Qəbələdə 10 ildə 1,5 milyondan çox müraciət “ASAN”laşdırılıb
Bakı, 10 avqust, AZƏRTAC
Qəbələ regional “ASAN xidmət” mərkəzi Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 2016-cı il avqustun 10-da açılıb.
AZƏRTAC xəbər verir ki, həmin il avqustun 20-dən fəaliyyətə başlayan mərkəz Qəbələ, İsmayıllı, Oğuz, Qax, Zaqatala, Ağsu, Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında qeydiyyatda olan 830 minə yaxın vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir.
Mərkəzdə dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 400-ə yaxın xidmət göstərilir.
Ötən müddət ərzində Qəbələ regional “ASAN xidmət” mərkəzinə 1 milyon 505 minə yaxın vətəndaş müraciəti qeydə alınıb.
Mərkəzdə vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş “ASAN kafe”, uşaqlar üçün əyləncə guşəsi də mövcuddur.
Fəaliyyət göstərdiyi müddət ərzində mərkəzdə 900-ə yaxın könüllü məzun olub.
Hazırda ölkəmizdə 28 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si Bakı şəhərində, 2-si Gəncədə, 2-si Sumqayıtda olmaqla digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən, Salyan, Naxçıvan, Lənkəran və Şuşadadır.
Bu günədək “ASAN xidmət” mərkəzlərinə 9 milyon 200 mindən çox vətəndaşın 100 milyondan çox müraciəti daxil olub.
Rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,8 faiz təşkil edir.