Əlilliyi olan gənclərin peşə hazırlığı üzrə növbəti qiymətləndirilməsi təşkil edilib
Bakı, 10 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində peşə hazırlığı keçən 16 gəncin qiymətləndirməsi aparılıb.
Bu barədə AZƏRTAC-a Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, benefisiarların kurs müddətində biliklərə yiyələnmə səviyyəsini yoxlamaq məqsədi daşıyan qiymətləndirmə kompüter istifadəçisi, manikür, kişi bərbəri, dərzilik və aşpaz köməkçisi peşələri daxil olmaqla 8 istiqamət üzrə keçirilib.
İmtahan komissiyasının qərarına əsasən tələbələrdən 7 nəfərinə şəhadətnamə, 9-na arayış təqdim edilib. Ümumilikdə isə 2026-cı il ərzində müəssisədə 2 dəfə qiymətləndirmə aparılıb və prosesə 45 nəfər cəlb edilib. Onlardan 29 nəfəri kursları şəhadətnamə ilə bitirib.
Qeyd edək ki, Mərkəzdə 15-35 yaşlı əlilliyi olan şəxslərin peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir. Burada müxtəlif peşələr üzrə 3-6 aylıq kurslar təşkil olunur.