Qusar və Xaçmaz rayonlarında ət kəsimi məntəqələrində məlumatlandırma aksiyaları təşkil edilib
Bakı, 2 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) həyata keçirdiyi “Erkən kəsimə son!” maarifləndirmə kampaniyası davam edir.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, kampaniya çərçivəsində agentliyin regional bölmələrinin əməkdaşları tərəfindən Qusar və Xaçmaz rayonlarında fəaliyyət göstərən ət kəsimi məntəqələrində məlumatlandırma aksiyaları təşkil olunub. Tədbirlər zamanı fermerlərə, heyvandarlıq sahəsində çalışan şəxslərə və məntəqə əməkdaşlarına agentlik tərəfindən hazırlanmış buklet və flayerlər təqdim edilib.
Paylanılan maarifləndirici materiallarda quzuların erkən yaşda kəsilməsinin yaratdığı fəsadlar barədə ətraflı məlumat verilib. Bildirilib ki, erkən kəsilən quzulardan əldə olunan ət tam formalaşmadığı üçün qida dəyəri aşağı olur. Eyni zamanda, bu hal heyvanların genetik potensialının zəifləməsinə, məhsuldarlığın azalmasına və ölkədə ət istehsalının davamlılığına mənfi təsir göstərir.
Qeyd edək ki, kampaniyanın əsas məqsədi erkən kəsimin mənfi nəticələri barədə ictimai məlumatlılığı artırmaq, fermerlər və heyvandarlıqla məşğul olan şəxslər arasında maarifləndirməni gücləndirmək, həmçinin bu halların qarşısının alınmasına ictimai dəstəyi genişləndirməkdir. “Erkən kəsimə son!” kampaniyasına indiyədək millət vəkilləri, ictimai fəallar və tanınmış blogerlər də qoşularaq dəstək veriblər. Onlar müxtəlif platformalarda çıxış edərək quzuların erkən kəsilməsinin qarşısının alınmasının heyvandarlığın inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından vacibliyini ictimaiyyətin diqqətinə çatdırıblar.