropa və ABŞ tərəfindən dəstəklənməsi təsadüfi xarakter daşımır. İlk növbədə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası Zəngəzur dəhlizinin davamı olan Qars-İğdır-Aralık-Dilucu dəmir yolu ilə dünya iqtisadiyyatına inteqrasiya olunacaq. Bununla da Naxçıvanla sərhəddə kimi 224 kilometrlik dəmir yolunun tikintisi ilə Türkiyənin şərq bölgəsində region və dünya üçün əhəmiyyətli bir layihənin – qlobal strateji dəyəri olan yeni bir dəmir yolu layihəsinin əsası qoyuldu.
Hələ 2023-cü ilin sentyabrında Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Qars-Naxçıvan dəmiryolu layihəsi ilə bağlı niyyət protokolu imzalayıb. Dəyəri 3 milyard avro olan layihə üzrə işlər davam edir və artıq Qars-Tuzluca istiqamətində beton dayaqların düzülməsi başa çatmaq üzrədir. Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində atılmış mühüm tarixi addım olan bu dəmir yolu 5,5 milyon sərnişin və 15 milyon ton yük daşımağa imkan yaradacaq. Saatda 160 kilometrədək sürətə hesablanmış layihə çərçivəsində 24 tunel, 10 körpü, 144 yeraltı keçid, 27 yerüstü keçid, 480 suötürücünün inşası üzrə digər işlər də davam edir.

İqtisad üzrə fəlsəfə doktoru Mehriban İmanov bildirib ki, Qars-İğdır-Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinin bir hissəsidir və təkcə Türkiyəni Azərbaycanla birləşdirməyəcək, həm də qlobal nəqliyyat və ticarət yollarının əsas arteriyalarından birinə çevriləcək. Azərbaycan Zəngəzur dəhlizinin öz ərazisindən keçən hissəsində 110 kilometrlik Horadiz-Füzuli-Ağbənd dəmir yolu tikintisini yekunlaşdırmaq üzrədir. Dəmir yolu dəhlizinin tam gücü ilə işləməsi üçün Türkiyə öz ərazisinə düşən 224 kilometrlik hissəni tikir, Naxçıvan sərhəddində olan, təqribən 170 kilometrlik hissəni Azərbaycan tərəfi inşa edəcək. Burada 150 kilometr öncədən mövcud idi və müəyyən rekonstruksiya işləri aparılacaq, 20 kilometr dəmir yolu isə yeni salınacaq.
Bu işləri gələcəyə yatırılan sərmayə kimi dəyərləndirən ekspert bildirib: “Layihənin beynəlxalq əhəmiyyət daşıması onu deməyə əsas verir ki, bu layihənin, eyni zamanda, təhlükəsizliyi də təmin olunacaq”.

Türkiyənin “Vatan” partiyasının sədr müavini, iqtisadçı ekspert Hasan Topkurulu vurğulayıb ki, ölkəsi ilə Azərbaycanın strateji müttəfiqliyi qlobal siyasi proseslərə təsir etmək imkanı verməklə yanaşı, hər iki dövlətin iqtisadi inkişafına böyük təkan verir: “Azərbaycan 44 günlük Vətən müharibəsində Qələbə qazanaraq regionda yeni reallıqlar yaratdı. Bu reallıqlardan biri Zəngəzur dəhlizidir. Bu dəhliz Mərkəzi Asiya ilə Avropa arasındakı ticarəti genişləndirməklə yanaşı, siyasi əlaqələri də artırır və bu əlaqələrin formalaşmasında Türkiyə ilə Azərbaycan aparıcı rol oynayır”.
Onun sözlərinə görə, dünyada baş verən geosiyasi proseslərin nəticəsi olaraq Avropa özünün ticarət yollarını və enerji idxalını şaxələndirməyə cəhd edir ki, digər böyük güclərdən asılı vəziyyətə düşməsin və siyasi təzyiqlərlə üzləşməsin.
Ekspert əlavə edib ki, Zəngəzur dəhlizi Mərkəzi Asiya, Xəzər regionu, Azərbaycan və Ermənistanı Türkiyə ilə birləşdirən sosial-iqtisadi, geosiyasi və geostrateji xüsusiyyətlərə malik olduğu üçün regional inkişafa və dövlətlərin iqtisadi inteqrasiyasına müsbət təsir göstərəcək: “Aydın olur ki, Vaşinqton razılaşması başda Prezident İlham Əliyev olmaqla Azərbaycanın diplomatik qələbəsidir. Bundan da Azərbaycan ilə yanaşı, region dövlətləri də faydalanacaq. Azərbaycanın regiona gətirdiyi sülh və iqtisadi inkişaf da məhz bundan ibarətdir”.