Türkiyədəki qədim Aspendos şəhərində təqribən 2400 yaşı olan güləşçinin məzarı tapılıb
Bakı, 10 avqust, AZƏRTAC
Arxeoloqlar Türkiyənin cənubunda Roma teatrı ilə tanınan qədim Aspendos şəhərində təqribən 2400 il yaşı olan güləşçiyə aid olduğu düşünülən məzar aşkar ediblər.
AZƏRTAC Türkiyə mediasına istinadla xəbər verir ki, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bazar ertəsi günü bildirib: “Eramızdan əvvəl V əsrin son rübündən eramızdan əvvəl IV əsrə aid daş qutuya bənzər bir quruluş olan məzar əvvəllər qədim şəhər daxilində mövcudluğu müəyyən edilməmiş şərq nekropolunda aşkar edilib”.
Nazir Türkiyənin “NSosyal” sosial media platformasındakı paylaşımında əlavə edib: “Aspendos qədim şəhərində apardığımız qazıntılarda şəhərin Klassik dövr tarixinə işıq salan çox vacib kəşf etdik”. O qeyd edib ki, məzarın içərisində tapılan artefaktlar, o cümlədən güləşçiləri təsvir edən Aspendos sikkələri orada dəfn olunmuş şəxsin idmanla əlaqəli olduğunu və özünün də həmin şəhərin sakini ola biləcəyini göstərir. Nazir vurğulayıb ki, Aspendosda arxeoloji tədqiqatlar tarixi qeydlərdəki boşluqları doldurmağa davam edəcək.
Hər il milyonlarla turisti cəlb edən və ecazkar mənzərələri ilə məşhur olan Antalya əyalətindəki müasir Serik şəhərinin yaxınlığında yerləşən Aspendos Pamfiliya bölgəsində mühüm qədim yaşayış məskəni olub. Şəhər eramızın II əsrində tikilmiş və Aralıq dənizində ən yaxşı qorunub saxlanılan qədim tikililərdən biri olan böyük Roma teatrı ilə tanınır.
Yeni aşkar edilən şərq nekropolu şəhər tarixinin daha erkən dövrünün arxeoloji qeydlərinə əlavə olaraq, tədqiqatçılara sakinlərinin necə yaşadığı və ölülərini necə basdırdığı barədə əlavə dəlillər təqdim edir.