RUSİYA AZƏRBAYCANLILARI MÜXALİFƏTİN ƏMƏLLƏRİNİ PİSLƏYİRLƏR
Ölkəmizin Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Rizayev AzərTac-ın müxbiri ilə söhbətində demişdir ki, Azərbaycanda müxalifətin və müxalif kütləvi informasiya vasitələrinin apardıqları böhtan və iftiralar kampaniyasını Rusiyada yaşayan həmvətənlərimiz qətiyyətlə pisləyirlər. Onun sözlərinə görə, həmvətənlərimiz hər gün səfirliyə zəng vuraraq, bu KİV-lərin heç bir məsuliyyət daşımaması və cazasız qalması ilə əlaqədar öz narazılığını bildirirlər. Bu fikir Ümumrusiya Azərbaycan Konqresində də ifadə edilmişdir. Həmvətənlərimiz buraya da zəng vuraraq, müxalifət KİV-lərinin əl atdıqları çirkin üsullardan hiddətləndiklərini bildirir və jurnalist etikasına məhəl qoymayaraq, uydurma informasiya qaynaqlarına istinadla yalan xəbərlər yayan böhtançıları cəzalandırmağa çağırırlar.
Moskvadakı “Azərbaycan” cəmiyyətinin sədri Oqtay Hüseynov demişdir ki, Rusiya azərbaycanlıları ölkəmizdə vəziyyəti diqqətlə izləyirlər. Rusiyada yaşayan həmvətənlərimiz, o cümlədən “Azərbaycan” cəmiyyətinin üzvləri təəssüflənirlər ki, respublikada seçkiqabağı mübarizə müxalifətin təqsiri üzündən xoşagəlməz xarakter almışdır. Müxalifət ən çirkin siyasi texnologiyalara, qadağan edilmiş mübarizə metodlarına əl atmaqdan çəkinmir, adicə əxlq kodeksini unudur. Təəssüflə qeyd etmək lazım gəlir ki, bu iyrənc “çarpışma”nın iştirakçıları qanunları, milli şərəf və ləyaqəti yaddan çıxarmışlar. Son vaxtlar müxalifət mətbuatını oxuduqda xalqımızın mentalitetinə yad olan həyasızlığa məəttəl qalmaya bilmirsən. Rusiyadakı Azərbaycan diasporunun fikrincə, ölkə Prezidentinə qarşı bu böhtan kampaniyasına son qoyulmalı və müvafiq orqanlar müxalifət KİV-lərinin aşkar yalanına və vicdansız böhtanına qiymət verməlidirlər.
Oqtay Hüseynov demişdir: “Zənnimcə, Azərbaycan Prezidenti Heydər Əliyevin Vətən qarşısında xidmətlərini xatırlatmağa ehtiyac yoxdur. Əminəm ki, qarşıdakı prezident seçkilərində məhz o qalib gələcəkdir. Hər halda, inamla deyə bilərəm ki, Rusiyada yaşayan azərbaycanlıların əksəriyyəti məhz Heydər Əliyevə səs verəcəkdir”.