MƏDƏNİYYƏT
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində diplomat, şair Aleksandr Qladkovun yaradıcılıq gecəsi keçirilmişdir
Bakı, 14 mart (AZƏRTAC). Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) diplomat, şair, Rusiyanın Azərbaycandakı səfirliyinin baş müşaviri Aleksandr Qladkovun yaradıcılıq gecəsi keçirilmişdir.
RİMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə diplomatik missiyaların təmsilçiləri, Bakı şəhərinin yaradıcı ziyalılarının nümayəndələri, jurnalistlər iştirak etmişlər.
“Rossotrudniçestvo”nun Bakı nümayəndəliyinin rəhbəri V.Denisov qonaqları salamlayaraq bildirmişdir ki, sovet və Rusiya diplomatiyası tarixində bir çox yaradıcı insanlar diplomatik korpusa gəlmişlər.
A.Qladkov iştirakçılara təşəkkür edərək demişdir ki, lirik janrda yazdığına görə onun ənənəvi yaradıcılıq gecələri 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuşdur. Bu tədbirlər Rusiyanın müxtəlif meydançalarında və xaricdə keçirilmişdir.
Gecədə müxtəlif vaxtlarda və müxtəlif üslublarda yazılmış şeirlər səslənmişdir.
Zalda şairin həyat yoldaşı - Rusiya Rəssamlar İttifaqının üzvü Olqa Qladkovanın Bakıda olarkən çəkdiyi şəkillər nümayiş etdirilmişdir.