Azərbaycanda insult və neyrovaskulyar xəstəliklərin vahid reyestri yaradılır
Bakı, 10 avqust, AZƏRTAC
Almaniya–Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyəti və Almaniyanın “GFO Troisdorf” Xəstəxanalar Qrupunun nümayəndə heyəti ilə TƏBİB-in rəhbər şəxsləri arasında görüş keçirilib.
Bu barədə AZƏRTAC-a TƏBİB-dən məlumat verilib. Görüşdə TƏBİB-in icraçı direktorunun müavini Bahadur Rzayev, Almaniya–Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Almaniyanın “GFO Troisdorf” Xəstəxanalar Qrupunun baş həkimi Nuran Abdullayevin rəhbərlik etdiyi xarici nümayəndə heyəti və digər mütəxəssislər iştirak ediblər.
Görüş zamanı insult və digər neyrovaskulyar xəstəliklər üzrə klinik məlumatların vahid reyestrdə toplanmasını nəzərdə tutan “Caspian Neurovascular Outcomes Registry” layihəsi təqdim olunub. Layihənin müalicə nəticələrinin qiymətləndirilməsi, elmi tədqiqatların dəstəklənməsi və xidmət keyfiyyətinin artırılmasına töhfə verəcəyi vurğulanıb.
Tərəflər tibb işçilərinin Almaniyada ixtisasartırma proqramlarında iştirakı, yerli mütəxəssislər üçün təlimlərin təşkili, peşəkar bilik mübadiləsinin genişləndirilməsi, habelə insult xidmətlərinin təkmilləşdirilməsi istiqamətində Almaniya təcrübəsinin tətbiqi imkanlarını müzakirə ediblər. Əməkdaşlıq çərçivəsində professor Nuran Abdullayevin iştirakı ilə Yeni Klinikada tibbi konsilium da keçirilib. Konsilium zamanı mürəkkəb klinik-radioloji hallar müzakirə edilib, həmçinin radiologiya xidmətlərinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, skrinninq proqramlarının tətbiqi, o cümlədən referans mərkəz modelinin inkişafı mövzuları danışılıb. Nuran Abdullayev Yeni Klinikanın İnsult Mərkəzi və Angioqrafiya bölməsinin fəaliyyəti ilə də tanış olub.