Azərbaycanda frilans anlayışının qanunvericilikdə təsbit olunması rəqəmsal iqtisadiyyata əlavə dəyər yaradacaq - Ekspert VİDEO
Bakı, 10 avqust, AZƏRTAC
Dünyada əsas iqtisadi sektorların rəqəmsal transformasiyası fonunda informasiya kommunikasiya texnologiyaları mütəxəssislərinin rolunun əhəmiyyəti getdikcə artır. Azərbaycanda frilans fəaliyyətinin qanunvericilikdə təsbit olunması isə rəqəmsal iqtisadiyyatın inkişafına mühüm töhfə verə bilər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov səsləndirib.
Elvin Abbasovun sözlərinə görə, frilans fəaliyyətinin hüquqi çərçivəyə salınması uzun illər bu sahədə çalışan mütəxəssislərin üzləşdiyi bir sıra problemlərin həllinə imkan yaradacaq.
“Uzun illərdir Azərbaycanda yaşayan və xarici şirkətlər üçün distant çalışan informasiya texnologiyaları (İT) mütəxəssislərinin bir qismi gəlirlərini qonşu Gürcüstanda açdıqları bank hesabları vasitəsilə əldə edirdilər. Frilans fəaliyyətinin ölkəmizdə hüquqi baxımdan tanınması bu vəsaitlərin Azərbaycanda qalmasına və yerli maliyyə sisteminə daxil olmasına şərait yarada bilər”, – deyə E.Abbasov bildirib.
Ekspert qeyd edib ki, frilans fəaliyyətinin tanınması həm İT mütəxəssislərinin motivasiyasını artıracaq, həm də bank sektoru və rəqəmsal iqtisadiyyat üçün yeni imkanlar yaradacaq. Onun fikrincə, bu addım ölkədən “beyin axını”nın qarşısının alınmasına da müsbət təsir göstərə bilər.
E.Abbasov vurğulayıb ki, frilans fəaliyyətinin hüquqi çərçivəyə salınması ilə yanaşı, bu sahənin inkişafını dəstəkləyəcək əlavə mexanizmlərin də yaradılması vacibdir. Belə mexanizmlər sırasında rəqəmsal köçəri vizası (“Digital Nomad”) və xarici İT mütəxəssislərinin Azərbaycanda fəaliyyət göstərməsi üçün əlverişli hüquqi və inzibati şəraitin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.
“Frilans anlayışının yalnız qanunvericilikdə təsbit olunması ilə kifayətlənməməliyik. Onu dəstəkləyəcək alt komponentlər də qısa müddətdə formalaşdırılmalıdır. Bu, Azərbaycanda İT sektorunun gücləndirilməsi, xarici mütəxəssislərin ölkəyə cəlb olunması və rəqəmsal iqtisadiyyatın inkişafı baxımından mühüm addım olar”, – deyə assosiasiya sədri əlavə edib.
E.Abbasov iqtisadiyyatın digər sahələrində də rəqəmsal transformasiyanın sürətləndirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, İT sektorunun inkişafı yalnız texnoparkların yaradılması ilə məhdudlaşmamalı, iqtisadiyyatın bütün sahələrində fəaliyyət göstərən şirkətlər üçün əlverişli biznes mühiti və stimullaşdırıcı mexanizmlər formalaşdırılmalıdır.
Ekspert qeyd edib ki, kənd təsərrüfatı və enerji sektoru Azərbaycanda rəqəmsal həllərin tətbiqi üçün mühüm istiqamətlərdəndir. İqtisadiyyatın istehlakçı ölkədən istehsalçı ölkəyə transformasiyası baxımından isə İKT və rəqəmsal texnologiyalar strateji əhəmiyyət daşıyır.
“İT sektoru yalnız texnoparklarla inkişaf etdirilə biləcək sahə deyil. Burada ümumi iqtisadi yanaşma, həm mütəxəssislər, həm də şirkətlər üçün əlverişli və rəqabətqabiliyyətli mühit yaradılmalıdır. Xarici şirkətlərin Azərbaycanda fəaliyyət göstərməsi üçün daha rahat şərait formalaşdıqca, ölkənin İKT və rəqəmsal iqtisadiyyat potensialı da güclənəcək”, – deyə E.Abbasov vurğulayıb.
Müxbir – Pərvanə Qafarova