Rumıniyanın AGERPRES milli xəbər agentliyi Bakıda keçirilən Dünya Limanlar Konfransı barədə yazır
Buxarest, 12 may, AZƏRTAC
AGERPRES milli xəbər agentliyi Azərbaycanın Rumıniyadakı səfirliyinin təqdim etdiyi Bakıda keçirilən Dünya Limanlar Konfransı barədə mətbuat açıqlaması yayıb.
Açıqlamada bildirilir ki, dünyanın aparıcı liman dövlətləri sayılan ABŞ, Rusiya, Çin, Hindistan, İndoneziya, Filippin, Yaponiya, Almaniya, Fransa və İspaniya da daxil olmaqla, 65 ölkədən beynəlxalq limanların, biznes icmasının, gəmiçilik və logistika üzrə iri şirkətlərin 400-dən çox nümayəndəsi Dünya Limanlar Konfransında iştirak edib. Qeyd olunub ki, Beynəlxalq Limanlar Assosiasiyasının prezidenti Santiaqo Qarsiya Mila Bakının qədim İpək Yolunun mərkəzində yerləşdiyini vurğulayıb, konfransın Azərbaycan paytaxtında keçirilməsinin təsadüfi olmadığını deyib. O, konfransın regionda Beynəlxalq Limanlar Assosiasiyasının keçirdiyi ilk tədbir olduğunu diqqətə çatdırıb. S.Qarsiya konfransın Azərbaycanın nəqliyyat və logistika imkanlarının tanıdılması baxımından əhəmiyyətini də vurğulayıb.
Məqalədə “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaimin Bakının Dünya Limanlar Konfransına möhtəşəm ev sahibliyi etməsindən danışıb. O, tədbirin Azərbaycanda keçirilməsini mühüm hadisə adlandırıb. Qeyd edib ki, son dövrlərdə Azərbaycanın logistika sahəsində atdığı vacib addımlar, həyata keçirilən beynəlxalq layihələr, Bakı Limanında görülən əhəmiyyətli işlər bu tədbirin məhz Odlar Yurdunda keçirilməsinin önəmini göstərir.
Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə tədbirdə çıxış edərək konfransın əhəmiyyətindən danışıb, Sidney, Los-Anceles, Hamburq, Panama, Bali və digər böyük liman şəhərlərinin ev sahibliyi etdiyi tədbirin 2018-ci ildə məhz Bakıda keçirilməsini ölkəmiz üçün mötəbər hadisə adlandırıb. Nazir qeyd edib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tarixi İpək Yolunun bərpası Azərbaycanın tranzit potensialının artırılmasına zəmin yaradıb. Nəqliyyat və logistika dünyada ən dinamik inkişaf edən sahələrdən biridir. Ölkəmizdə də bu sahə prioritetdir və daim Prezident İlham Əliyev tərəfindən diqqət mərkəzində saxlanılır. Bu gün Azərbaycan bir sıra irimiqyaslı beynəlxalq nəqliyyat layihələrinin həm təşəbbüskarı, həm də iştirakçısıdır. Ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan regionun əsas nəqliyyat qovşağına çevrilib. Bu işlər Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətinin artmasında mühüm rol oynayır.
Yazıda yerləşdiyi ərazinin böyük üstünlüklərə malik olması sayəsində yeni limanın Azərbaycanda nəqliyyatın təhlükəsizliyi məsələlərini uğurla həll etməyə, Bakının Xəzər hövzəsində çox müasir və böyük nəqliyyat-logistika mərkəzinə çevrilməsinə imkan yaradacağı bildirilir. Həmçinin qeyd olunur ki, yeni liman Xəzəryanı ölkələr arasındakı əməkdaşlığı genişləndirməyə imkan verəcək, “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə əlverişli şərait yaradacaq. Diqqətə çatdırılır ki, 2018-ci ilin sonlarından etibarən yükdaşıyıcıları yeni Bakı Limanının müasir informasiya-kommunikasiya sistemləri vasitəsilə onlayn rejimdə yüklərin yerini və limanlara çatma vaxtını müşahidə edə biləcəklər.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest