ELM VƏ TƏHSİL
Rəsədxana: İyunun 11-nə zəif səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır
Bakı, 10 iyun, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib. Bildirilib ki, Günəşin fəallığı bir qədər zəifləyərək əsasən 3697 ləkə regionunda həftə ərzində M sinif alışmalar baş verib. Yerə istiqamətlənmiş tac kütlə atılmaları (TKA) qeydə alınıb. Günəşin səthində 10 ləkə qrupunda 148 ləkə qeyd olunur. Hazırda Günəş küləyinin sürəti (369 kilometr/saniyə) normaldır.
İyunun 10-dan 16-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 75 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 25 faiz təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin S1 səviyyəsinə yüksələcəyi gözlənilir.
Geomaqnit sahəsinin iyunun 8-də baş vermiş TKA-nın təsirı ilə bu gün G2 (orta), iyunun 11-də G1 (zəif) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.