İDMAN
Qusarda buzadırmanma idman növü üzrə açıq Azərbaycan çempionatı keçiriləcəkdir
Bakı, 28 yanvar (AZƏRTAC). Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (AHEİNF) Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə yanvarın 28-30-dа Qusarın Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə buzadırmanma idman növü üzrə açıq Azərbaycan çempionatı keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, çempionatda Rusiya, Türkiyə və Ukrayna idmançıları da mübarizə aparacaqlar.
Yarışda AHEİNF-nin “Dağ hazırlığı məktəbi”, Respublika Alpinist Turist Klubu, “Ekosport”, “A+A”, “Climb-club”, “Bakı Dövlət Universiteti”, Memarlıq və İnşaat Universitetinin “Edelveys”, “Qərb Universitetinin idman klubu”, Azərbaycan Turizm İnstitutunun “AMEAST”, Qusardan “Salavat”, “Qusar” və “Zirvə”, İsmayıllıdan “Babadağ” klublarından 60 idmançı iştirak edəcəkdir.
Yanvarın 29-da idmançılar buzadırmanma idman növünün mürəkkəbliyi üzrə, bir gün sonra isə sürət üzrə yarışacaqlar.
Çempionatı idarə edəcək 20 nəfərlik hakimlər dəstəsinə ötən il Rusiyanın Kirov şəhərində Beynəlxalq Dağçılıq Federasiyası (UIAA) tərəfindən keçirilən seminarlarda müvafiq UIAA hakim-aspirantı dərəcəsini almış Yevgeniya Nəcəfova və Yaqub Əsədov tərəfindən təlim keçirilmişdir.
######