Riqada tikintiyə nəzarət sahəsində Azərbaycan ilə əməkdaşlıq məsələləri müzakirə edilib
Riqa, 10 may, AZƏRTAC
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) rəisi Cəbrayıl Xanlarov basda olmaqla agentliyin nümayəndə heyəti Riqaya işgüzar səfər edib.
AZƏRTAC xəbər verir ki, Latviya Dövlət Tikintiyə Nəzarət Bürosu (SCCB) aparatının rəhbərliyi və əməkdaşları ilə görüşdə tikintiyə nəzarətin həyata keçirilməsi qaydası, tikintidə qanunverici və normativ-texniki baza ilə əlaqədar məsələlər müzakirə olunub. Latviya tərəfi tikinti sektorunun normativ tənzimlənməsinin Avropa sisteminə keçid təcrübəsini bölüşüb.
Azərbaycan FHN TTNDA ilə Latviya SCCB arasında ikitərəfli münasibətlərin müasir vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləlisi aparılıb, 305/2011(EU) reqlamenti bazasında tikinti materialları üzrə Azərbaycanın milli texniki reqlamentinin işlənib hazırlanmasında, tikinti fəaliyyətinin digər prioritet istiqamətləri barədə Aİ-nin Twinning TAIEX əməkdaşlıq vasitələrinin reallaşdırılmasında latviyalı mütəxəssislərin iştirakının mümkünlüyü qeyd edilib.
Görüşdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Latviya Respublikasının İqtisadiyyat Nazirliyi arasında imzalanmış “Tikintidə dövlət nəzarəti sahəsində əməkdaşlıq sazişi” çərçivəsində əməkdaşlığın növbəti tədbirləri razılaşdırılıb.
Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Latviyada diplomlu inşaatçıların hazırlanması və yenidən hazırlanması təcrübəsini öyrənmək üçün tikinti kadrlarının hazırlanması üzrə ixtisaslaşmış ali məktəblərin birində olub.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa