ELM VƏ TƏHSİL
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində rus dili olimpiadası başlanmışdır
Bakı, 1 mart (AZƏRTAC). Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda tədrisin Azərbaycan dilində aparıldığı və rus dilinin dərindən öyrənilməsi üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinin pilot layihəsinin iştirakçısı olan məktəblərin şagirdləri üçün rus dili və ədəbiyyatı olimpiadasının açılışı olmuşdur.
RİMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Ətraf Mühitin Mühafizəsi İlinə həsr olunmuş olimpiada Rossotrudniçestvonun nümayəndəliyi və Rusiyanın Azərbaycandakı səfirliyi tərəfindən Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyasının iştirakı və Azərbaycan Təhsil Nazirliyinin köməyi ilə təşkil edilmişdir.
Olimpiadanın açılışı mərasimində Rossotrudniçestvo nümayəndəliyinin rəhbəri Ənvər Şeyxov, Azərbaycan Təhsil Nazirliyinin baş məsləhətçisi Sevil Məmmədova və Azərbaycan Təhsil Nazirliyinin məsləhətçisi Natiq Əliyev çıxış edərək məktəblilərin rus dili biliyi səviyyəsini və ümumi savadını artırmaq üçün tədbirlər keçirilməsinin əhəmiyyətli olduğunu bildirmişlər.
Rus dili və ədəbiyyatını yaxşı bilən 100 nəfərdən çox 6-8-ci sinif şagirdlərinin iştirak etdikləri olimpiada iki mərhələdə - yazılı və şifahi mərhələlərdə keçirilmişdir.
RİMM-in Rus Dili Tədris-Metodika Mərkəzi tərəfindən işlənib hazırlanmış testlər formasında olan tapşırıqlar iştirakçılardan rus dili və ədəbiyyatı üzrə yaxşı bilik tələb edirdi. Məktəblilər həmçinin “Gənc natiq” müsabiqəsində iştirak etmişlər.
Şagirdlərin natiqlik bacarığı nüfuzlu münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir. Münsiflər heyətinə filoloq, “Sodrujestvo” ədəbi birliyinin rəhbəri Raisa Abdullayeva, filoloq, şair Qalina Şlepina, pedaqoq və şair Gennadi Salayev daxil idi.
Müsabiqədə məktəb şagirdlərinin əksəriyyəti nəinki rus dili sahəsində dərin biliklərə malik olduğunu göstərmiş, həmçinin natiqlik sənətinə yaxşı yiyələndiklərini nümayiş etdirmişlər.
Olimpiadanın keçirilməsindən məqsəd Azərbaycanın orta ümumtəhsil məktəblərində şagirdlərin rus dili və ədəbiyyatının öyrənilməsinə marağının artırılmasına, müxtəlif dərsdənkənar iş formalarının gücləndirilməsinə kömək göstərməkdir.