Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

RAMİZ MEHDİYEV: “AZƏRBAYCANIN SİYASİ GƏLƏCƏYİ HEYDƏR ƏLİYEVİN FƏAL TƏRƏFDARLARI VƏ ARDICILLARI İLƏ BAĞLIDIR”

24-ü müstəqil Azərbaycanın tarixinə qızıl xətlə yazılacaqdır. Məhz həmin gün respublikanın vətəndaşları Prezident Heydər Əliyev tərəfindən təklif olunmuş “Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında” aktın layihəsinə ümumxalq səsverməsində fəal iştirak etmişlər. Referenduma çıxarılan məsələlərin son dərəcə aktual olduğunu və Azərbaycanın dövlət quruculuğunun hüquqi əsasının təkmilləşdirilməsinə və möhkəmləndirilməsinə yönəldildiyini başa düşən xalq, vaxtında irəli sürülmüş bu təşəbbüsə öz müsbət münasibətini nümayiş etdirərək, Heydər Əliyevin siyasətini dəstəklədi. 

“Bakinski raboçi” qəzeti redaksiyasının xahişi ilə, Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev referendumun necə keçdiyindən, Azərbaycan cəmiyyətinin həyatının müxtəlif sahələrində nə kimi dəyişikliklər baş verdiyindən və bir çox digər məsələlərdən danışır.

- Bir sıra müxalifət partiyalarının rəhbərləri xalqı referendumu boykot etməyə çağırsa da, beynəlxalq müşahidəçilərin etirafına görə, referendum baş tutdu və çox mütəşəkkil keçdi. Azərbaycan xalqı yeni müstəqil dövlət quruculuğunda Prezident Heydər Əliyevin rolunu hələ də şübhə altına almağa can atanların sözünə uymadı.

- Referenduma çıxarılmış məsələlər demokratik, hüquqi dövlətin tələblərinə tamamilə cavab verir. Yeddi il əvvəl qəbul olunmuş Konstitusiyamızı daha da təkmilləşdirmək zərurətini həyatın özü tələb edirdi. Ölkənin əsas qanunvericilik sənədindəki dəyişikliklər müstəqil Azərbaycanın ərazisində yaşayan hər bir insanın hüquq və azadlıqlarının qorunmasına əlavə təminatlarla, seçki sistemi, dövlət hakimiyyəti orqanlarının fəaliyyəti ilə bağlıdır.

Referendumda respublika vətəndaşlarının 83 faizi iştirak etdi və onların 96 faizi dəyişikliklərə səs verdi. Bu rəqəmlər Konstitusiyaya təklif olunmuş düzəlişlərin əhali tərəfindən qeyd-şərtsiz bəyənildiyini göstərir və xalqın birliyini, Prezident Heydər Əliyevin siyasi xətti ətrafında sıx birləşdiyini nümayiş etdirir. Odur ki, heç bir pozucu qüvvələr və müxalifət partiyaları hadisələrin gedişinə, vətəndaşların ümumxalq səsverməsində iştirak etmək qərarına təsir göstərə bilmədi, çünki ölkə əhalisi Azərbaycanın həyatındakı dəyişikliklərin vacibliyini və əhəmiyyətini dərk edir.

Yadınızdadırsa, radikal müxalifət lap əvvəldən, əsasən, üç düzəlişlə, daha dəqiq desək, 83-cü, 105-ci maddələrdəki və 130-cu maddənin III hissəsinin 7-ci bəndindəki dəyişikliklərlə razı deyildi. Birinci düzəlişdə proporsional seçki sisteminin ləğv olunması və Milli Məclisə seçkilərin ancaq majoritar sistem əsasında keçirilməsi təklif edilirdi. Yeri gəlmişkən, ABŞ-da, Böyük Britaniyada, Kanadada, Avstraliyada və bir çox digər demokratik ölkələrdə seçkilər majoritar sistem üzrə keçirilir. “Müsavat”, Milli İstiqlal, Xalq Cəbhəsi və Demokrat partiyalarının rəhbərləri öz narazılığını onunla əsaslandırırdılar ki, guya bu dəyişiklik çoxpartiyalı sistemə zərbə vuracaqdır. Lakin onların tezisi bir çox ölkələrin çoxillik təcrübəsi ilə təkzib edilir. Majoritar sistemin əsasında seçicilərin daha çox səsini toplamış namizəd durur. Belə sistem zamanı seçici kimə səs verdiyini və gələcəkdə onun qarşısında kimin məsuliyyət daşıyacağını bilir.

105-ci maddəyə təklif olunan düzəlişdə Prezident obyektiv səbəblərə görə səlahiyyətlərini özü yerinə yetirə bilmədikdə, onun səlahiyyətlərinin parlamentin sədrinə deyil, baş nazirə verilməsi nəzərdə tutulurdu. Onların fikrincə, bu düzəliş ölkənin həyatında parlamentin rolunu aşağı salır. Siyasi opponentlərimiz bu məsələdə də ictimai şüurdan, elektoratın müəyyən hissəsinin məlumatsızlığından sui-istifadə edirlər. Problemin mahiyyəti isə bundadır ki, indiki halda Azərbaycan rəhbərliyi bir çox ölkələrdə, o cümlədən Rusiyada, Fransada və ABŞ-da mövcud olan təcrübəni əsas götürmüşdür. Bu dövlətlərin hamısında vahid qayda var: Prezident tutduğu vəzifədən vaxtından əvvəl getdikdə, onun səlahiyyətlərini icra hakimiyyəti iyerarxiyasında ikinci yeri tutan şəxs, yəni vitse-prezident və ya baş nazir icra edir. Unutmamalıyıq ki, Konstitusiyaya görə, Azərbaycanda prezident respublikası modeli qüvvədədir. Qeyri-demokratik müxalifətin rəhbərləri isə heç bir məntiqi dəlil olmadan, bu məsələdə bir çox Qərb dövlətlərində uğurla tətbiq edilən konstitusiya qaydasının əleyhinə çıxırlar.

130-cu maddənin III hissəsinin 7-ci bəndinə düzəlişə gəldikdə, bildiyiniz kimi, o, mülki məhkəmələr sisteminə siyasi partiyaları və qeyri-hökumət təşkilatlarını buraxmaq hüququ verərək, sonuncuların təkcə Konstitusiya Məhkəməsinə deyil, bütün məhkəmə instansiyalarına müraciət etməsinə, aşağı məhkəmələrin qərarlarından apellyasiya qaydasında Konstitusiya Məhkəməsinə də şikayət verməsinə və qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyətinin bütün subyektlərinin, partiyaların hüquq bərabərliyinin gözlənilməsinə təminat verir.

Ümumxalq səsverməsi yolu ilə Azərbaycan Konstitusiyasına edilmiş dəyişikliklər siyasi sistemin təkmilləşdirilməsinə, çoxpilləli ədalət mühakiməsinin həyata keçirilməsinə, respublika vətəndaşlarının hüquq və azadlıqlarının genişləndirilməsinə yönəldilmişdir və bizim siyasi və hüquqi sistemimizi sovet və postsovet hüquq sisteminin özünü doğrultmayan siyasi və hüquqi normalarından, “qalıqlarından” azad edir. Siyasi opponentlərimizin iddialarının əksinə olaraq, biz Konstitusiyamızı, qanunlarımızı və digər normativ-hüquq aktlarımızı ayrı-ayrı şəxslərin, hansısa hakimiyyət qruplarının siyasi mənafelərinə, hakimiyyət və cəmiyyətdə nüfuz uğrunda mübarizə mülahizələrinə uyğunlaşdırmırıq. Eyni zamanda, biz mühüm siyasi qərarlar qəbul olunarkən və hüquq sistemi təkmilləşdirilərkən ayrı-ayrı siyasi partiyaların, siyasi və regional qruplaşmaların siyasətbazlıq edən “liderlərinin” məhdud şəxsi və korporativ mənafelərini əsas götürə bilmərik. Bizim üçün başlıcası, vətəndaşların hüquqlarının və əsas azadlıqlarının qorunması üçün səmərəli sistem yaradılması, siyasi və iqtisadi sistemin rəvan inkişafına, siyasi proseslərin ardıcıl, ağrısız getməsinə təminat verilməsidir.

Əlbəttə, demokratikləşdirmə prosesi, hüquq normalarının və siyasi mədəniyyətin Qərbi Avropanın hamılıqla qəbul edilmiş standartlarına yaxınlaşdırılması özlüyündə mürəkkəb, uzunsürən proses olub, təşkilati və tərbiyəvi xarakterli ardıcıl, məntiqi tədbirlər görülməsini, yeni siyasi dəyərlərin siyasətin hər bir subyektinin, hər bir insanın həyat tərzinə çevrilməsini tələb edir. Ona görə də, biz cəmiyyətimizin həyatı ilə bağlı bu taleyüklü məsələlərdə tələsməyin, irəliyə qaçmağın əleyhinəyik. Biz istəyirik ki, qəbul etdiyimiz yeni qanunlar və siyasi normalar cəmiyyətin daha da sabitləşməsinə və sıx birləşməsinə, həqiqi demokratikləşməyə xidmət etsin. 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızın bu mühüm dəyişikliklərə ehtiyacı var idi. Bunu idarəçilik sistemində tərəqqinin mənafeləri də tələb edirdi. Nə gizlədim, biz beynəlxalq təcrübədən də istifadə etmişik ki, bu da təbii prosesdir. Axı, heç bir hüquq sistemi sırf milli hadisə deyildir, heç bir dövlət öz hüquq sistemini digər ölkələrin təcrübəsini nəzərə almadan yaratmayıbdır.

- Doğrudanmı majoritar sistem, müxalifət ideoloqlarının iddia etdikləri kimi, siyasi qüvvələrin real nisbətini və onların parlamentdə buna uyğun təmsil olunmasını əks etdirmir? Bu barədə düzəliş respublikada çoxpartiyalı sistemin inkişafına mane ola bilərmi?

-Majoritar seçki sisteminin mahiyyəti ondadır ki, seçicilərin səslərinin müəyyən çoxluğunu toplamış namizəd seçkilərdə qalib gəlmiş hesab edilir. Respublikanın qanunvericiliyi seçkilərin növündən /prezident, parlament seçkiləri və ya yerli seçkilər/ asılı olaraq, səslərin məhz hansı çoxluğunu - nisbi və ya mütləq çoxluğunu toplamağın zəruriliyini müəyyənləşdirir. Buna uyğun olaraq, nisbi çoxluğun majoritar sistemini və mütləq çoxluğun majoritar sistemini fərqləndirirlər. Nisbi çoxluğun majoritar sistemində öz rəqiblərinin hamısından çox səs toplamış namizəd seçilmiş hesab edilir. Bu sistem sadədir, çünki hətta minimum üstünlük qazanmış bir namizədin qələbəsini təmin edir. Dediyim kimi, hazırda bu sistemdən ABŞ-da, Kanadada, Böyük Britaniyada, Yeni Zelandiyada və digər ölkələrdə istifadə olunur.

Mütləq çoxluğun majoritar sistemi nəzərdə tutur ki, səsvermədə iştirak etmiş seçicilərin səslərinin yarısından çoxunu /50 faiz üstəgəl bir səs/ qazanmış namizəd seçilmiş hesab olunur. Fransada V Respublikanın bütün prezidentləri bu sistem üzrə seçilmişlər və yalnız 1958-ci ildə Şarl de Qoll birinci dövrədə səslərin 78,5 faizini toplamağa müvəffəq olmuşdu, qalan prezident seçkilərinin hamısı iki dövrədə keçirilmişdir.

Adı çəkilən seçki sisteminin bir sıra müsbət cəhətləri var: seçicilərlə deputatlığa namizədlər arasında bilavasitə əlaqənin olması partiyaların iriləşməsinə və sabit çoxpartiyalı sistemin yaranmasına kömək edir. Bu müsbət cəhətləri əsas götürərək, ölkə Konstitusiyasına düzəliş etmək qərara alınmışdır.

Zənnimcə, Konstitusiyaya yeni düzəlişlər ediləndən sonra partiyalararası və partiyadaxili proseslərdə əhəmiyyətli dəyişikliklər baş verməyəcəkdir. Bu düzəlişin partiyalara mənfi təsirindən danışmağa dəyməz. Siyasi partiyalar siyasi mübarizənin ehtiyaclarından yaranır və qanuna uyğun olaraq fəaliyyət göstərirlər. Siyasi partiyaların sosial bazası, idarəetmə sistemi və fəaliyyəti seçki sistemlərindən asılı deyildir. Bu dəyişikliklər ancaq dərnək tipli “partiyalara”, digərlərinin əlaltısı olan partiyalara təsir göstərə bilər. Öz ənənələri olan sabit partiyalar üçün isə yeni dəyişikliklər ancaq faydalı ola bilər. Sonuncu parlament seçkilərini yadınıza salın, onda partiya siyahıları, bir qayda olaraq, partiya “liderləri” tərəfindən öz bildikləri kimi və ya ilkin seçkilər - “praymeriz” əsasında tutulurdu. Onlar öz siyahılarına bu partiya qarşısında, əslində, heç bir xidməti olmayan, amma yalnız partiya bossları üçün “sərfəli” olan şəxsləri daxil edirdilər. Bu da, öz növbəsində, partiyalarda güclü narazılığa, kütləvi surətdə istefalara, siyasi təşkilatların parçalanmasına gətirib çıxarırdı. AMİP-də, ADP-də, AXCP-də və digər partiyalarda məhz belə olmuşdur.

Majoritar sistem isə, əksinə, yerlərdə partiya strukturlarının inkişafına, yerli müxalifət elitasının irəli çəkilməsinə, ayrı-ayrı şəxsiyyətlərin həqiqi potensialının üzə çıxmasına, təkcə “yuxarıdan” deyil, həm də “aşağıdan” demokratikləşdirməyə təkan verir. Əgər partiyalar həqiqi demokratiyanın tərəfdarıdırsa, onlar yeni seçki sisteminin əleyhdarları ola bilməzlər.

- Bir çox ekspertlər, hətta bəzi beynəlxalq təşkilatların nümayəndələri hesab edirlər ki, Azərbaycanda demokratik müxalifət yoxdur. Bu, özünü onda da göstərir ki, bir sıra müxalifət partiyalarının rəhbərləri hər şeyi qara rəngdə görür, “əgər mən hökumət olsaydım, bu işi görərdim, o işi görərdim” prinsipi ilə hərəkət edərək, cəmiyyətdə baş verən müsbət dəyişiklikləri görmək istəmirlər.

- Biz istəsək də, istəməsək də, belə qənaətlərlə razılaşmalıyıq. Müxalifət partiyaları rəhbərlərinin ifrat demaqogiyalarına baxmayaraq, onları milli mənafelər az maraqlandırır. Onlar hakimiyyət davası aparır, yeni qisas almaq istəyirlər. Onlar ali münsif hüququnu mənimsəyərək, iqtidara qarşı ancaq əsassız, pozuculuq məqsədi daşıyan tənqidlə məşğuldurlar. Onlara elə gəlir ki, hər şeyi - nəyin yaxşı, nəyin isə pis olduğunu və vəziyyətin daha yaxşı olması üçün nə etmək lazım olduğunu həmişə bilirlər. Faktlar isə bunun əksini göstərir. Həyat onlara dərs olmadı. Bu adamlar bir il ərzində hakimiyyətdə oldular. Həmin müddətdə Azərbaycan xalqına və dövlətinə elə ziyan vurdular ki, ölkə o dövrün əzab-əziyyətini indi də çəkir. Yəqin ki, 1990-cı illərin əvvəllərini - dərəbəylik və anarxiyanın hökm sürdüyü, özbaşınalığın cəmiyyət həyatının bütün sahələrini bürüdüyü illəri xatırlayırsınız. Azərbaycan xalqının tarixinin taleyüklü dövründə özlərinin acizliyini və səriştəsizliyini nümayiş etdirən onlar deyildilərmi?!

Bu günədək təxminən 40 partiya qeydiyyatdan keçmişdir. Özü də onların böyük əksəriyyəti iqtidara müxalifətdədir. Lakin bu partiyalar real siyasi qüvvədən daha çox yamsılamadır, əsasən, öz taleyindən narazı olan, dəqiq ideya mövqeləri olmayan adamlardan ibarətdir. Bütün bunlar belə deməyə əsas verir ki, bizdə konkret təbəqəyə, yaxud da elektorata istiqamətlənmiş ciddi demoratik müxalifət partiyaları yoxdur.

Açıq-aşkar qəbul edilən liderin olmaması, partiya və bloklarda liderlik uğrunda gedən amansız mübarizə, ayrı-ayrı qruplaşmaların hegemonluq cəhdləri onların öz ziddiyyətləri və siyasi hikkələri içində dolaşıb qalmasına, partiyadaxili çəkişmələrə qurşanmasına gətirib çıxarmışdır. Bölgələrdə əhalinin dəstəyini qazana bilməmələrinin səbəbi isə çox sadədir - insanlar müxalif “siyasətçilərdən” hələ 1992-1993-cü illərdə məyus olmuşdular. “İndi bu partiyaları siyasi təşkilatlar deyil, Bakının mərkəzi hissəsi çərçivəsində daha çox şəxsi birliklər” hesab edənlər haqlıdırlar. Obrazlı desək, partiyalarda “liderlər” var, tərkibi və sosial bazası baxımından isə partiyaların özləri yoxdur.

Bu gün müxalifətçi qruplar istədikləri qədər mitinq keçirə və ya boykot edə bilərlər, amma bunun bir nəticəsi olmayacaq, çünki xalq onların “yürüşlərindən” və “yığnaqlarından” bezmişdir. İqtidarı tənqid etmək hər bir sivilizasiyalı ölkənin ictimai-siyasi həyatında adi haldır. Sağlam müxalifət iqtidara lazımdır. Lakin siyasi tarazlığı pozmağa çalışaraq, konstitusiya quruluşunun əsaslarının təftiş olunmasını tələb edənləri iqtidar dəstəkləməyəcəkdir.

- İqtidar və müxalifətin dialoqu demokratik dövlətin həyatında çox mühüm amildir. Bu gün iqtidarla müxalifətin qarşılıqlı münasibətləri necədir?

- Müxalifətçi partiya və hərəkatlar müasir Azərbaycanın siyasi sisteminin bir hissəsinə çevrilmişlər. İndi cəmiyyət həyatının bütün tərəflərini əhatə edən dəyişikliklər siyasi sahədə, bəlkə də, daha aydın və aşkar şəkildə nəzərə çarpır. Siyasi həyat siyasi proseslərin rəngarəngliyi və dinamikası ilə fərqlənən yeni məzmunla dolğunlaşır.

Əlbəttə, iqtidarla müxalifət arasında vicdanlı, normal, sivil münasibətlər bütün cəmiyyət üçün nümunədir, siyasi sabitliyə, əhalinin müxtəlif qrupları arasında siyasi mədəniyyət, tolerantlıq tərbiyə olunmasına kömək edir. Bu da millətin intellektual və mənəvi qüvvələrini təxirəsalınmaz ümummilli vəzifələrin həllinə, xalqın daxilində inteqrativ meyllərin güclənməsinə səfərbər etməyə yardım göstərir.

Lakin müxalifətin indiki mövqeyini normal və sivil mövqe hesab etmək olmaz. Onların qəzetlərini təhlil etmək kifayətdir. Bu cür münasibəti ölkə əhalisi də mənfi qarşılayır. Azərbaycanın ictimai fikri konkret siyasi mənsubiyyətindən asılı olmayaraq, siyasətçilər arasında sağlam, dözümlü münasibət olmasını tələb edir. Yeri gəlmişkən, Prezident Heydər Əliyevin simasında Azərbaycanın hakim komandası iqtidarla müxalifət arasında münasibətlərin normallaşmasına yönəldilmiş təşəbbüslərlə dəfələrlə çıxış etmişdir. Belə çağırışlar Yeni Azərbaycan Partiyasının birinci və ikinci qurultaylarında, Dağlıq Qarabağ probleminin Milli Məclisdə müzakirəsi zamanı, digər dövlət tədbirlərində olmuşdur. Hətta bəzən elə görünürdü ki, siyasi opponentlər mühüm ümummilli məsələlərdə, daxili siyasət problemlərində konsensusa gəlməyə yaxındırlar. Amma son anda gözlənilmədən nə isə müxalifət partiylarını mümkün kompromisləri pozmağa təhrik edirdi.

Hakimiyyət iddiaları göz qabağındadır. Bizim fikrimizcə, siyasi mədəniyyətin səviyyəsi yüksəldikcə, demokratik müxalifət formalaşdıqca iqtidarla müxalifətin münasibətləri normal məcraya düşəcək, kompromis qərar, ümumilli problemlərə ağılla yanaşma nümunəsi olacaqdır.

- Sizcə, Azərbaycanda normal demokratik müxalifət hansı istiqamətlərdə formalaşa bilər? Bu proses nə dərəcədə uzun çəkər?

- Son onillikdə Azərbaycanda siyasi mübarizənin gedişi göstərir ki, qeyri-demokratik, davakar əhval-ruhiyyəli müxalifətin əsas liderləri və ənənəvi tərəfdarları dəyişməz qalırlar. Bu illər ərzində müxalifətin sıralarına az adam, əsasən, dövlət qulluğundan uzaqlaşdırılmış adamların kiçik bir hissəsi, yaxud da hakimiyyət iddiaları ödənilməmiş şəxslər qoşulmuşdur. Bununla yanaşı, partiyaların sosial bazası dağılmaqda davam etmişdir ki, bu da nəticə etibarilə onların əksəriyyətinin, əslində, təriqətçi təşkilatlara, korporativ surətdə birləşmiş insanların dərnəklərinə çevrilməsinə gətirib çıxarmışdır. Köhnə müxalifətin sıraları bitərəflərin, xüsusən də hakim partiyadan olanların nəzərəçarpacaq dərəcədə sayı hesabına artmamışdır. Ona görə də belə bir fakt tamamilə normal və təbiidir ki, yeni müxalifətin formalaşması prosesi elə müxalifət mühitinin öz daxilində gedir. Bu nəticə indiki çoxpartiyalı sistemin təşəkkül tarixi ilə də təsdiqlənir. Əgər yaxın tariximizə nəzər salsaq görərik ki, indiki bir çox müxalifət partiyaları ayrı-ayrı qrupların Xalq Cəbhəsindən qopub ayrılması nəticəsində meydana gəlmişdir.

Məsələn, bu partiyaların rəhbərliyi gənclər tərəfindən ciddi müqavimət və narazılıqla qarşılaşır. Partiyanın yuxarı dairələrinin qeyri-konstruktivliyi, davakar radikalizmi, hakimiyyətlə mübarizə metodları, heç nə verməyən mütəmadi mitinqlər, yürüşlər gəncləri hiddətləndirir. Müşahidələr göstərir ki, bu ziddiyyətlər bundan sonra da dərinləşəcək və kəskinləşəcəkdir. Gənclər donuq təfəkkürlü, dünyada və ölkədə baş verən dəyişikliklərdən xəbərsiz olan ortodoksal rəhbərlərini uzaqlaşdırmaq istəyirlər.

Biz radikal, barışmaz partiyaların regional strukturları arasında böyük narazılıq olduğunu müşahidə edirik, onlar partiya rəhbərliyinin çirkin oyununda iştirak etmək istəmirlər. Bu partiyaların bir çox sıravi üzvləri cəmiyyətdə gedən müsbət dəyişiklikləri, quruculuq proseslərini, möhtəşəm iqtisadi və sosial layihələrin həyata keçirildiyini görərək, özlərinin “partiya bosları”na bütün inamlarını itirmişlər. Onlar öz “liderlərinin” siyasi xəttinin, taktika və strategiyasının (əgər belə şeylər varsa) perspektivsizliyini tədricən başa düşür və belə bir qənaətə gəlirlər ki, Prezident Heydər Əliyevin siyasətinin alternativi yoxdur. ADP-nin, Müsavatın, AMİP-in, AXCP-nin (istər “islahatçılar”, istərsə də “klassiklər” adlananların) yerli strukturlarından gözlərimiz qarşısında baş verən kütləvi surətdə tərketmə prosesini bununla izah etmək olar.

Partiyaların sıravi üzvləri hakimiyyət strukturlarına, Yeni Azərbaycan Partiyasına getdikcə daha çox nəzər-diqqət yetirirlər. Üstəlik də, partiyalardan onların yaradıcısı olan adamlar uzaqlaşırlar. Zənnimcə, konstruktiv, sivil müxalifətin təşəkkülü heç də sadə proses deyil və illərlə davam edəcəkdir.

Beləliklə, bu gün müxalifət partiyalarındakı obyektiv, sağlam düşüncəli bir çox insanlar partiya “liderlərinin” amirliyinə qarşı, onların düşünülməmiş, avantürist siyasətinə qarşı, həm antihökumət xarakterli, həm də, ümumən, dövlət mənafelərinə zidd olan əməllərinə qarşı etirazlarını getdikcə daha uca səslə bildirirlər. Hesab edirlər ki, onların partiyalarının “liderləri” özlərinin sosial bazasını, cüzi intellektual və təşkilat potensialını tükəndirərək qəzəblənmiş, təhlükəli yola qədəm qoymuşlar.

Yeri gəlmişkən, guya həm iqtidara, həm də müxalifətin özünə müxalif olan hansısa bir “üçüncü qüvvə”dən dəm vurmağı xoşlayan bəzi adamlar barəsində də danışmaq lazımdır. Onların fikrincə, vaxt gələcək, bu “üçüncü qüvvə” istər iqtidarda, istərsə də müxalifətdə olan “ən yaxşı qüvvələri” özündə cəmləşdirərək, “əsl müxalifət” rolunu öz üzərinə götürəcəkdir. Lakin ənənəvi müxalifətin daxilində gedən proseslər bu cür mülahizələrin tamamilə əsassız olduğunu göstərir və “üçüncü qüvvə” haqqında mifi puça çıxarır.

- Gələcək Prezident seçkilərində vahid namizədin irəli sürülməsi barədə müxalifət liderlərinin və ideoloqlarının vaxtaşırı rəyləri eşidilir. Referendumdan sonra bu məsələ mətbuatda daha tez-tez hallandırılmağa başlanmışdır. Bu məsələ barədə fikrinizi bilmək istərdik.

- Biz bunu mühüm və diqqət yetirilməyə layiq məsələ hesab etmirik, lakin buna baxmayaraq, ona cavab verməyə calışacağam. Siyasi partiya və hərəkatların hər hansı vəzifələrin həlli üçün birləşməsinin tarixi göstərir ki, belə birliklər, adətən, möhkəm olmur, müvəqqətidir və taktiki məqsədlər güdürlər, bu məqsədlərə çatdıqdan sonra iştirakçıların iddiaları artır, mənafelər toqquşur və bir-birlərini qəbul etmirlər. Bütün bunlar onların dağılmasına gətirib çıxarır və biz bunu müxalif qüvvələrin müxtəlif blokları və alyanslarının timsalında dəfələrlə görmüşük.

Məlumdur ki, müxalifətin vahid namizədi məsələsi ilk dəfə qaldırılmır. Hələ 1998-ci ildə, prezident seçkiləri ərəfəsində mərhum Ə.Elçibəy müxalifətdən prezidentliyə yeganə namizəd olmağa çalışırdı. Lakin o vaxt bir çox partiya liderləri onun namizədliyini dəstəkləmədi, sonra da öz namizədliklərinin real olmadığını görərək, prezident seçkilərində iştirakdan ümumiyyətlə imtina etdilər. Müxalifətin pərakəndə qüvvələrini bir bayraq altında birləşdirməyə sonralar da dəfələrlə cəhd göstərildi. Birləşmənin müxtəlif model və formatları uydurulurdu. Lakin bu cəhdlər elə başlanğıcdan uğursuzluğa məhkum idi. Məsələ ondadır ki, bu, tamamilə əks ideoloji məramnamələri olan ən müxtəlif siyasi qruplaşmaları prinsipsizcəsinə birləşdirmək cəhdləri idi. Bu qruplaşmalara başçılıq edən şəxslər isə, bir qayda olaraq, son dərəcə iddialı adamlardır və heç bir nüfuz sahibini tanımırlar. Təsadüfi deyil ki, onların bir çoxu - L.Şövkət, İ.İsmayılov, R.Quliyev, E.Məmmədov qarşıdakı seçkilərdə öz namizədliklərini irəli sürmək niyyətində olduqlarını qətiyyətlə bəyan edirlər. Bundan əlavə, bu adamları münaqişəli təfəkkür tərzi də fərqləndirir. Onlar ən yaxşı halda qrup liderləri və ya regional miqyaslı liderlərdir. Ona görə də müxalifətdən vahid namizəd məsələsi, yəqin ki, xəyaldır.

Sual olunur, onlar nəyin naminə birləşirlər? Yalnız hakimiyyəti ələ keçirmək naminə, Prezident Heydər Əliyevə qarşı vahid qüvvə yaratmaq üçün. Bu “birliklər” hər hansı mənəvi və etik əsasdan da məhrumdurlar. “Birləşənlər” hələ bu yaxın vaxtlaradək bir-birini hər cür günahlarda, xəyanətkarlıqda, satqınlıqda, dövləti cinayətlərdə təqsirləndirən adamlardır. Hər bir bu cür “birlik” kompramatlar müharibəsini yenidən qızışdırır, iqtidarın opponentləri arasında parçalanmanı daha da dərinləşdirir.

Daha bir məsələni də qeyd edim. Gəlin, nəzəri cəhətdən təsəvvürə gətirək ki, müxalifətçilər birləşdilər və Heydər Əliyevə qarşı vahid namizədlə çıxış edirlər. Lakin, əslində belə vəziyyət də heç nəyi dəyişdirmir. Ölkə vətəndaşlarının böyük əksəriyyəti Azərbaycan Prezidentinin siyasətinə real alternativi təsəvvürünə gətirmir. Azərbaycanın siyasi gələcəyi Heydər Əliyevin fəal tərəfdarları və ardıcılları, onun siyasətini ürəkdən dəstəkləyən adamlarla bağlıdır.

- Hazırda respublikadakı qeyri-hökumət təşkilatlarının rolunu və fəaliyyətini qənaətbəxş hesab etmək olarmı?

- Bu suala birmənalı cavab vermək asan deyildir. Qeyri-hökumət təşkilatları demokratik, vətəndaş cəmiyyətinin mühüm tərkib hissələrindən biridir. Tamamilə təbiidir ki, bu gün Azərbaycan cəmiyyəti QHT ideyasının özünü müsbət qarşılayır. Qeyri-hökumət təşkilatlarında müəyyən informasiya ehtiyatları, intellektual və təşkilati potensial cəmləşmişdir. Biz onların fəaliyyətini vacib və faydalı sayırıq. Müəyyən səbəblər üzündən dövlət strukturlarının fəaliyyəti çətinləşdikdə və ya bu sahələr, ənənəvi olaraq, ictimai təşkilatların fəaliyyət dairəsi olduqda, QHT-lərin işi xüsusilə səmərə verir. Həmin sahələrə xeyriyyəçilik fəaliyyəti, ana və uşaqların müdafiəsi, ekologiya, əhalinin aztəminatlı təbəqələri ilə iş kimi sahələr daxildir. QHT-lərin fəaliyyəti bir də ona görə faydalı və səmərəlidir ki, bu, Azərbaycan vətəndaşlarının müəyyən hissəsinə məşğulluq problemini həll etməyə imkan verir. Biz bu təşkilatları təxirəsalınmaz sosial və mədəni problemlərin həllində dövlətin mühüm tərəfdaşları sayırıq. Azərbaycan vətəndaşları beynəlxalq təşkilatlarla sıx əlaqədə işləyərək, bu strukturların fəaliyyət prinsipləri ilə tanış olur, qiymətli təcrübə toplayırlar ki, bu da gənc dövlət üçün olduqca vacibdir.

Bununla yanaşı, bəzi QHT-lərin fəaliyyətində mənfi məqamlar da var. Təssüf ki, QHT-lərin xeyli hissəsi müəyyən dərəcədə siyasiləşib, müəyyən siyasi qüvvələrin nüfuz dairəsindədir. Bu bir yana, müxalifətçi siyasi partiyalar xarici dövlətlərdən və beynəlxalq təşkilatlardan qrantlar almaq məqsədi ilə müxtəlif yönlü çoxsaylı QHT-lər yaratmışlar və bunlar çox zaman partiya strukturları rolu oynayırlar. Belə QHT-lər müəyyən ideoloji mövqelərdən çıxış edirlər. Təbii ki, onların işi müəyyən dərəcədə qərəzli xarakter daşıyır. Bu isə heç də siyasi ideyaların deyil, məhz ictimai ideyaların təbliğinə və həyata keçirilməsinə yönəldilməli olan QHT yaratmaq ideyasının və onun fəaliyyətinin üzərinə kölgə salır.

Siyasiləşdirilmiş QHT-lərin fəaliyyəti, bəzi beynəlxalq fondların və donor təşkilatların işi nəticəsində QHT rəhbərlərinin müəyyən hissəsində belə bir yanlış fikir yaranmışdır ki, qeyri-hökumət təşkilatları öz mahiyyəti etibarilə hökumətə zidd qurumlar olmalıdır.

Onların fikrincə, QHT-lər hökumətlə əməkdaşlıq etməməli, hökmən əks ideyalar və layihələrlə çıxış etməlidirlər. Müxalifət qüvvələri burada da öz “rolunu” oynayaraq, himayələrində olan QHT-ləri özlərinin siyasi kombinasiyalarının ünsürlərinə çevirmişlər.

Cəmiyyətdə siyasi partiyaların və QHT-lərin fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması barədə tələblər səslənir və mən bununla tam razıyam. Yeri gəlmişkən, bu tələblər müvafiq qanunlarda da öz ifadəsini tapmalıdır. Hakim partiya olan Yeni Azərbaycan Partiyası özünün illik maliyyə hesabatlarını müntəzəm surətdə açıqlamağa hazırdır. Müxalifət partiyaları isə bu cür çağırışlara əsəbiliklə reaksiya verərək, bunu onların partiyadaxili işinə müdaxilə kimi qiymətləndirirlər. Buna görə də siyasi dairələrin xeyli hissəsində müxalifət partiyalarının və QHT-lərin fəaliyyətinin maliyyə mənbələri barədə tamamilə haqlı şübhələr yaranır.

-Keçmiş sovet cəmiyyətində ideologiya onun əsas sistemyaradıcı ünsürlərindən biri, cəmiyyət və dövlət quruculuğunun mühüm amili idi. Bu ideologiya ətraflı şəkildə işlənilmişdi və insanların həyatının, əslində, bütün tərəflərini və sahələrini əhatə edirdi, nəzəriyyə və konsepsiyalarda sinfi mənafelərin və partiya mənafelərinin ifadəsi qəbul olunurdu. Lakin indi zəmanə də, adamlar da başqadır. Sizcə, bu gün bizə milli ideologiya lazımdırmı?

-Azərbaycan dövlətinin və cəmiyyətinin ideologiyası respublikamızın Konstitusiyasında əks olunmuşdur. Burada insan hüquqları və azadlıqlarının, ümumbəşəri dəyərlərin öncüllüyü, siyasi plüralizm, söz azadlığı, dövlətin dünyəvi xarakteri kimi əsas prinsiplər göstərilmişdir. Ona görə də cəmiyyətin hər bir subyektinin - fərdin və ya siyasi təşkilatın hər hansı ideologiyası ölkənin Əsas Qanununa uyğunlaşdırılmalıdır. Hüquqi dövlətdə hamı üçün məcburi olan vahid ideologiyadan əsla söhbət gedə bilməz. Bu, demokratiya və siyasi plüralizm prinsiplərinə zidd olardı.

Bununla yanaşı, qloballaşma dövründə ümumilli ideyalara tələbatı rədd edən iddialarla da razılaşmaq olmaz. İndi hətta inkişaf etmiş ölkələr və xalqlar da milli həyatın çox güclü amilləri olan ümumilli ideyalardan imtina etməmişlər. Zənnimcə, ictimai-siyasi və iqtisadi münasibətlərin transformasiyası dövrünü yaşayan ölkələr və xalqlar üçün güclü, canlı, cəlbedici ümummilli ideyalar xüsusilə zəruridir. Bu ideyalar tərəqqiyə doğru yolda düzgün istiqamət götürməyə, keçid dövrünün labüd çətinliklərini və toqquşmalarını ağrı-acısız dəf etməyə kömək göstərir.

Belə ideyalar kütləvi informasiya vasitələrinin, ictimai təşkilatların köməyi ilə aktuallaşdırıla və geniş yayıla bilər. Ümumilli ideyaların səmərəli və bəhrəli olması üçün onlar müəyyən meyarlara cavab verməlidir: əhalinin müxtəlif təbəqələri üçün inteqrativ, anlaşıqlı, vətəndaşların mənafelərinə və tələbatına yaxın olmalıdır.

-Heç kimə sirr deyil ki, Azərbaycan vətəndaşları öz gələcəyini Heydər Əliyevin adı ilə bağlayırlar. Onun hakimiyyətə qayıdışından sonra ölkədə böyük dəyişikliklər baş vermiş, insanlarda sabahkı günə inam yaranmışdır. Ölkədə və xaricdə bir çox tanınmış adamların fikirlərinin leytmotivi belədir. Siz bu barədə nə deyərdiniz?

-Bəli, həqiqətən, Prezident Heydər Əliyevin sayəsində bu gün Azərbaycan Respublikası həyatın bütün sahələrində, o cümlədən iqtisadiyyatda çox böyük uğurlar qazanmışdır. Respublika iqtisadiyyatına qoyulan sərmayələrin həcmi artır, xarici ticarət dövriyyəsi ilbəil genişlənir.

 

Düzgün iqtisadi strategiya nəticəsində ölkədə maliyyə-iqtisadi sabitlik təmin edilmiş, ardıcıl demokratik islahatlar aparmaq üçün lazımi hüquqi və iqtisadi baza yaradılmışdır. İndi biz ümumi daxili məhsul istehsalının artımına görə MDB dövlətləri arasında birinci yerdəyik. Xarici sərmayələrin qoyuluşu sahəsində də Azərbaycan MDB ölkələri arasında ən yüksək göstəricilərə malikdir.

Konkret faktlara və rəqəmlərə müraciət edək. 2002-ci ilin yanvar-iyul aylarında Azərbaycanda sərmayələrin həcmi 2001-ci ilin həmin dövründəki göstəricidən 2 dəfə çox olmuş və 5321,5 milyard manat təşkil etmişdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, xarici kapital qoyuluşlarının həcmi 4173,5 milyard manata (ümumi həcmin 78,4 faizinə) çatmışdır. Bank kreditləri 5,6 dəfə artaraq, 691 milyard manat və ya sərmayələrin ümumi həcminin 13 faizi qədər olmuşdur. Müəssisə və təşkilatların vəsaitləri hesabına sərmayələr 86,3 faiz artaraq, 4233 milyard manata çatmışdır ki, bu da əsas kapital kimi qoyulmuş bütün vəsaitin 79,5 faizini təşkil edir.

Əhali tərəfindən qoyulmuş sərmayələrin göstəricisi 255,2 milyard manata (artım - 61,5 faiz), dövlət büdcəsindən qoyulmuş sərmayələrin göstəricisi isə 75,4 milyard manata bərabərdir.

Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində 1994-cü ilin sentyabrında “Günəşli”, “Çıraq” və “Azəri” dəniz yataqlarının işlənilməsinə dair “Əsrin müqaviləsi” bağlanmış, onu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinə daxil olan 12 şirkət imzalamışdır. “Əsrin müqaviləsi”nin uğurla həyata keçirilməsi nəticəsində neft sənayesinin maddi-texniki bazası möhkəmlənmişdir. Neftin emalı üçün müasir obyektlər və iritonnajlı üzən kranlar, “Dədə Qorqud”, “İstiqlal”, “Qurtuluş” üzən qazma qurğuları istifadəyə verilmiş, dənizin dərin yerlərində işlər canlanmışdır. Hazırda “Çıraq” yatağında gündəlik neft hasilatı orta hesabla 118.400 barrelə çatmışdır. Mütəxəssislərin hesablamalarına görə, 2005-ci ildə neft hasilatının illik səviyyəsi 20 milyon tona çatacaqdır ki, bu da layihəyə qoyulmuş sərmayələrin xərcini çıxarmağa və mənfəət götürməyə imkan verəcəkdir. Azərbaycan indiyədək “Çıraq” yatağından 400 milyon dollarlıq mənfəət nefti almışdır.

Xəzərin Azərbaycan sektorunda, dənizin dərinliyi 80-350 metr və daha çox olan sahələrdə 27 iri karbohidrogen yatağı kəşf edilmişdir. Onların çıxarıla bilən ilkin neft ehtiyatları təxminən 800 milyon ton, qaz ehtiyatları isə təqribən 200 milyard kubmetrdir.

Qurudakı mədənlərin neftçiləri yaxşı sürətlə işləyirlər, onlar ilin əvvəlindən bəri 468 min tondan çox “qara qızıl” hasil etmişlər. 2002-ci il avqustun əvvəllinədək, yəni yeddi ayda “Azəri - Çıraq - Günəşli” sahəsində təbii qaz hasilatının ümumi həcmi isə 555 milyon kubmetr olmuşdur.

İndi neft hasilatı sahəsində dünyanın 14 ölkəsindən 32 şirkət çalışır, onlar respublikamızla 21 müqavilə bağlamışlar. Azərbaycan nefti yüksək keyfiyyətli məhsuldur və dünyanın bir çox ölkələri üçün maraq doğurur. Odur ki, biz bu məhsulun dövlət üçün sərfəli qiymətlərlə hasilatına və satışına dair müqavilələr bağlamağa hazırıq.

Respublikada Azərbaycan Dövlət Neft Fondu (ARDNF) yaradılmışdır, indi onun hesabında təxminən 630 milyon dollar vəsait toplanmışdır. Bu, iqtisadiyyatın neft sektorunu inkişaf etdirməyə, vətəndaşlarımızın həyat səviyyəsininin daha da yüksəldilməsinə kömək etməyə imkan verəcəkdir.

İqtisadiyyatın bütün sahələrində aparılan struktur islahatları özəl sektorun inkişafına və əhalinin rifahının yüksəlməsinə təkan verir. İndi ümumi daxili məhsulda özəl sektorun payı 71 faizə, o cümlədən sənayedə 50 faizə, tikintidə 76 faizə, kənd təsərrüfatı və ticarətdə 99 faizə çatmışdır.

“Azərbaycan Respublikasında sahibkarlıq sahəsində əlavə tədbirlər haqqında” ölkə Prezidentinin 2002-ci ilin sentyabrında verdiyi Fərman özəl sektorun inkişafını stimullaşdırmağa yönəldilmişdir. Özəl sektor üçün daha əlverişli şərait yaradılması məqsədi ilə Fərmanda sahələr və regionlar üzrə fərq qoymaqla, vergi dərəcələrinin aşağı salınması, vergilərin sadələşdirilmiş sisteminin tətbiqi sahəsinin genişləndirilməsi, sosial sığorta haqlarının azaldılması nəzərdə tutulur. Prezidentin Fərmanına uyğun olaraq, 2003-2005-ci illərdə sahibkarlığın inkişafına 250 milyard manat, o cümlədən 2003-cü ildə 50 milyard manat vəsait ayrılacaqdır.

Ölkənin bütün bölgələrində sahibkarlığın inkişafına yardım sahəsində konkret tədbirlər hazırlanması və həyata keçirilməsi üçün Fərmanda Nazirlər Kabinetinə və digər dövlət orqanlarına müvafiq tapşırıqlar verilmişdir.

Prezident Heydər Əliyevin Fərmanına əsasən, kiçik və orta biznesin inkişafı üçün dövlət başçısı yanında Sahibkarlar Şurası yaradılmışdır. Onun əsas məqsədi respublikada sahibkarlığın inkişafına dair təkliflər hazırlayıb Prezidentə təqdim etməkdən ibarətdir. Prezident “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu (SKMF) haqqında” Əsasnaməni təsdiq etmişdir. Fond sahibkarlığın inkişafı üçün maliyyə ehtiyatlarının cəlb olunmasına, əmtəə bazarının inkişafına, sağlam rəqabətin formalaşmasına, yeni iş yerlərinin yaradılmasına kömək etməlidir.

Fonda iqtisadiyyatın öncül sahələrində sahibkarlığın inkişafına yönəldilmiş proqramları birbaşa maliyyələşdirmək imkanı verilmişdir. SKMF-nin vəsaitlərinin bölüşdürülməsinə gəldikdə isə, bunları kreditlər üzrə bütün riskləri öz üzərinə götürən agent banklar verəcəklər. Fond bankla müqavilə bağlayır və 5 il müddətinə kredit xətti açır. Bütün bu yeniliklər ölkədə sahibkarlığın inkişafına kömək edəcəkdir.

Özəl sektorun stimullaşdırılması üçün müvafiq dövlət proqramlarında tədbirlər nəzərdə tutulmuşdur. Məsələn, ölkənin energetika sisteminin inkişaf etdirilməsi proqramında bu sistemdə köklü dəyişikliklərin həyata keçirilməsi nəzərdə tutulur. Bu islahatlar nəticəsində elektrik enerjisinin satışından gələn vəsaitin həcminin artması müşahidə olunur.

“2002-2006-cı illərdə Azərbaycan Respublikasında aqrar sektorun inkişafının dövlət proqramı”nın layihəsinin hazırlanması işi başa çatmışdır. Bu Proqramdan məqsəd aqrar sektoru inkişaf etdirmək, torpaqların məhsuldarlığını yüksəltmək, rəqabət qabiliyyətli məhsul istehsalını təmin etmək və istehsalçıların ixrac fəaliyyətini stimullaşdırmaqdır.

Kənd təsərrüfatı məhsullarının istehsalında da böyük uğurlar qazanılmışdır. Respublika Dövlət Statistika Komitəsinin məlumatına görə, 2002-ci il sentyabrın əvvəlinə ölkədə 2.100.000 tondan çox taxıl yığılmışdır. Kənd təsərrüfatının başqa sahələrində də nəzərəçarpacaq irəliləyiş müşahidə olunur. 1995-ci ildən bəri ət, süd, yağ, yumurta istehsalı hər il çoxalır. Son 5-6 ildə bütün bu məhsulların istehsalı 30-40 faiz artmışdır.

Respublikamız daxili imkanlar hesabına ərzaq müstəqilliyi probleminin həlli istiqamətində çox mühüm addımlar atmışdır. 2001-ci ildə kənd təsərrüfatı məhsulları istehsalının həcmi 11 faiz artmışdır.

Azərbaycanda bu günədək 1946 şirkət, xarici kapitalla işləyən 935 birgə müəssisə qeydə alınmışdır.

Son illər ölkədə iqtisadi inkişafın sosial yönümünü artırmaq, əhalinin rifahını yaxşılaşdırmaq üçün bır sıra mühüm tədbirlər görülmüşdür ki, bu da vətəndaşlarımızın yaşayış səviyyəsini yüksəltməyə imkan vermişdir. Təkcə ötən il əhalinin pul gəlirləri 10 faiz artmışdır. Əhalinin banklarda saxladığı depozitlərin həcmi təkcə 2001-2002-ci illərdə 1,7 dəfə artaraq, 622 milyard manata çatmışdır. Əhalinin pul gəlirlərinin artması, ilk növbədə, əmək haqqının qaldırılması ilə bağlıdır. 2002-ci ilin avqustuna olan məlumata görə, respublikada orta aylıq əmək haqqı 308,8 min manat olmuşdur. Bütün sahələrdə maaşların təxminən 25-30 faiz artırılması nəzərdə tutulur.

Etibarlı tərəfdaş olan Azərbaycan beynəlxalq maliyyə strukturları ilə - Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, İslam İnkişaf Bankı və digər maliyyə təşkilatları ilə əlaqələrini genişləndirir.

Böyük İpək yolu, TRASEKA layihələrinin həyata keçirilməsinə dair hazırlıq işləri görülür. 2002-ci il sentyabrın 18-də Səngəçal terminalında Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin təntənəli şəraitdə təməli qoyulmuşdur.

Ölkədə iqtisadi islahatların uğurla aparılmasında özəlləşdirmə siyasəti böyük rol oynamışdır. Azərbaycanda güclü infrastruktur yaradılır. Əldə edilmiş uğurlar Azərbaycan iqtisadiyyatının inkişaf perspektivləri barədə nikbin proqnozlar verməyə imkan yaradır. Bütün bunlar və bir çox digər nailiyyətlər ölkənin iqtisadi, sosial, mədəni və mənəvi yüksəlişində Heydər Əliyevin olduqca böyük quruculuq roluna Azərbaycan vətəndaşlarının bəslədikləri ümidləri bir daha doğruldur. Azərbaycan əhalisinin böyük əksəriyyəti öz Prezidentinin siyasi xəttini dəstəkləyir. “Proqnoz” müstəqil sosioloji tədqiqatlar mərkəzinin 2002-ci ilin iyulunda Bakıda keçirdiyi sorğu göstərmişdir ki, elektoratın 75 faizi Prezident Heydər Əliyevə inanır. Əgər seçkilər qarşıdakı bazar günü keçirilsəydi, seçicilərin təxminən 70 faizi Heydər Əliyevə səs verərdi. Bizim proqnozlara görə, bu göstəricilər reallığa uyğundur. Sualınıza mənim cavabım belədir.

- Hər bir dövlətin iqtisadi və siyasi müstəqilliyi, suverenliyi və istiqlalı onun kadr potensialından çox asılıdır. Məhz bu səbəbə görə kadr siyasəti hökumətin fəaliyyətində, ümumən, öncül yer tutmalıdır. Ölkə rəhbərliyi bu sahədə nə kimi işlər görür?

- Bu suala cavab verərkən Prezident Heydər Əliyevin gənc müstəqil Azərbaycan dövlətinin intellektual, kadr potensialının yaradılması və ondan səmərəli istifadə olunması sahəsində gördüyü ardıcıl işin rolunu və əhəmiyyətini vurğulamamaq mümkün deyildir. Ali siyasi hakimiyyətə qayıtdıqdan sonra dövlətimizin başçısı bütün siyasi qüvvələrə, ziyalılara, idarəetmə kadrlarına müraciət edərək, onları müstəqil dövlətin iqtisadi, siyasi və mənəvi-intellektual əsaslarının qurulması prosesinə fəal surətdə qoşulmağa çağırdı. Cəmiyyətin vətənpərvər, sağlam qüvvələri də ümummilli liderin bu çağırışlarına cavab verdilər.

Ötən illər ərzində Azərbaycan Prezidenti dəfələrlə belə çağırışlar etmişdir. Heydər Əliyev bəyan etmişdir ki, dövlət siyasətinin həyata keçirilməsinə ürəkdən kömək göstərmək istəyən hər bir adamı, hər hansı mütəxəssisi dövlət idarəçiliyinə cəlb etməyə hazırdır. Heydər Əliyev insanlarda, ilk növbədə, işgüzar keyfiyyətləri, ciddiliyi, xalqa və dövlətə səmimi qəlbdən xidmət etməyi, ümumi işə sədaqəti qiymətləndirir. Yadınıza salın, o, mütəxəssisləri, ziyalıların nümayəndələrini, bitərəfləri və hətta müxalifətçiləri ən yüksək məsul vəzifələrə təyin etmişdir və təyin edir, onların irəli çəkilməsi üçün optimal şərait yaradır. Belə siyasətin və praktikanın nəticəsidir ki, indi yüksək ixtisaslı mütəxəssislərin, idarəetmə kadrlarının, yaradıcı ziyalıların mütləq əksəriyyəti dövlət işinə, nəhəng iqtisadi layihələrin və energetika layihələrinin həyata keçirilməsinə cəlb olunmuşdur. Qətiyyətlə demək olar ki, xalqın əsas intellektual, kadr, idarəetmə potensialı hakim komandada, Yeni Azərbaycan Partiyasında cəmləşmişdir.

Cəmiyyətimizin çox mühüm intellektual və professional ehtiyatı kimi Azərbaycanın kadr potensialının - ölkənin sosial-iqtisadi inkişafını təmin edən potensialın yaradılması dövlət siyasətinin ən ümdə məqsədidir. Vətəndaşların öz peşə qabiliyyətlərini sərbəst surətdə inkişaf etdirmək və bundan istifadə sahəsində, insanın imkanlarını üzə çıxarmaq üçün optimal şərait yaradılması sahəsində konstitusiya təminatlarının reallaşdırılmasında dövlətin rolunu gücləndirmək Azərbaycanda kadr siyasətinin strateji istiqamətidir. Dövlətçiliyin möhkəmləndirilməsi və inkişafı yüksək təhsilli peşəkarların düzgün yerləşdirilməsindən, onların imkanlarından, bacarıq və istedadından səmərəli istifadə edilməsindən asılıdır. Biz bünövrəsi Heydər Əliyev tərəfindən qoyulmuş kadr potensialımızla fəxr edə bilərik. Bu gün Azərbaycanın vüsətli sosial-iqtisadi inkişaf və dövlət quruculuğu vəzifələrini həyata keçirməyə qadir olan kadr potensialı var. Ötən əsrin 70-80-ci illərində Moskvanın, Sankt-Peterburqun, Kiyevin, Minskin və digər şəhərlərin ən nüfuzlu ali məktəblərinə tələbələrin müsabiqədənkənar qəbulu respublikanın kadr və intellektual potensialının formalaşdırılmasına çox böyük töhfə olmuşdur. Gənclər yeni elmi istiqamətlərin və sənaye sahələrinin inkişaf etdirilməsi üçün xalq təsərrüfatına lazım olan ixtisaslar üzrə təhsil almağa gedirdilər.

Vətənə qayıtdıqdan sonra gənc mütəxəssislərə daim diqqət yetirilir, onlar xüsusi qayğı ilə əhatə olunurdular. Gördüyünüz kimi, bunun nəticəsi də göz qabağındadır. Vaxtilə başqa şəhərlərdə təhsil almış minlərlə tələbə indi ölkədə ən mühüm və məsul vəzifələr tutur. Dövlət xarici ölkələrin nüfuzlu ali təhsil mərkəzləri ilə əlaqələrin bundan sonra da inkişaf etdirilməsinə bu gün də böyük səy göstərir.

Lakin elə düşünmək lazım deyil ki, respublikada gözəl mütəxəssislər hazırlanan ali məktəblər yoxdur. Bizdə yaxşı ali təhsil müəssisələri kifayət qədərdir. Onlar təhsil, habelə tələbə mübadiləsi sahəsində xarici həmkarları ilə əlaqələrini genişləndirir və möhkəmləndirirlər.

Peşə təhsili sistemində elmlə pedaqoji prosesin inteqrasiyası meyli aydın müəyyənləşdirilmişdir. İnnovasiya layihələri işlənib hazırlanmışdır və həyata keçirilir. Ali məktəblərin elmi tədqiqat və elmi-texniki fəaliyyəti təkmilləşir, təhsil proqramlarının tədris, elmi və metodiki ədəbiyyatla təminatı yaxşılaşır, tələbələrin elmi tədqiqat işinə geniş cəlb olunması üçün tədbirlər hazırlanır. Son illərdə dövlətin elmi müəssisələrə köməyi əhəmiyyətli dərəcədə artmışdır. 2002-ci ilin dövlət büdcəsində elmə 61,705 milyard manat ayrılmışdır. Bütün bunlar ölkədə zamanın tələblərinə cavab verən yüksək ixtisaslı peşəkar kadrların olması üçün edilir.

- Dünyanın təzələndiyi, yeni dünya təsərrüfatçılığının qurulduğu şəraitdə gənclər, onların tərbiyəsi, təhsili, dövlət quruculuğu prosesinə cəlb olunması mühüm problemlərdən biridir.

 

- Bəli, siz haqlısınız. Gənclər arasında siyasi fəallığın artması, cəmiyyətin ümdə problemlərinin həllində onların öz yerini axtarması ən ciddi diqqət yetirilməsinə layiqdir. Çünki, nəticə etibarilə, gələcək cəmiyyətin simasını və irəliyə doğru hərəkətinin istiqamətini gənc nəslə arxalanan qüvvələr müəyyən edirlər. Dövlət, onun başçısı bunu bilərək, gənclər probleminə böyük diqqət yetirirlər. Gənclərin məsələləri ilə məşğul olan, onların fəaliyyətini istiqamətləndirən xüsusi nazirlik yaradılmışdır.

Zaman gənclərin hüquq tərbiyəsinin yüksək səviyyədə olmasını tələb edir. Gələcəkdə cəmiyyətin və dövlətin idarə edilməsi məhz gənclərin hüquqi düşüncəsinin səviyyəsindən asılıdır.

İctimai-siyasi həyatda plüralizm gənclərimizə onların maraq və ehtiyaclarına daha yüksək dərəcədə uyğun gələn təşkilatı və ya hərəkatı sərbəst seçmək imkanı verir. Cəmiyyətdə gənclər təşkilatlarının rolu daha çox onların üzvlərinin sosial fəallığı ilə müəyyən edilir. Sosial fəallıq isə, öz növbəsində, bir çox amillərdən, ən əvvəl, gənc nəslin sosial-iqtisadi vəziyyətindən və siyasi mövqeyindən asılıdır.

Son illər gənclərin siyasi fəallığı artmışdır. Siyasi münasibətlərin subyektləri olaraq, ictimai-siyasi gənclər hərəkatları siyasi partiya və hərəkatlarla sıx qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir. Bu qarşılıqlı münasibətlərin xarakteri cəmiyyətdə vəziyyətə bilavasitə təsir göstərir.

Dövlətdə dəyişikliklərin müqəddəratı gənclərin kimin ardınca və hansı istiqamətdə gedəcəyindən, siyasətə və elmə totalitar təfəkkürdən, passiv biganəlikdən uzaq olan istedadlı insanların gəlib-gəlməyəcəyindən bilavasitə asılıdır.

İndi Yeni Azərbaycan Partiyasının gənclər birliyi respublikada fəaliyyət göstərən bu cür təşkilatlar arasında xüsusi yer tutur. Onun üzvləri intellektual səviyyələri, ölkənin ictimai-siyasi həyatında fəal iştirakı, dövlətin siyasi xəttinə sədaqəti ilə seçilirlər.

- Bir ənənə olaraq, Azərbaycan cəmiyyəti həmişə qadına hörmətcil münasibəti ilə fərqlənmişdir, əsrlər boyu qadın cəmiyyətimizdə əhəmiyyətli rol oynamışdır. Bəs demokratik cəmiyyətdə onun rolu necədir?

- Azərbaycanın müstəqillik əldə etməsi ölkə vətəndaşlarının hamısına cəmiyyətin bütün sahələrinin demokratikləşdirilməsinə əsaslanan həyat yolunu özlərinin seçməsinə imkan yaratmışdır. Hələ Xalq Cumhuriyyəti dövründə Azərbaycan qadınları, müsəlman Şərqində ilk dəfə olaraq, kişilərlə bərabər hüquqlar almışdılar.

Müstəqil Azərbaycanın 1995-ci ildə qəbul edilmiş ilk Konstitusiyası qadınların kişilərlə hüquq bərabərliyini təsdiqləmiş və onların demokratik cəmiyyət quruculuğu prosesində fəal iştirakı üçün hüquqi baza yaratmışdır.

 

İndi qadınların problemləri ilə məşğul olan dövlət qurumu - Qadın Problemləri üzrə Dövlət Komitəsi var. Ölkə həyatının ictimai-siyasi, iqtisadi və mədəni sahələrində qadının rolunu yüksəltmək haqqında xüsusi fərman verilmişdir. “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Prezidentin Fərmanı BMT tərəfindən rəsmi sənəd kimi qəbul edilmiş və bütün dövlətlərə göndərilmişdir.

2001-ci ildə Azərbaycan dörd il müddətinə BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının üzvü seçilmişdir. Bu komissiya qadınların hüquqlarının qorunmasında, gender siyasətinin həyata keçirilməsində, cəmiyyətin bütün strukturlarında qadınların mövqeyinin yaxşılaşmasında böyük rol oynayır.

Son illər cəmiyyətdə qadının rolu xeyli artmışdır və bu, qanunauyğun prosesdir, çünki qadının rolunun azaldıldığı hər hansı bir cəmiyyət ahəngdar inkişaf edə, irəliləyə bilməz. Ona görə ki, cəmiyyətdə qadının mövqeyi bu cəmiyyətin sivilliyinin əsl səviyyəsini açıq-aydın göstərir, habelə cəmiyyət üzvlərinin humanizm, bərabərlik və mərhəmət prinsiplərinə sadiqliyinin dərəcəsini dürüst əks etdirir. Bilirsinizmi, cəmiyyətdə baş verən bir çox proseslər qadının öz imkan və qabiliyyətindən ailədə və cəmiyyətdə necə istifadə edə bilməsindən asılıdır. Axı, qadının cəmiyyətdəki mövqeyi ölkədəki ümumi vəziyyəti əks etdirir. İnamla demək olar ki, qadınlarımız dövlətin etibarlı müdafiəsi və himayəsi ilə əhatə olunmuşlar.

İndi qadınlar öz bacarıqlarını siyasətdə və biznesdə, elmdə və mədəniyyətdə göstərirlər. Onlar çevik zəka və məqsədyönlülük nümayiş etdirərək, kişilərlə bərabər mühüm dövlət vəzifələrində çalışırlar. Siyasətlə məşğul olan və rəhbər vəzifələrdə çalışan qadınlar siyasi prioritetlərin yenidən nəzərdən keçirilməsinə öz töhfələrini verir, bilavasitə qadınlarla bağlı problemləri də əks etdirən məsələlərin perspektiv və cari planlara daxil edilməsinə çalışırlar. Ətrafınıza nəzər salın, məgər müasir qadın təkcə ailə ilə məşğuldur, məgər onu təkcə kulinariya reseptləri, yaxud da məişət qayğıları maraqlandırır?! Zənnimcə, yox. Qadın cəmiyyətdə baş verən demokratik dəyişikliklər prosesinə çox fəal qoşulmuşdur.

-Sonuncu sual. Neçə ildir ki, hökumətimiz Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə nizama salmağa çalışır, amma əfsuslar olsun ki,.. Mütəfəkkirlərin əsərləri real vəziyyəti əks etdirirdi - beynəlxalq işlərdə hər şeyi güc həll edir. Sözlərimizə qüvvət olaraq, Kautilyanın eramızdan əvvəl V-IV əsrlərin ayrıcında yazdığı “Artaşastra” əsərinə istinad edə bilərik. Məlum olduğu kimi, Amerikanın bir çox universitetlərində beynəlxalq münasibətlər nəzəriyyəsinin tarixi səpkidə öyrənilməsinə həmin əsərdən başlayırlar. Həmin müəllif sülh danışıqları barədə belə yazmışdır: “Sülh sazişi eyni səviyyəli və üstün olan hökmdarlarla bağlanmalıdır, daha zəif hökmdara isə hücum etmək lazımdır”. Yeri gəlmişkən, N.Makiavelli də gücə üstünlük verir.

-Düşünürəm ki, güc işlətmədən, müdrikcəsinə hərəkət etmək gərəkdir. Artıq neçə illərdir ki, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çalışırıq. Görkəmli və uzaqgörən strateq kimi, Heydər Əliyev bu məsələdə düzgün və real mövqe tutmuşdur.

Yaranmış şəraitdə məntiqə uyğun kompromislərə getmək lazımdır. Biz məsələnin hərbi yolla həll edilməsinin tərəfdarı deyilik. Çünki müasir dövrdə dövlətlərarası problemlərin güc işlətməklə həlli yolundan danışmaq cəfəngiyyat, siyasi-hüquqi paradoksdur. Biz əminik ki, torpaqlarımız tezliklə azad ediləcək və ölkəmizin ərazi bütövlüyü bərpa olunacaqdır.

Prezident Heydər Əliyev problemin ədalətlə, sülh yolu ilə, qarşılıqlı surətdə məqbul kompromislər əsasında həll olunması üçün bütün imkanlardan istifadə edir. Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün 1996-cı ilin dekabrında ATƏT-in Lissabon zirvə görüşündə qəbul edilmiş və dövlətimizin başçısının 2001-ci ilin aprelində Ki Uestdə verdiyi Bəyanatda ifadəsini tapmış prinsiplər bizim üçün əsasdır. Təəssüf ki, biz onları hələlik həyata keçirməyə müvəffəq olmamışıq. Ermənistan pozucu mövqe tutduğuna görə, münaqişənin həlli uzanır.

Müharibənin krallar üçün, bir növ, idman məşğuliyyəti olduğu vaxtlar çoxdan arxada qalmışdır. Silaha ancaq onda əl atırlar ki, məqsədə başqa yollarla çatmaq mümkün deyildir.

“Bakinski raboçi” qəzeti, 25 sentyabr 2002-ci il

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Qazax Aqropark”ının kartof sahəsində məhsul yığımına başlanılıb

Ankaradakı təlimlərin 4-cü günü: Media nümayəndələrinə zəruri müdafiə fəndləri öyrədilib

Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub

Ədliyyə naziri İraqın nümayəndə heyəti ilə görüşüb

XİN Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Astana görüşü ilə bağlı Bəyanat yayıb

“Azerbaijan Best Awards” mükafatlandırma mərasimində AZƏRTAC da təltif olunub

Türkiyə Milli Müdafiə Nazirliyi: Suriya və İraqda ilin əvvəlindən 1327 terrorçu zərərsizləşdirilib

Ərdoğan: Dünyada "güclünün hüququ" üstünlük təşkil etməməlidir

Azərbaycanın mina problemi Belçikada keçirilən silsilə tədbirlərdə müzakirə olunur

IELTS imtahanında uğur qazanmış BDU tələbələri təltif ediliblər

Birgə Bəyannamə Azərbaycan-Çin əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyinin təsdiqidir - RƏY

Ermənistan ABŞ-la birlikdə yeni AES tikməyi planlaşdırır

Azərbaycan-İsrail Məzunları Assosiasiyasının təqdimat mərasimi keçirilib

Azərbaycan və İraqın hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlığın aparılmasının vacibliyi müzakirə edilib

Politoloq: Azərbaycanın ŞƏT ilə münasibətləri xalqımızın və dövlətimizin maraqlarına xidmət edir

Tokayev: ŞƏT ölkələrinin xarici ticarət dövriyyəsi 8 trilyon dolları ötüb

Belarus nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub

Bu il BDU-nun “SABAH” qruplarını 244 məzun bitirir

® “Rabitəbank” yeni konseptli Lənkəran filialının açılışını etdi

Ağstafa Gənclər evinə mediatur təşkil edilib

“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu qiymətləndirmə prosesində iştirak edəcək ekspertlər üçün təlimlərə başlayıb

ADU-da Şeyx Zayed adına Ərəb dili auditoriyası açılıb

Azərbaycanda zoonoz xəstəliklərlə mübarizəyə həsr olunmuş beynəlxalq tədbir başa çatıb

Prokurorluq: MTK-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb

Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Prezident İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb

Fransızların yarısı seçkilərdə Le Penin partiyasının qalib gəlməsini istəyir

“Gasgoo” nəşri: “BYD” konqlomeratı Azərbaycana elektrik avtobusları tədarük edəcək

Türkiyənin antik tarixi – Likya, Kariya, Pisidia

“Araz-Naxçıvan”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki potensial rəqibləri müəyyənləşib

Fövqəladə Hallar Nazirliyində COP29-la bağlı qərargah yaradılıb

"İTi Zəka-2" hakatonunun mükafatlandırma mərasimi keçirilib

Hava şəraiti ilə əlaqədar olaraq ölkə üzrə yanğın indeksi açıqlanıb

AMADA Türkiyənin antidopinq qurumları ilə əməkdaşlığı genişləndirir

Ekologiya və Təbii Sərvətlər Nazirliyində qanvermə aksiyası keçirilib

BMT Cenevrə Ofisinin rəhbəri Azərbaycana səfər edib

UNEC magistraturaya qəbul olanlara müraciət edib

Konstitusiya Məhkəməsində İraq Respublikasının Ali Məhkəmə Şurasının nümayəndə heyəti ilə görüş keçirilib

Gənc Avropa səfirləri Bakıda süni intellektdən istifadəyə dair təlim keçiblər

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları Moskvada uşaq evində olublar VİDEO

Azərbaycan Prezidenti: COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik

Antonio Quterreş: ŞƏT dünyanın ən böyük regional təşkilatıdır

Azərbaycanda keçirilən yaşıl iqtisadiyyatla bağlı konfrans İordaniya mətbuatının diqqət mərkəzində olub

Prezident İlham Əliyev: Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır

Prezident: Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT arasında əməkdaşlığın vacib sahəsini təşkil edir

Heydər Əliyev Beynəlxalq Aeroportu “ACI EUROPE 2024” İllik Konqresi və Baş Assambleyasında iştirak edib

Milli Depozit Mərkəzi ikinci rübdə 1 milyard manatdan çox ödəniş həyata keçirib

Astanada “ŞƏT plyus” formatında görüş keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edib  YENİLƏNİB-3 VİDEO

Yenidən təmir olunan Ağstafa peyntbol və atıcılıq mərkəzi fəaliyyətini genişləndirir

“Vikipediya”nın gürcü dili bölməsində azərbaycanəsilli istifadəçilərin fəallığı artır

Bölgələrdəki günərzi qayğı mərkəzlərində 900-dən çox uşağa xidmətlər göstərilir

® “Caspian Energy Club Czechia” aktiv fəaliyyətini davam etdirir

“Araz-Naxçıvan”ın kapitanı püşkatma barədə danışıb

Ersin Tatar: ŞKTR-i dəstəklədiyinə görə Prezident İlham Əliyevə minnətdaram

Azərbaycanda Çili ədəbiyyatına məxsus pyesin təqdimatı keçirilib

AQTİ sahibkarlar üçün infotur təşkil edib

Naxçıvan boksçusu Yakutiyada medal qazanıb

Azərbaycan dili fənni üzrə test imtahanının nəticələri elan olunub

Fransada seçkilərin növbəti turundan sonra potensial iğtişaşların qarşısının alınmasına daha çox polis əməkdaşı cəlb olunacaq

Coğrafiya İnstitutunun iştirakı ilə Almaniyada geoparklarla bağlı beynəlxalq seminar keçirilib

Avtomobil Yolları Dövlət Agentliyinin “Çağrı mərkəzi”nə iyun ayında 504 zəng daxil olub

Çempionlar Liqası: “Araz-Naxçıvan”ın rəqibləri bəlli olub

Türkiyəli ekspert: Bakı ilə İrəvan arasında sülh Cənubi Qafqazın qlobal nüfuzunu artıracaq

Azərbaycan Ordusunda taktiki-xüsusi təlim keçirilir

Qardabani Təhsil və İnteqrasiya Mərkəzi tədris ilini uğurla başa vurub

“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun Şuşada işgüzar görüşü keçirilib

Tbilisidəki Mtastminda parkında yanğın baş verib

Diaspor Gənclərinin 5-ci Yay Düşərgəsinə müraciətlərin sayı rekord həddə çatıb

Astanada “ŞƏT Plyus” görüşü keçirilir

® “Kapital Bank”ın dəstəyi ilə keçirilən “My Technology” müsabiqəsi başa çatıb

Monitorinq aparılan 19 kartofçuluq təsərrüfatında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb

Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin növbəti uğuru

Ağsu və Kürdəmirdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq

İmişli şəhər tullantı poliqonunda tullantıların yandırılması faktı aşkarlanıb

ŞƏT-in Zirvə toplantısına növbəti dəvət Prezident İlham Əliyevin nüfuzunun göstəricisidir - ŞƏRH

Ölkəmizdə ilk dəfə “İFest” - innovasiya və texnologiya festivalı keçiriləcək

“Magellanın dövri-aləm səyahəti” romanı almancadan ana dilimizə tərcümə olunub

Prezident İlham Əliyevin ŞƏT-in Zirvə toplantısı çərçivəsində keçirdiyi görüşlər dünya mediasının diqqət mərkəzində olub

“Kəpəz” klubu icarə əsasında oynayan futbolçunu birdəfəlik transfer edib

Ali Məhkəmədə İraq Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib VİDEO

Zaqatalada maşın aşıb, 6 nəfər xəsarət alıb VİDEO

Qazaxıstan Milli Muzeyinin nümayəndə heyəti Elmi Bərpa Mərkəzində olub

Fransada parlament seçkilərinin ikinci turu üçün 30 min polis və jandarma səfərbər ediləcək

Belarus nümayəndə heyəti DOST Agentliyində olub

Tanınmış yazıçı-publisist Kamil Əfsəroğlunun yeni kitabı çap olunub

Şimali Makedoniya Prezidenti COP29-da iştiraka dəvət olunub

“General Motors” konserni 145,8 milyon dollar cərimələnib

“Gəncə”dən ayrılan voleybolçu Rusiya klubuna keçib

Bakı Ali Neft Məktəbinin tələbələri ölkəmizi Londonda təmsil edəcəklər

Bakıda “Kənddən şəhərə” həftəsonu yarmarkası keçiriləcək

İstanbulda miqrant qaçaqçılığı ilə məşğul olan 76 nəfər həbs edilib

Rumıniyada prezident və parlament seçkilərinin vaxtı dəqiqləşib

İkinci rübdə Energetika Nazirliyi tərəfindən 51 icazə verilib

Torpaq sürüşmələrinin artmasında leysan xarakterli yağışların tez-tez təkrarlanması ciddi rol oynayıb

Mərkəzi Bank “PashaPay”a elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək üçün lisenziya verib

Zelenski Ukraynanın yeni əks-hücuma başlamasının şərtini açıqlayıb

Baş Prokurorluq: Yasamal rayonunda söküntü işlərinin aparılması ilə bağlı araşdırma aparılır

Turizm və Menecment Universitetində “Məzun günü” keçirilib

Fransa Superkuboku uğrunda keçirilməli olan oyun təxirə salınıb

Prezident İlham Əliyev ŞƏT-in Zirvə toplantısının iştirakçılarının şərəfinə verilən rəsmi ziyafətdə iştirak edib