Azərbaycan Almaniyaya qaz ixracını artıra bilər - ŞƏRH
Bakı, 10 avqust, AZƏRTAC
Almaniya Avropa İttifaqına (Aİ) daxil olan dövlətlər arasında böyük iqtisadiyyata malik ölkədir ki, bu da onun enerjiyə tələbatını digər dövlətlərlə müqayisədə artırır. İran-ABŞ müharibəsinin nəticəsi olaraq Hörmüz boğazının bağlanması Yaxın Şərq ölkələrindən qaz idxalının dayanmasına səbəb olub.
AZƏRTAC xəbər verir ki, bu gün Almaniya alternativ yollar axtararaq qaz anbarlarını doldurmağa çalışır ki, qış mövsümündə böhran və kəskin qiymət artımı ilə üzləşməsin. Lakin Almaniya buna da böyük çətinliklə nail olur.
“Politico” jurnalının eksperti Joana Lehner bildirib ki, bu gün Avropanın qaz anbarları yalnız 58 faiz doludur. Avropa Komissiyasının araşdırmasına görə, anbarlar ən azı 90 faiz dolmalıdır ki, qışda problem yaranmasın. Məsələ burasındadır ki, Hörmüz boğazı gah açılır, gah da bağlanır. Açıq olduğu zaman boğazdan bir və ya iki mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan gəmi keçir və qaz anbarlara vurulur. Bir müddətdən sonra isə boğaz bağlanır və şirkətlər məcbur olub anbarlara vurulan qazdan istifadə edir ki, bu da anbarların 90 faizə qədər doldurulmasına imkan vermir.
Problem həm də onunla bağlıdır ki, dünya enerji bazarının LNG-yə olan tələbatının 15 faizini təmin edən Qətər nəinki nəqliyyat problemi yaşayır, eləcə də İranın raket zərbələrinə məruz qalıb və maye qaz istehsalı infrastrukturu ağır zərbələr alaraq qismən dağıdılıb.
Almaniyanın Yeraltı Qaz Anbarları Operatorları Assosiasiyasının direktoru Sebastiyan Haynermann bildirib ki, Almaniya Körfəz müharibəsinin başa çatmasını gözləyir. Lakin onun başa çatacağı hələlik gözlənilmir və oktyabr ayına qədər anbarlar heç olmasa 80 faiz dolmalıdır ki, qışda kəskin qiymət artımı və böhranla qarşılaşmayaq. Onun sözlərinə görə, Almaniya alternativ yollar axtarmalıdır.
Rəsmi Berlin alternativ yollar axtararaq Azərbaycandan qaz ixracını artırmaq niyyətindədir.
Azərbaycanın Avropaya qaz ixracı Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə həyata keçirilir. Hazırda kəmərin illik ötürücülük qabiliyyəti 12 milyard kubmetrə çatdırılıb. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstana kommersiya tədarükünə 2020-ci ilin sonunda başlanılıb. Sonrakı illərdə isə Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Slovakiya, Şimali Makedoniya, Ukrayna, Almaniya və Avstriya da daxil olmaqla yeni bazarlara çıxış təmin edilib.
Bununla yanaşı, SOCAR ötən ilin iyununda Almaniyanın dövlət enerji şirkəti SEFE (Securing Energy for Europe) ilə 10 illik qaz alqı-satqısı müqaviləsi imzalayıb. Müqaviləyə əsasən, Avropaya tədarük ediləcək qazın illik həcmi mərhələli şəkildə 15 teravatt-saata (təxminən 1,5 milyard kubmetr) çatdırılacaq. Sənəd, həmçinin hasilat və qaz infrastrukturuna investisiyaların cəlb edilməsini nəzərdə tutur və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.
2026-cı ilin yanvar ayından etibarən SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb.
Almaniyanın enerji təhlükəsizliyi məsələsi iyulun 21-də Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri zamanı da müzakirə olunub. Əgər Almaniya böhrandan çıxmaq üçün sərmayə yatırımı həyata keçirsə, Azərbaycan qaz ixracını ikiqat artıra bilər.