Valdas Dambrauskas: Sabah tarix yazıb Azərbaycan xalqını sevindirmək istəyirik
Bakı, 10 avqust, AZƏRTAC
İlk matçda bir qol fərqi ilə məğlub olmuşuq. Bunu aradan qaldırmaq çətin deyil.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda Danimarkanın "Orxus" komandası ilə keçirəcəkləri cavab oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, komandada ab-havanın yaxşı olduğunu bildirib: "Futbolçularım oyuna hazırdırlar. Heç bir problemimiz yoxdur. İstəyirik ki, sabah tarix yazaq və Azərbaycan xalqını sevindirək".
Litvalı mütəxəssis rəqibin heyətində təhlükəli və yaxşı oyunçuların olduğunu söyləyib: "Doğrudan da ilk matçda yaxşı futbol sərgilədik. Əlbəttə ki, nəticə də bizim üçün önəmlidir. "Orxus" elə komandadır ki, qol epizodlarını az yaratsa da, bunları reallaşdırmağı bacarır. Danimarkada müəyyən səhvlər etdik. Hansı tərəf xırda detalları daha yaxşı təhlil etsə, həmin kollektiv də növbəti raunda yüksələcək. Düşünürəm ki, küləkli hava şəraiti oyuna təsir göstərməyəcək”.
Baş məşqçi komandasının çoxlu sayda qol fürsəti yaratmasının onu sevindirdiyini vurğulayıb.
Qeyd edək ki, avqustun 11-də Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq “Sabah” – “Orxus” görüşü saat 20:00-da başlayacaq. Komandalar arasında Danimarkada keçirilmiş ilk matçda meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar.
Bu cütün qalibi pley-off mərhələsində "Srvena Zvezda" - "Hapoel" (Ber-Şeva, İsrail) duelinin güclüsü ilə qarşılaşacaq. Məğlub tərəf isə Avropa Liqasının pley-offunda "Benfika" (Portuqaliya) - "Harts" (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.