REGİONLARIN SOSİAL-İQTİSADİ İNKİŞAFI DÖVLƏT PROQRAMI YEVLAXDA UĞURLA HƏYATA KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Yevlax rayonunda uğurla həyata keçirilir.
Şəhər icra hakimiyyətindən bildirmişlər ki, Dövlət Proqramının icrası ilə bağlı, ümumilikdə, 803 layihə icra olunmuşdur. Onlar yaşayış binalarının, infrastruktur, təhsil, səhiyyə, mədəniyyət obyektlərinin, idman qurğularının tikintisi və təmirini, abadlıq, yenidənqurma işlərinin aparılmasını, xiyaban və parkların salınmasını, istehsalat təyinatlı obyektlərin inşasını əhatə edir.
2004-2008-ci illərdə Yevlax şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2 ikimərtəbəli 16 mənzilli, 1 ikimərtəbəli 12 mənzilli yaşayış binaları tikilib istifadəyə verilmişdir. Əlavə 16 mənzilli yaşayış binası da tikilmiş və qəza vəziyyətində olan binalarda yaşayan əhali oraya köçürülmüşdür. Dörd altımərtəbəli 72 mənzilli yaşayış binalarının tikintisinə başlanmışdır. Şəhərin yaşayış binalarında əsaslı təmir və bərpa işləri aparılmış, o cümlədən 73 yaşayış binasının dam örtüyü əsaslı təmir olunmuşdur.
Bu müddətdə 1.460 yerlik 9 məktəb binası, 640 yerlik əlavə 32 sinif otağı, kəndlərdə 5 həkim ambulatoriyası, şəhərdə Heydər Əliyev və tarix-diyarşünaslıq muzeyləri, Heydər Əliyev adına saray, 6 min yerlik şəhər stadionu, “Karvan” idman klubunun bazası, 21 müxtəlif idman meydançası tikilmiş, 6 orta məktəb binasında, 8 kənd xəstəxanasında, şəhər poliklinikasında, mərkəzi şəhər xəstəxanasında, 26 mədəniyyət obyektində təmir işləri aparılmışdır. Hazırda şəhərdə uşaq xəstəxanası, əlillərin reabilitasiya mərkəzi, mərkəzi klinik xəstəxana, elektron kitabxana, B.Səfəroğlu adına Xalq teatrının, şahmat məktəbinin, gənclər evinin binaları inşa olunur.
Əhalinin içməli su təchizatının yaxşılaşdırılması üçün Kür çayının sahilində nasos stansiyası tikilmiş, şəhər və kəndlərdə 50 kilometrə yaxın içməli su xətti çəkilmiş, 32 subartezian quyusu qazılmış, 34-ü bərpa edilmiş, 8 içməli su tənzimləyici qurğu quraşdırılmışdır.
Əhalinin elektrik enerjisi və qazla təminatını yaxşılaşdırmaq üçün yardımçı stansiyalar tikilmiş, müxtəlif gücdə transformatorlar qoyulmuş, onlarla kilometr elektrik, 50 kilometrdən artıq qaz xətləri çəkilmişdir. ATS-lər elektronlaşdırılmış, 46 kənd telefonlaşdırılmış, 15 poçt binası tikilmiş, 2-nin inşası isə davam edir.
Şəhərin 77 küçəsinə asfalt salınmış, 48-nə çınqıl döşənmiş, səkilər, meydan və parklar abadlaşdırılmış, 10 xiyaban və park, kəndlərdə 4 park salınmış, 18 fəvvarə quraşdırılmışdır.
Meyvəli kəndində100 hektar üzüm tingliyi salınmış, 1000 hektar sahənin suvarılması üçün qurğu istifadəyə verilmişdir.
Hesabat dövründə “Dan” kərpic zavodu, “Lalə-Tekstil” MMC-nin tikiş fabriki, “Arfa” mebel fabriki, “Gilan-Dəri”, beton istehsalı, asfalt zavodları, makaron, konserv və çörək sexləri işə düşmüşdür.