SİYASƏT
Qusarda “Müstəqilliyimiz əbədidir” mövzusunda tədbir keçirilmişdir
Qusar, 18 oktyabr (AZƏRTAC). Qusardakı Heydər Əliyev Mərkəzində 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon gənclərinin iştirakı ilə keçirilmiş tədbirdə “Müstəqilliyimiz əbədidir” mövzusunda müzakirələr aparılmışdır. Bildirilmişdir ki, 22 il əvvəl - 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin sessiyasında tarixi sənəd qəbul edilmişdir. Ulu öndər Heydər Əliyev 1993-cü ildə ölkəmizdə ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanın müstəqilliyini əbədi və dönməz etmişdir. Ümummilli Liderin başçılığı ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar ölkəmizin bugünkü uğurları üçün ən etibarlı təməl olmuşdur.
Tədbirdə ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən danışılmışdır. Qeyd edilmişdir ki, bu siyasət gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətimizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi istiqamətində aparılır.