SİYASƏT
Rəvan Həsənov: Holokostdan fərqli olaraq, Xocalı faciəsi dünya miqyasında öz hüquqi-siyasi qiymətini almayıb - MÜSAHİBƏ
![Rəvan Həsənov: Holokostdan fərqli olaraq, Xocalı faciəsi dünya miqyasında öz hüquqi-siyasi qiymətini almayıb - MÜSAHİBƏ](/files/2024/1/1200x630/17065337346346457920_1200x630.jpg)
Bakı, 29 yanvar, Səadət Hakıyeva, AZƏRTAC
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibədə icraçı direktor Holokost və Xocalı faciələrinin oxşar və fərqli cəhətlərinə, bu qətliamların bəşəriyyət üçün dərs olmasına, eyni zamanda, ölkəmizdə birgəyaşayış imkanları barədə fikirlərini bölüşüb. Müsahibəni təqdim edirik.
-Rəvan müəllim, dünyada insanlıq əleyhinə törədilən qatı cinayətlərdən biri də Holokost faciəsidir. Amma Azərbaycan da qətliama, qırğına məruz qalan ölkələrdən biridir. Xocalı faciəsi hələ də dünya birliyi tərəfindən hüquqi-siyasi qiymətini almayıb. Bununla bağlı nə deyə bilərsiniz?
-Holokost dünya miqyasında öz hüquqi-siyasi qiymətini alıb. Amma təəssüf ki, bunu Xocalı faciəsi haqqında demək mümkün deyil.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bir çox ölkələr Xocalı faciəsini soyqırımı aktı kimi tanıyıb. Amma dünya birliyi hələ də bu faciəni soyqırımı kimi qəbul etməyib. Bu, çox ədalətsiz yanaşmadır. Əli Azərbaycan xalqının qanına bulaşmış şəxslərin bir çoxu artıq həbs olunub və ədalət məhkəməsi qarşısında cavab verirlər. Digər cinayətkarlar da tezliklə öz layiqli cəzalarını alacaqlar.
-Ölkəmiz 30 ilə yaxın erməni işğalından əziyyət çəkib. Azərbaycana qarşı etnik təmizləmə siyasətinin tarixi isə qədimdir. Bununla bağlı fikirlərinizi bilmək istərdik.
-Azərbaycan soyqırımına məruz qalmış ölkələrdən biridir. Azərbaycanlılar öz dədə-baba torpaqlarından qovulublar, etnik təmizləməyə məruz qalıblar, həmçinin xalqımızın mədəni irsi dağıdılıb. Şükürlər olsun ki, torpaqlarımız azad edilib və bizə məxsus olanları geri qaytarmağa müvəffəq olmuşuq. Bu gün biz qalib xalqlar sırasındayıq, amma keçmişimizi də unutmuruq”.
İkinci Dünya müharibəsində 6 milyon yəhudi sırf dini baxışlarına görə qətliama məruz qalıb. XX əsrdə Xocalıda azərbaycanlılar məhz türk millətindən olduqlarına görə qətlə yetiriliblər. Təbii ki, Holokost və Xocalı faciələrini eyniləşdirmək düzgün olmazdı. Ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə siyasəti 200 ildən çoxdur davam edir.
-İnsanlıq əleyhinə qırğınların, soyqırımların baş verməməsi üçün nə etməliyik?
-Harada baş verməsindən asılı olmayaraq, soyqırımlar insanlıq, bəşəriyyət üçün dərs olmalıdır. Bu, sadəcə, qurbanların xatirəsinə ehtiram deyil, eyni zamanda, qətliamları xatırlatmaq vasitəsilə birgəyaşayışın təbliği istiqamətində göstərilən cəhdlərdir. İrqçiliyə, millətçiliyə qarşı mübarizə yollarını axtarmaq və bunu gələcək nəsillərə ötürmək lazımdır.
Müsahibə üçün təşəkkür edirik.