Umur Tuğay Yücel: TRIPP Azərbaycanın və Türkiyənin Avrasiyada tranzit-logistika əhəmiyyətini artıracaq
Bakı, 10 avqust, AZƏRTAC
TRIPP-in Orta Dəhlizə inteqrasiyası Azərbaycan ilə Türkiyənin Avrasiyanın tranzit və logistika sistemində rolunu daha da gücləndirə bilər. Bu çərçivədə Azərbaycan Xəzər hövzəsi ilə Cənubi Qafqazı birləşdirən mühüm logistika qovşağı kimi mövqeyini möhkəmləndirə, Türkiyə isə həmin nəqliyyat xəttinin Avropa bazarlarına çıxışında əsas bağlantı nöqtələrindən birinə çevrilə bilər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında türk siyasi şərhçi Umur Tuğay Yücel deyib.
Onun sözlərinə görə, TRIPP-in Orta Dəhlizə inteqrasiyası yükdaşımaların sürətlənməsinə, logistika xərclərinin və daşınma müddətinin azalmasına, eyni zamanda, bu marşrutun Çin ilə Avropa arasında alternativ nəqliyyat xətti kimi rəqabət qabiliyyətinin yüksəlməsinə mühüm töhfə verə bilər. Bu proses Azərbaycanın Xəzər hövzəsi ilə Cənubi Qafqazı birləşdirən strateji logistika qovşağı kimi mövqeyini daha da möhkəmləndirəcək. Türkiyə isə formalaşan nəqliyyat şəbəkəsinin Avropa bazarlarına çıxışında əsas tranzit və logistika mərkəzlərindən biri kimi rolunu gücləndirmək imkanı qazanacaq.
“TRIPP-in Orta Dəhlizlə əlaqələndirilməsi Türk dünyası daxilində iqtisadi və ticarət əlaqələrinin genişlənməsi baxımından da əhəmiyyətlidir. Yeni nəqliyyat imkanlarının yaranması və logistika şəbəkələrinin genişlənməsi türk dövlətləri arasında ticarət dövriyyəsinin artmasına, qarşılıqlı iqtisadi əlaqələrin möhkəmlənməsinə və inteqrasiya proseslərinin dərinləşməsinə əlavə imkanlar yarada bilər”, - deyə siyasi şərhçi vurğulayıb.
O qeyd edib ki, layihə Xəzər hövzəsi ilə Azərbaycan, Türkiyə və Avropa arasında yükdaşımaların daha sürətli və sistemli həyata keçirilməsinə imkan verərək yeni ticarət imkanları yaradacaq. Xüsusilə dəmir yolu, liman və avtomobil yolları bağlantılarının gücləndirilməsi daşınma müddətlərinin və logistika xərclərinin azalmasına mühüm töhfə verə bilər.
“Bununla yanaşı, Türk dünyası ölkələri arasında vahid logistika standartlarının, gömrük prosedurlarının və rəqəmsal daşıma sistemlərinin inkişaf etdirilməsi daha inteqrasiya olunmuş nəqliyyat şəbəkəsinin formalaşmasına imkan yaradacaq. Beləliklə, Azərbaycan və Türkiyə Orta Dəhlizin mühüm logistika mərkəzlərinə çevrilməklə yanaşı, Türk dünyası arasında ticari-iqtisadi əməkdaşlığın daha da güclənməsinə töhfə verəcək", – deyə Umur Tuğay Yücel vurğulayıb.
Müxbir - Səbinə Əlizadə