RESPUBLİKANIN BƏZİ ŞƏHƏRLƏRİNİN ADLARI DƏYİŞDİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin regional məsələlər daimi komissiyasının aprelin 18-də keçirilmiş iclasında “Azərbaycan Respublikasının Əli Bayramlı şəhərinin Şirvan şəhəri adlandırılması haqqında” və “Azərbaycan Respublikasının Xanlar rayonunun Göygöl rayonu adlandırılması haqqında” qanun layihələri müzakirə olunmuşdur.
Komissiyanın üzvü Rüstəm Xəlilov bildirmişdir ki, Əli Bayramlı şəhəri ötən əsrin əvvəllərində 101 kəndi ətrafında birləşdirən mərkəz olmuş və 1960-cı ildə ona respublika tabeçiliyində şəhər statusu verilmişdir. Şəhər ictimaiyyəti dəfələrlə məsələni geniş şəkildə müzakirə etmiş və yaşadıqları şəhərin inqilabçı Əli Bayramovun adını daşımasının tərəfdarı olmadıqlarını bildirmişlər. Şəhərin Şirvan adlandırılması daha məqsədəuyğun hesab olunmuşdur. Vaxtilə həmin ərazidə bu adda yaşayış massivi olmuş, indi də şəhərdə Şirvan adı ilə çoxsaylı müəssisələr fəaliyyət göstərir.
Daha sonra bildirilmişdir ki, Xanlar rayonunun əhalisi də rayonun adının dəyişdirilərək Göygöl adlandırılması barədə komissiyaya müraciətlər etmişdir. Daxil olan teleqram və müraciətlərdə məşhur Göygölün bu rayon ərazisində yerləşdiyi əsas gətirilir.
Xanlar rayonundan deputat seçilmiş Rövşən Rzayev bu təkliflə əlaqədar rayonun şəhər, qəsəbə və kəndlərində, ayrı-ayrı təşkilatlarında 130-a yaxın iclasın keçirildiyini demiş, seçicilərinin dəlil-sübutları barədə məlumat vermişdir.
Komissiya üzvləri məsələ ətrafında geniş fikir mübadiləsi aparmış, coğrafi adların dəyişdirilməsi prosesində tarixiliyə üstünlük verilməsinin zəruriliyini vurğulamış və hər iki şəhərin adlarının dəyişdirilməsinə razılıq vermişlər.
İclasda, həmçinin “Azərbaycan Respublikasının Bərdə rayonunun Canavarlı kəndinin adının dəyişdirilməsi haqqında” qanun layihəsinə baxılmış və həmin kəndin Seyid Yusifli adlandırılması məqsədəuyğun hesab olunmuşdur.
Sonda hər üç qanun layihəsi təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.