ROMA PAPASI: AZƏRBAYCANDA TOLERANTLIQ YÜKSƏK SƏVİYYƏDƏDİR
AZƏRTAC xəbər verir ki, aprelin 24-də Roma Papası XVI Benedikt Azərbaycan, Gürcüstan və Ermənistanın katolik kilsələri başçılarını qəbul etmişdir.
Roma Papası bildirmişdir ki, Cənubi Qafqazda müsəlmanlar, katoliklər, yəhudilər və pravoslavlar dinc yanaşı yaşayırlar. Ölkəmizdən danışan pontifik vurğulamışdır ki, Azərbaycanda tolerantlıq yüksək səviyyədədir.
Roma Papası Cənubi Qafqaz ölkələri katolik kilsələri başçılarını “ailə dəyərlərini və bəşəri dəyərləri ötən əsrdə kommunist idarəçiliyi dövründə cəmiyyətə qəbul etdililmiş mentallıqdan qorumağa çağırmışdır”.
XVI Benedikt demişdir: “Sovet İttifaqının süqutundan sonra bu ölkənin sakinləri tərəqqi istiqamətində əhəmiyyətli ictimai dəyişikliklərin şahidi olmuşlar, lakin hələ də böyük çətinliklərlə üzləşirlər: burada çoxlu yoxsul, işsiz, müharibələr nəticəsində ev-eşiyindən didərgin düşmüş qaçqın var”.
Roma Papası vurğulamışdır ki, XX əsrin hadisələrinə baxmayaraq, Cənubi Qafqazda katolik kilsəsi hələ də mövcuddur.
Cənubi Qafqazın katolik kilsələrinin başçıları Romada beşgünlük səfərdədirlər. Ölkəmizi Azərbaycan katolik kilsəsinin başçısı Yan Çapla təmsil edir.
Pontifik dünyanın müxtəlif ölkələrinin katolik kilsələrinin nümayəndələri ilə mütəmadi olaraq belə görüşlər keçirir.