ELM VƏ TƏHSİL
Rusiya İstintaq Komitəsinin sədri Bakı Dövlət Universitetində olub
Bakı, 16 oktyabr, AZƏRTAC
Oktyabrın 16-da Rusiya Federasiyasının İstintaq Komitəsinin sədri, ədliyyə general-polkovniki, Rusiyanın “Əməkdar hüquqşünası”, professor Aleksandr Bastrıkinin Bakı Dövlət Universitetinin professor-müəllim və tələbə heyəti ilə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, rektor akademik Abel Məhərrəmov A.Bastrıkinin yenidən BDU-ya gəlişini yüksək qiymətləndirib, bu görüşün universitet kollektivi, xüsusən tələbələr üçün əhəmiyyətli olacağını bildirib.
Rektor Rusiya İstintaq Komitəsinin sədri A.Bastrıkin və Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov tərəfindən imzalanmış Əməkdaşlıq haqqında sazişdən danışaraq bunun ölkələrarası münasibətlərin daha da möhkəmlənməsinə əhəmiyyətli təsir edəcəyini bildirib.
Rektor professor A.Bastrıkinin 120-dən artıq elmi əsərin müəllifi olduğunu və təcrübəsini tədbirdə iştirak edən gənclər və tələbələrlə bölüşməsinin faydalı olacağına əminliyini ifadə edib.
Daha sonra qonağın əvvəlki illərdə BDU-da olduğunu əks etdirən qısa videoçarx nümayiş etdirilib.
Hüquq fakültəsinin kriminalistika kafedrasının müdiri, professor Kamil Səlimov A.Bastrıkinin tərcümeyi-halı, ictimai-siyasi fəaliyyəti ilə bağlı çıxış edib.
Sonra A.Bastrıkin “Rusiya Federasiyası İstintaq Komitəsinin müasir mərhələdə fəaliyyəti haqqında: əsas suallar, problemlər və onların həlli yolları. Beynəlxalq əməkdaşlıq. Hüquqi şəxslərin cinayət məsuliyyəti daşıması” mövzusunda məruzə edib, hüquq fakültəsinin tələbələri və müəllimlərinin çoxsaylı suallarını cavablandırıb.
Sonda A.Bastrıkin Abel Məhərrəmovu Rusiya Federasiyası İstintaq Komitəsinin xatirə medalı ilə təltif edib.