“Soydaşlarımız və Qarabağ” layihəsi çərçivəsində hazırlanan kitab Marneulidə ictimaiyyətə təqdim edilib
Bakı, 10 avqust, AZƏRTAC
Gürcüstanın Marneuli şəhərində Gürcüstan Azərbaycanlıları Konqresində (GAK) və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Borçalı” İctimai Birliyinin həyata keçirdiyi “Soydaşlarımız və Qarabağ” layihəsi çərçivəsində “Azərbaycan-Gürcüstan dostluğu: Soydaşlarımız və Qarabağ (1990-2026)” adlı kitabın təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə ölkələrimizin azadlığı və istiqlaliyyəti uğrunda həlak olmuş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən GAK-ın sədri Hüseyn Yusubov Azərbaycan-Gürcüstan əlaqələrinin tarixi köklərindən, xalqlarımızın dostluq münasibətlərindən bəhs edib.
Layihə rəhbəri və kitabın tərtibçisi, tanınmış şair-publisist Azərbaycan Yazıçılar Birliyinin (AYB) İdarə Heyətinin üzvü, “Borçalı” İctimai Birliyinin sədri Dəyanət Osmanlı kitabda yer alan materialların məziyyətindən danışaraq deyib: “Bu nəşr ölkələrimiz arasında əlaqələrə ictimai dəstək ifadə edir. Gürcüstanəsilli soydaşlarımız Azərbaycanın istiqlal mübarizəsində, ərazi bütövlüyünün bərpasında qəhrəmanlıqlar göstərmişlər. Onların arasında onlarla şəhid və qazilər, Milli qəhrəmanlar, müxtəlif orden və medallarla təltif olunanlar vardır. Bütün şəhidlərin əziz xatirəsi unudulmaz və əbədidir”.
Tədbirdə çıxış edən digər natiqlər də Vətən uğrunda mübarizədə şücaət göstərmiş soydaşlarımızın daim diqqətdə saxlanılmasının, onların döyüş yolu haqqında yeni kitabların nəşr olunmasının vacibliyindən və bu nəşrlərin gənc nəslin vətənpərvərlik ruhunda yetişməsindəki rolundan söhbət açıblar.
Sonda GAK sədri Hüseyn Yusubova “Borçalının fəxri”, Qafqaz Türk Medianın əməkdaşı, AYB üzvü İbramxəlil Tamıyevə isə “Borçalının vətənpərvər aydını” diplomları təqdim olunub.