SİYASƏT
RUSİYA SƏFİRLİYİNDƏ QƏBUL
Böyük Vətən müharibəsində Qələbə günü münasibətilə Rusiyanın Azərbaycandakı səfirliyi bir sıra yəhudi təşkilatları ilə birlikdə qəbul təşkil etmişdir. Qəbula müharibə veteranları da dəvət olunmuşdular.
Rusiya Federasiyasının Bakıdakı səfiri Nikolay Ryabov tədbiri açaraq, veteranları Qələbənin 57-ci ildönümü münasibətilə təbrik edərək dedi ki, faşist Almaniyasının darmadağın olunmasında bir çox ölkələr iştirak etsə də, qələbənin qazanılmasında Sovet İttifaqı başlıca rol oynamışdır. SSRİ xalqları böyük qurbanlar bahasına əldə olunmuş tarixi qələbəyə danılmaz töhfə vermişlər. Bu müharibə on milyonlarla insanın həyatına son qoymuş, bütün Avropa və Asiyanın bir hissəsi xarabalığa çevrilmişdi. O ağrılı-acılı illərdə elə bir sovet ailəsi tapılmazdı ki, bu dəhşətli faciədən əzab-əziyyət çəkməmiş olsun. Yerlə-yeksan olunmuş şəhərləri, kəndləri, müəssisələləri sonralar müharibənin bütün ağrılıqlarına sinə gərmiş insanlar bərpa etdilər.
Səfir Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Böyük Vətən müharibəsində Qələbənin 57-ri ildönümü münasibətilə Azərbaycan Prezidenti Heydər Əliyevə və veteranlara ünvanlanmış məktubunu oxudu.
Sonra dini konfessiyaların rəhbərləri - Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam hacı Allahşükür Paşazadə, rus pravoslav kilsəsinin Bakı və Xəzəryanı bölgə yeparxiyasının başçısı Aleksandr ata, dağ yəhudiləri dini icmasının rəhbəri Semyon İxiilov çıxış edərək bildirdilər ki, müxtəlif dinlərə etiqad bəsləyən insanlar müharibə illərində öz ümumi Vətəninin azadlığı uğrunda çiyin-çiyinə vuruşurdular, onların bu birliyi xalqın yenilməzliyinin rəhni olmuşdur. Avropa yəhudiləri dini icmasının xaxamı müharibədə həlak olanların ruhuna dua oxudu.
Rəsmi hissədən sonra bayram konserti oldu.