Azərbaycanda ilk dəfə “AVAZ” Gənclərin Xor Düşərgəsi təşkil edilib
Bakı, 10 avqust, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin dəstəyi və Bakı İctimai Xorunun təşkilatçılığı ilə avqustun 5-9-da Şəki Olimpiya İdman Kompleksində Azərbaycanda ilk dəfə “AVAZ” Gənclərin Xor Düşərgəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, düşərgənin ilk günündə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin Şəkidə ucaldılmış abidəsini ziyarət ediblər.
Ardınca keçirilən açılış mərasimində düşərgənin məqsəd və proqramı barədə məlumat verilib, istedadlı gənclərin ifasında Azərbaycan və dünya musiqisindən nümunələr səsləndirilib.
Düşərgə müddətində gənclərin musiqi və şəxsi inkişafına yönəlmiş müxtəlif təlim və fəaliyyətlər təşkil olunub. İştirakçılar yoqa, “Xoreoqrafik səhnə hərəkəti, səhnə danışığı”, “Layihələrin idarə edilməsi”, “Komanda quruculuğu”, “Yaradıcılıqda rəqəmsal alətlərin tətbiqi” mövzularında təlimlərə cəlb edilib, gənclər arasında intellektual oyun keçirilib.
Düşərgə çərçivəsində “Musiqiçilərin biznes mühitinə inteqrasiyası, musiqi industriyasının inkişafı” mövzusunda ictimai müzakirə keçirilib. Görüş zamanı gənclərin sualları cavablandırılıb, musiqi sahəsində mövcud çağırışlar və onların həlli istiqamətləri müzakirə olunub.
Bəstəkar və pianoçu Tural Məmmədli, populyar gitara ifaçısı Rəhman Məmmədli ilə keçirilən konsert-görüşlərdə müxtəlif musiqi nümunələri səsləndirilib, Azərbaycan musiqi mədəniyyətinin beynəlxalq səviyyədə təbliği və musiqiçilərin yaradıcılıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Düşərgə çərçivəsində Bakı Musiqi Akademiyasının baş müəllimi Dmitriy Babayevin interaktiv xor sessiyaları, Əməkdar artist Anar Şuşalı və Şölə Səfərəliyevanın ustad dərsləri iştirakçıların vokal və ifaçılıq bacarıqlarının inkişafına, xor sənətinə marağının artırılmasına və səhnə təcrübələrinin zənginləşməsinə töhfə verib.
“AVAZ” iştirakçıları avqustun 8-də Qax rayonunun İçəri Bazar qala kompleksində, avqustun 9-da isə Şəki Xan Sarayında konsert proqramı ilə çıxış ediblər. Konsertlərdə gənclərin solo ifaları ilə yanaşı, xor kollektivi tərəfindən “Qarabağ”, “Tələbə”, “Bayatılar”, “Love” və “Sarı gəlin” əsərləri təqdim olunub.
“AVAZ” Gənclərin Xor Düşərgəsinin əsas məqsədi gəncləri xor sənəti ətrafında bir araya gətirmək, onların musiqi və yaradıcılıq potensialının inkişafına dəstək olmaq, eyni zamanda, Azərbaycan xor mədəniyyətinin inkişafına yeni nəfəs gətirməkdir. Bakı İctimai Xoru isə “musiqi hər kəs üçündür” prinsipi əsasında xor sənətini daha geniş auditoriyaya çatdırmağı və Azərbaycanda inklüziv, müasir və davamlı xor mədəniyyətinin formalaşmasına töhfə verməyi qarşısına məqsəd qoyub.