Balakəndə arıçıların problemlərinin həlli istiqamətində mümkün alternativlər qiymətləndirilir
Balakən, 10 avqust, AZƏRTAC
Hazırda Balakən rayonunda 44 min arı ailəsi var və bu işlə 1200 nəfərdən artıq insan məşğul olur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2009-cu ildə Azərbaycanda Arıçılığın inkişafına dair Dövlət Proqramı qəbul olunduqdan sonra Balakən arıçıları təşəbbüs göstərərək təbiətin təbibi olan arı ailələrinin Zaqatala Dövlət Təbiət Qoruğunun Katex kəndi istiqamətdə, dağlıq ərazilərdə yerləşdirilməsi təşəbbüsü ilə çıxış edib. Təşəbbüs rayon icra hakimiyyəti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilib və müsbət həllini tapıb. Həmin dövrdən başlayaraq əsasən Katex kəndindən olan, eləcə də rayon arıçıları erkən yazdan etibarən arılarını müəyyən olunmuş ərazilərə köçürür və keyfiyyətli məhsul əldə edirlər.
Balakən Rayon Arıçılar Birliyinin sədri Elvin Hüseynov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, bu ilin iyul ayının 7 və 8-də Balakənin Katex kəndinin yüksək dağlıq ərazilərinə yağan güclü leysan yağışlarından sonra eyniadlı çaya gələn sel nəticəsində arıxanalara gedən çaykənarı yolun 60-70 metrlik hissəsində uçqun əmələ gəlib və texnikaların hərəkəti tamamilə məhdudlaşıb. Məsələ barədə müvafiq yerli və icra orqanlarını, eləcə də aidiyyəti təşkilatları məlumatlandırdıqlarını bildirən Elvin Hüseynov rayon rəhbərliyinin ərazidə olduğunu, arıçılarla görüşərək onların qayğıları ilə maraqlandığını, alternativ yolun açılması istiqamətində müvafiq təşkilat qarşısında məsələ qaldırıldığını bildirib. Rayon Arıçılar Birliyinin sədri onu da qeyd edib ki, artıq ölkədə bal süzümü başa çatmaq üzrədir. Lakin Balakən arıçıları aylarla çəkdikləri zəhmətin bəhrəsini görməkdə çətinlik çəkirlər. Digər tərəfdən arı ailələrinə lazımi qulluq göstərilmədiyindən arıxanalarda xəstəliklərin yayılma ehtimalı artır. Bu səbəbdən məsələnin tezliklə həll olunmasını bütün arıçılar adından xahiş edirlər.
Məsələ ilə əlaqədar Katex bələdiyyəsindən bildirildi ki, rayon rəhbərliyi sel-suların dağıtdığı əraziyə, eləcə də arıçıların arıxanalarına baş çəkib, məsələni yerində qiymətləndirib və müvafiq təşkilat qarşısında məsələ qaldırıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən bölgə xüsusi mühafizə olunan təbiət ərazisi olduğundan burada hər hansı müdaxilə yalnız qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilə bilər. Hazırda məsələ Balakən Rayon İcra Hakimiyyəti və Bioloji Müxtəlifliyin Qorunması Xidməti ilə birgə nəzərdən keçirilir. Qanunvericiliyin tələbləri və ərazinin mühafizə rejimi nəzərə alınmaqla mümkün alternativlər qiymətləndirilir.
Müxbir - Rasim İslamoğlu