MƏDƏNİYYƏT
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində “From Russia” ekspedisiyasının iştirakçıları ilə görüş keçirilmişdir
Bakı, 22 iyun (AZƏRTAC). İyunun 22-də Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) tanınmış jurnalist, səyyah, fotoqraf, Rus Coğrafiya Cəmiyyətinin üzvü, “National Geographic” jurnalının müxbiri Vlad Minin başda olmaqla “From Russia” ekspedisiyasının iştirakçıları ilə görüş keçirilmişdir.
RİMM-in mətbuat xidmətində AZƏRTAC-a bildirmişlər ki, “Performance Cars DEVOLRO” şirkətinin sponsorluğu, “WILDWILD” şirkətinin və “Rossotrudniçestvo” agentliyinin təşkilati dəstəyi ilə keçirilən avtoekspedisiyanın marşrutu Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrindən keçir.
Sərgi salonunda açılmış “Rusiyaya pəncərə” fotoekspozisiyası Rusiyanın müxtəlif regionlarının gözəlliklərini əks etdirir. Təqdimat çərçivəsində “Novosibirsk adaları” sənədli filmi göstərilmişdir.
Fotosərgi və Rusiyanın coğrafiyası haqqında filmlər ekspedisiyanın iştirakçıları tərəfindən RİMM-ə hədiyyə verilmişdir.
Görüşün qonaqları - gənclərin nümayəndələri, həmvətənlər V.Mininin Rusiyaya və xarici ölkələrə səyahətləri, “From Russia” ekspedisiyasının gedişi barədə söhbətlərini maraqla dinləmişlər.